20 iyul 2023
198

Beyinləri POZub, milyonları QAZANırlar... - FAKT BUDUR!

Beyinləri POZub, milyonları QAZANırlar...
“Azərlotereya”nın satışdan gəlirləri ötən ilə nisbətən 487% artaraq 258,2 milyon manat təşkil edib…
Bəs lotereyadan qazanan insanların gəliri nə qədər artıb..?
Adına lotereya fəaliyyəti, idman mərc oyunları deyilən sahə bütün zamanlarda olub. Hətta yaşlı nəslin yaxşı yadında olar, o zamankı lotereyalar, istiqrazlar və s. Amma bütün hallarda bu sahə ciddi nəzarət altında olmalıdır. Çünki əsas məsələ satışdan gələn qazancın neçə faizinin uduşa buraxılmasıdır və digər məsələlərə də ciddi, şəffaf komissiya nəzarət etməlidir. Görəsən, Azərbaycanda lotereya fəaliyyəti sahəsində belə şəffaf, ciddi komissiya varmı..?
Məlumat üçün qeyd edək ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan Azərlotereya Açıq Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətinin daha da gücləndirilməsi məqsədi ilə 23 noyabr 2001-ci ildə yaradılıb. Və Azərlotereya ASC-yə nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.
Detallara varmadan onu da qeyd edək ki, sonrakı dönəmdə, daha dəqiq desək... 2021-ci ildə "Azərlotereya" ASC Türkiyənin "Demirören Şans Oyunları Yatırımları A. Ş." şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B. V." şirkətinə idarəetməyə verilmişdir. Və əvvəl “Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu olub, hal-hazırda isə Osman Karakuşdur. Və neçə illərdir ki, “Azərlotoreya" ASC tərəfindən "5/36", "6/40", "4+4" tirajlı lotoreyaları və "Qızıl", "Şans ulduzu", "Brilliant" ani lotereyaları təşkil olunur. Amma, bir media olaraq bizi narahat edən məsələ odur ki, bu gün bütün metro çıxışlarında, avtobus dayanacaqlarında, şəhərin ən gur yerlərində POZ-QAZAN şüarı ilə hərə qabağına bir dəmir yeşik qoyub ( Rəfael Allahverdiyevin Bakı Şəhər Meriyasının rəhbərliyi dövründə olduğu kimi ) lotereya satır, orada apardığımız müşahidə zamanı görmüşük ki, udanların sayı çox azdır, nadir hallarda 5-10 manat olur. Və 1 manat verib lotereya satanların sifətinə, üst-başına fikir verəndə görmək olur ki, bura gələnlərin çoxu kasıb, imkansız, məzlum şəxslərdir, bəlkə də sonuncu 1 manatını verib nəsə qazanmaq istəyir...
Biz lotereyanın, idman mərc oyunlarının əleyhinə deyilik, amma milləti kütləvi şəkildə belə ziyanlı məsələyə yoluxdurmaq sonda yaxşı heç nə vəd etmir.
Təsəvvür edirsiniz, bu lotereya satanların əlindən şəhərdə yerimək olmur. Türk qardaşlarımıza demək lazımdır ki, bunun bir mədəni formasını tapmaq lazımdır... Digər tərəfdən, hər dəfə oyundan sonra guya kiminsə 500000 manat udduğu qeyd olunur. Amma sosial şəbəkələrdə bütün bunların yalan olduğu bildirilir, hətta “Azərlotereya”nı dələduz müəssisə adlandırırlar.
Başqa bir paytaxt sakini “Azərlotereya”dan 25 min manat udduğunu, lakin sözügedən məbləğin dələduzluq yolu ilə satıcı tərəfindən ələ keçirildiyini yazır, hətta polisə şikayət etsə də nəticə olmayıb. “Azərlotereya” ilə bağlı belə mənfi, neqativ fikirlər kifayət qədərdir.
İndi isə keçək “Azərlotereya”nın özünün açıqladığı rəsmi məlumata, daha dəqiq desək, maliyyə hesabatına: 2022-ci ildə “Azərlotereya”nın satışdan gəlirləri ötən ilə nisbətən 487 % artaraq 258,2 milyon manat təşkil edib.
Təsəvvür edirsiniz, 487 FAİZ... Ortaya sual çıxır ki, bəs lotereya alan o məzlum insanların uduşları nə qədər artıb..? Bax, əsas məsələ budur....
Ardı var...
//gundelik-baku.com//