01 avqust 2023
258

Gəncədə icra hakimiyyəti QOÇULUQ EDİR...

 




Gəncə sakini Rövşən Ağamirov deyir ki, şəhərdə 6 nəfərlik ailəsilə birlikdə yaşadığı evi zorla söküblər. 1996-cı ildə aldığı evin onun mülkiyyətində olduğunu təsdiqləyən bütün sənəd-sübutlar da var. Onun sözlərinə görə, üstündən 11 il keçməsinə baxmayaraq, əmlakının dağıdılmasına görə ona dəymiş ziyan ödənilməyib.

“Dedilər ki, istəsək də, istəməsək də söküləcək…”

Ağamirovlar ailəsinə məxsus ev Gəncənin Nizami küçəsində – hava limanına gedən yolun üstündə yerləşib. Həmin ərəfədə hava limanına gedən yolun genişləndirilməsinə qərar verilib.

“2012-ci ilin aprelində gəldilər, heç bir sənəd təqdim eləmədilər. Dedilər ki, istəsək də, istəməsək də, ev söküləcək. Əvəzində şəhərdən kənarda 4 sot torpaq sahəsi təklif elədilər. Həmin adamlar növbəti gün gəlib evin sənədlərini istədilər. Kobud danışırdılar…”, – Rövşən Ağamirovun sözləridir.

Bundan sonra Rövşən Ağamirovun həyat yoldaşı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qəbuluna gedib ki, söküntünün qarşısının alınmasından ötrü ondan kömək istəsin. Lakin icra başçısının qəbuluna düşə bilməyib. İcra hakimiyyətinin əməkdaşları isə ona tövsiyə ediblər ki, ona təklif olunan torpaq sahəsini götürüb, razılıq versin.

“Qazı, işığı kəsdilər, şəraitimizi pisləşdirdilər ki, könüllü çıxaq”

Həmin ərəfədə Nizami küçəsində söküntü prosesi gedirmiş:

“Bizim qazımızı, işığımızı kəsdilər, şəraitimizi pisləşdirdilər ki, könüllü razılaşaq. Məcbur olub evdən çıxdıq, amma razılıq vermədik. Bir də xəbər tutduq ki, evin bir hissəsini – eyvanı, həyətdəki hamam-tualeti, hasarı söküblər. Evin qarşısına divar hörüblər…”.

Əmlak sahibi Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, ona dəymiş ziyanın əvəzində kompensasiya tələb edib. Lakin onun ərizəsinə cavab verilməyib.

Elmar Vəliyev icra başçısı olduğu dövrdə Rövşən Ağamirov məhkəməyə müraciət etsə də, onun iddiası mümkün sayılmayıb – baxılmaqdan imtina olunub. Bu üzdən 2021-ci ildə o, yenidən məhkəməyə üz tutub. Bu dəfə maddi ziyana görə 100 min, mənəvi ziyana görə isə 30 min manat kompensasiya tələb edib. Gəncə İnzibati Məhkəməsinin qərarıyla 53 min manat kompensasiya təyin edilib – maddi ziyana görə 52 min, mənəvi ziyana görə də 1000 manat təzminat müəyyənləşdirilib.