15 iyul 2023
222

Xankəndi aksiyalarının arxasında Rusiya dayanır - FAKT BUDUR!

Xankəndi aksiyalarının arxasında Rusiya dayanır
Dünən Xankəndidə separatçıların təşkilatçılığı ilə aksiya keçirilib. Aksiya həm də, guya, anti-Rusiya xarakteri daşıyıb. Qondarma rejimin “dövlət katibi” Qurgen Nersisyan mitinqin əsas aparıcısı olub. Aksiya iştirakçıları rus sülhməramlıların Xocalıda yerləşən mənzil-qərargahı önünə də "baş çəkiblər". İddialara görə, aksiya hər gün davam edəcək. Aksiya iştirakçıları iddia ediblər ki, guya, 120 min erməni icması təhlükə altındadır. Bildiriblər ki, qısa müddətdə bütün qida ehtiyatı tükənib, mağazalar boşalıb, insanlar aclıqla üz-üzə qalıblar və s. Mitinq edənlər guya bu “humanitar fəlakətə” qarşı çıxıblar. Əvvəla, Xankəndidə “blokada” səbəbindən insanların aclıqla üz-üzə qalması cəfəngiyyatdır. Bunu Xankəndidəki sosial şəbəkə istifadəçilərinin paylaşımları da sübut edir. Üstəlik, Azərbaycan Ağdamdan istənilən məhsulu almaq üçün təklif verib. Xankəndidən İrəvana 323 km, Xankəndidən Ağdama isə cəmi 36 km-dir. Digər yandan, Xankəndi və ətrafında 120 min erməni yaşamır. Bu, yalan statistikadır. Bəzi ekspertlərin fikrincə, Xankəndidə baş verənlər 1988-ci il hadisələrinin təkrarıdır və ermənilər hələ də hesab edirlər ki, 35 il öncə etdikləri kimi, eyni addımla istədiklərinə nail ola biləcəklər. Brüssel görüşü ərəfəsində separatçıların bu addımı danışıqların əvvəlcədən pozulmasına hesablanıb.

Yenimeydan.info-nun məlumatına görə, Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a bildirib ki, Xankəndi aksiyalarının arxasında Rusiya dayanır. Partiya sədrinin sözlərinə görə, Qarabağdakı separatçıların, terrorçuların əksəriyyəti Rusiyanın adamlarıdır: "Moskva yenə oyun oynayır, Brüssel görüşü öncəsi tərəflər arasında, bölgədə gərginlik yaratmağa çalışır. Separatçılar birbaşa Kremlin təlimatlarını həyata keçirirlər. Bu, yeni deyil. 30 il ərzində Qarabağdakı qondarma rejimin təmsilçiləri bütün addımlarını Moskvanın tapşırıqlarına uyğun atıblar. Saxta rejimə "rəhbər" təyin olunmuş şəxsləri də Rusiya müəyyənləşdirirdi. Həmin xətt hələ də davam edir. Sülhməramlılarla bağlı yayılan xəbərlər də sübut edir ki, Rusiya separatçıları himayə edir, silah-sursat verir, onlara "yol göstərir". Əfsuslar olsun ki, ermənilər öz sarsaq hərəkətlərindən, xəyanətlərindən, düşmənçiliklərindən əl çəkmək istəmirlər. Yaşanmış hadisələrdən, verilən dərslərdən ibrət almırlar. Bir ovuc tör-töküntü hansı "xalq hərəkatı"ndan danışırlar?! Tutaq ki, Brüsseldə, lap ondan sonrakı bir neçə görüşdə nəticə olmadı. Bəs, sonra nə olacaq, kim ziyan görəcək? Əlbəttə ki, ermənilər özləri. Gec-tez sülh müqaviləsi də imzalanacaq və İrəvan Bakının şərtlərini qəbul etmək məcburiyyətində qalacaq. Təzyiq göstərməklə məqsədlərimizə çatacağıq. Rusiya da istəklərinə nail ola bilməyəcək. Ermənistan rəsmilərinin ABŞ-yə səfəri və aparılan müzakirələr də göstərir ki, Vaşinqton sülh müqaviləsinin imzalanmasında maraqlıdır və İrəvana çağırış edir".