11 iyul 2023
172

Qanunla notariuslar da ləğv olunub... onun vəzifəsi də... - İLGİNC FAKTLAR

Qanunla notariuslar da ləğv olunub... onun vəzifəsi də... - İLGİNC FAKTLAR
Tarix: Bu gün, 09:39 | Çap et
Qanunla notariuslar da ləğv olunub... onun vəzifəsi də...
Ötən yazımızda Dövlət Notariusları və onların rəhbərləri haqqında reportaj hazırlamışdıq. Biz elə bilirdik ki, bu sahədə baş verən özbaşınalıqlardan, bu notariusa rəhbərlik edən şəxslərin xəbəri yoxdur. Hətta, yazıda Ədliyyə Nazirliyinin bu məsələyə cavabdeh olan şəxslərinə müraciət də olunmuşdur. "Biz inanırıq ki, Ədliyyə Naziri cənab Fikrət Məmmədov, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanov bu məsələlərə ciddi yanaşaraq, bütün günahkarların cəzalandırılması üçün müvafiq addımlar atacaqlar. Zərərçəkmişin hüquqları tam müdafiə olunacaq".
Sən demə, hər bir notarius gördüyü qeyri-qanuni işə görə, özündən yuxarı rəhbərliyə hesabat verir. Bu hesabatlarda görüləcək işlərin miqyası bildirilir, həm də o da açıq-aşkar göstərilir ki, hansı əməliyyat aparılacaq.
Ötən yazımızda onu da bildirmişdik ki, Binədə yerləşən 31 saylı Dövlət Notariusun rəisi Ramiz Hümmətovla Yevlax şəhərində yerləşən Dövlət Notariusunun rəhbəri Elxan Hüseynovun arasında əvvəlcədən razılaşma olub və bu şəxslər gecə saatlarında xaricdə yaşayan, Azərbaycanda olmayan vətəndaşın adına etibarnamə veriblər. Onu da bildirmişdik ki, bu məsələ Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi İlqar Məmmədov və Mehman Soltanovun nəzarətində olacaq və araşdırılacaq. Ötən yazımızda da bildirmişdik ki, Ramiz Hümmətov və Elxan Hüseynov Ədliyyə Nazirliyində kimlərəsə arxayın olmasalar, belə qeyri-qanuni işlərə imza atmazlar.
Bəli, ötən yazımızda Ramiz Hümmətovun gördüyü qeyri-qanuni işlər haqqında məlumat vermişdik. Onu da bildirmişdik ki, Ramiz Hümmətov, Məmmədli qəsəbəsində qeyri-qanuni yolla əldə etdiyi geniş torpaq sahəsində saldığı fərdi yaşayış evləri kompleksini qəsəbədə icra nümayəndəsinin müavini vəzifəsində işləyən qardaşı oğlu İlkin Hümmətovun adına rəsmiləşdirib. Hələ bunlar harasıdır ? Ramiz Hümmətovun elə əməlləri var ki, oxuyanda adam dəhşətə gəlir. Bu adam vətəndaşın adına olan qanuni avtomobili onun razılığı və imzası olmadan başqasına satıb. Bu əsl möcüzədir.
Bəli, bu saxtakarlıq əməli 31 saylı notariat kontorunun rəhbəri Ramiz Hümmətovun əli ilə həyata keçirilib. Və 31 saylı notariusda avtomobilin alqı-satqısı baş tutub.
İndi gördünüzmü, Ramiz Hümmətov kimilər üçün Azərbaycan qanunları nədir?
Ramiz Hümmətovun gördüyü qeyri-qanuni işlərlə bağlı dünyanın bütün mirzələrini yığıb siyahı hazırlatsaq belə, ona vaxtımız çatmaz.
Ötən yazımızda Suliyeva Nabatın Azərbaycan Respublikası Bakı şəhəri, Nazim Hikmət küçəsi ev 32, mənzil 2-də yaşadığını bildirmişdik. Həm də Suliyeva Nabat Muğan bankda öz adına 100 min manat vəsait qoyduğunu da göstərmişdik. Xaricdə yaşaması ilə əlaqədar olaraq, Nabat xanım öz adından nəvəsi kimi çox istədiyi bir şəxsə etibarnamə də verir. Bu şəxs Nabat xanım üçün həmişə dəyərli və istəkli olaraq qalır. Nabat xanımın həmin şəxsə verdiyi etibarnamə qüvvədə ola-ola nədənsə birdən-birə 31 saylı Notariusun rəisi Ramiz Hümmətov peyda olur. Sonradan necə ola bilər ki, Nabat xanımın başqa bir adama etibarnamə verdiyi bir halda Ramiz Hümmətovun vasitəçiliyi ilə etibarnaməsi olan şəxs axtarılır, Ramiz Hümmətov vəzifəsindən sui istifadə edərək, həmin etibarnaməsi olan şəxsin şəxsi məlumatlarını qeyri-qanuni olaraq, sistemdən əldə edir, hələ bu da azmış kimi həmin şəxslə telefon əlaqəsi yaradaraq, onun başqasına etibarnamə verməsini tələb edir. Gördükdə ki, həmin şəxs bu məsələdən imtina edir, Ramiz Hümmətov işi həmin şəxssiz qeyri-qanuni həyata keçirərək, xarici ölkədə olan Suliyeva Nabatın adından başqa şəxsə etibarnamə yazır. Məsələnin ciddiliyini bax burada nəzərə almaq lazımdır.
09.06.2023-cü ildə gecə saat 23.59-da, Suliyeva Nabatın adından, Hacıyev soyadlı bir şəxsə etibarnamə verilir. Gecə saat 23.59-da, xarici ölkədə yaşayan Suliyeva Nabatın adından verilən etibarnamə, elə həmin saniyə də də sistemə daxil olur, həmin sənəd sistemə daxil olan kimi də təsdiq edilir. Budur, Binə 31 saylı Dövlət Notariusunun rəhbəri Ramiz Hümmətovla, Yevlax rayon Notariusunun rəisi Elxan Hüseynovun qanunsuz əməlləri.
Qeyd edək ki, 81 yaşlı hal-hazırda xarici ölkədə yaşayan Suliyeva Nabat heç bir Mobil Notariat Proqramından istifadə edə bilmir, onunla qanunsuz olaraq, Whatsapp vasitəsilə əlaqə saxlanılıb. Etibarnaməsi olan şəxs isə etibarnamə əlində qalaraq gözləyir. Yevlax rayon notariusu işləyən Hüseynov Elxan İlyas oğlu da Ramiz Hümmətovla bu işdə birgə saxtakarlıq ediblər. İncə məqamlardan biri də odur ki, 31 saylı notariusun rəisi etibarnaməsi olan şəxsə zəng vuraraq, hətta rüşvət də təklif edib. Ramiz Hümbətovun əlimizdə olan səs yazısı bütün məsələlərə aydınlıq gətirmək üçün sübutdur. Muğan bankdan 100 min manat pulun qeyri-qanuni yolla çıxarılmasında əli olan bütün şəxslərin məsuliyyətə cəlb olunması üçün əlimizdən gələni edəcəyik.
Bəli, ötən yazımızda biz qeyd etmişdik ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsinin rəisi İlqar Məmmədov, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanov bu məsələlərə ciddi yanaşacaq. Sən demə, Mehman Soltanov həm Ramiz Hümmətovu, həm də Elxan Hüseynovu ciddi cəhdlə müdafiə edir. Mehman Soltanovun bu məsələdə nə üçün belə canfəşanlıq etməsi bizim üçün qaranlıq qalan məsələlərdəndir. Bəlkə də burada Gürcüstanda yerləşən "Kazino söhbətləri" rol oynayır. Amma bu gün Ədliyyə Nazirliyi ilə bağlı cənab Prezidentimiz tərəfindən verilən sərəncam Mehman Soltanovlara bir xəbərdarlıq mesajı olmalıdır. Bu haqda növbəti yazımızda.
//gundelik-baku.com//



DİA.AZ-dan ZƏRURİ QEYD: Xatırladaq ki, hələ 2019-cu ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

DİA.AZ xatırladır ki, fərmana əsasən Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2012-ci il 5 sentyabr tarixli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Sözügedən fərmanda siyahıda qeyd olunan xidmət sahələrinin ən diqqətçəkəni notariat fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət də “Asan Xidmət”ə verilir.

Bu isə o demək idi ki, ölkədə fəaliyyət göstərən notariat kontorları rəsmən ləğv olunur.

Xatırladaq ki, həmin dönəmdə Ədliyyə Nazirliyi də rəssmi qaydada bu məsləyə izah vermişdi.

Bildirilmişdi ki, fərmanda da qeyd olunduğu kimi, bu xidmətlər Bakı şəhəri və “Asan Xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində tətbiq ediləcək. Bu da o deməkdir ki, məsələn, Kürdəmir rayonunda “Asan Xidmət”yoxdursa, orada notariat kontorlarının fəaliyyəti davam edəcək.

Amma görünəni odur ki, bu gün Bakıda notariat kantorları ASAN xidmət olmayan bölgələrdə olduğu kimi fəaliyyət göstərir... Bu işdə isə hörmətli ədliyyə bosslarının nüfuzu aydın şəkildə görünməkdədir...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...