09 fevral 2023
204

“Sənədsiz evlərlə bağlı ilkin konsepsiya sənədi hazırlanıb - AÇIQLAMA

“Sənədsiz evlərlə bağlı ilkin konsepsiya sənədi hazırlanıb.
Özbaşına tikililərin tənzimlənməsi müxtəlif dövlət qurumlarının səlahiyyətlərinə aid kompleks tədbirləri zəruri edir. Burada mülkiyyət hüququnun yaranması və qorunması, torpaqlardan istifadə, şəhərsalma qaydaları, tikintinin təhlükəsizliyi tələblərinə əməl edilməsi kimi aspektlər mövcuddur. Müzakirələrdən sonra məsələlərin hansı ardıcıllıqla öz həllini tapacağını demək olar. Hazırda qanuniləşdirilməsi ən asan olan evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərdir. Burada yalnız söhbət torpağın kateqoriyasının dəyişdirilməsindən gedir”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova deyib. Qeyd edək ki, kadastr məlumatlarına əsasən, ölkə üzrə qeydiyyata alınmamış tikililərin sayı təqribən 450 min təşkil edir. Bunun təxminən 400 mindən çoxu Bakı və Abşeron yarımadasının payına düşür. Artıq uzun müddətdir ki, həmin evlərə sənədlərin verilməsi müzakirə olunsa da hələ də nəticə yoxdur.

Təhlükəli ərazilər istisna olmaqla, digər ərazilərdəki sənədsiz evlərə “kupça amnistiyası”nın verilməsi mümküdürmü?

Yenimeydan.info-nun məlumatına görə, məsələ ilə bağlı millət vəkili Azər Badamov Cebhe.info-ya bildirdi ki, evlərin sənədləşdirilməsi uzun illər ərzində yığılmış və həllini gözləyən problemdir:

“Bu problemin həll olunması ilə bağlı ölkə başçısının tapşırığı da olub. Pandemiya başlayana qədər müvafiq komissiya sənədsiz evlərin təftiş edilməsi istiqamətində işləri sürətlə aparırdı. Amma pandemiyanın həyatımıza gəlməsi və canlı təmaslara qadağanların tətbiqi aktiv şəkildə başlanmış bu işin dayanmasına səbəb oldu. Bu gün isə pandemiya ilə bağlı tətbiq olunmuş məhdudiyyətlər aradan qalxıb və pandemiyaya qadər başlanmış sənədsiz evlərin təftişi məsələsi yenidən davam etdirilməlidir. Hesab edirəm ki, müvafiq komissiya öz işini bərpa edəcək sənədsiz evlərin təftişini başa çatdırılaraq təhlükəsiz ərazilərdə yerləşməyən evlərin sənədləşdirilməsi prosesinə başlanacaq”.

Millət vəkilinin sözlərinə görə, sənədsiz evlərin əksəriyyəti kənd təsərrüfatı torpaqlarında inşa olunanlardır:

“Düşünürəm ki, insanların illərlərlə yaşadıqları belə evlərin sənədləşdirilməsi üçün torpaqların təyinatının dəyişdirilməsi və sənədləşdirilməsi üçün müvafiq qərar verilməlidir. Vətəndaşların sənədsiz evlərdə yaşaması onların mülkiyyət hüququnun həyata keçirilməməsinə, olduğu yer üzrə qeydiyyata alınmamasına və bələdiyyə büdcələrinə ödəniləcək milyonlarla manat vəsitin yığılmamasına səbəb olur. Ona görə hesab edirəm ki, həmin evlərin sənədləşdirilməsi prosesi qısa bir zamanda həll olunmalıdır”.