14 aprel 2023
199

“Şərq Bazarı” ilə bağlı qalmaqal - 11 aydır pullar ödənilmir

serq-bazari-ile-bagli-qalmaqal

“Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olan “6-cı Mərtəbə” şirkətinin subpodratçıların pulunu ödəmədiyi iddia olunur.
Yenimeydan.info xəbər verir ki, bu barədə bazarın bərpasında iştirak etmiş subpodratçı şirkətlərv - “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC tərəfindən keçirilən mətbuat konfransında bildirilib.
Qeyd edilib ki, “6-cı Mərtəbə” şirkətinin rəhbəri Yunis Nəbiyev və şirkətin sahibi Atəş Təhməzov bazarın açılışından 11 ay keçməsinə baxmayaraq, müqavilə öhdəliklərini yerinə yetirmir.
“MV Group”un layihə rəhbəri Fatih Turan konfransda bildirib ki, qarşı tərəflə 30 dəfə görüşsələr də, ortaq məxrəcə gələ bilməyiblər: “Layihədə ciddi gecikmələr oldu. Metal konstruksiya işlərini görən digər şirkət və “6-cı Mərtəbə” şirkətindən qaynaqlanan problemə görə 9 ay sürüşmə yarandı. Nəticədə biz də ödənişlərimiz ala bilmədik. Müqavilə müddətinin bitməsindən 2 ay keçəndən sonra hələ avans məbləğini bizə vermişdilər. 9 ay müddətində doğru-düzgün iş görülmədiyi halda hər kəs bu şirkət tərəfindən məcburi iş yerində gözlədilirdi. Kadrlara görə əlavə pul alırdı deyə bizim işçiləri də öz kadrı kimi göstərirdi. 
Bir müddət 24 saatlıq iş rejimində çalışdıq. 7 ay ərzində görülməli olan işi 3 aya gördük. Təsəvvür edin ki, eyni vaxtda görülməsi mümkün olmayan işlər bərabər aparılırdı. Məsələn, dam örtüyü vurulmamış yerdə malyar, mexaniki-elektrik işləri görülürdü. Yağış yağırdı və yenidən biz eyni işləri görürdük. “6-cı Mərtəbə” şirkətinin rəhbəri Atəş Təhməzli isə bunların qarşılığının olacağını deyirdi. Sifarişçidən tələb edəcəyini bildirirdi. Sifarişçi nəzərə alıb onlara pul ödəsə də, bizə heç nə çatmadı.