30 noyabr 2024
31
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ.
"İnsan psixologiyası çox qəribədir. Tilovla çayda balıq tutmağa gedəndə tilovu daha uzağa – dayandığımız sahildən qarşı sahilə daha yaxın məsafəyə, qarşı sahildə olduqda isə tilovu bu biri sahilə daha yaxın məsafəyə atmağa çalışırıq. Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev mənim onun haqqında yazmağımı, əlbəttə, heç bir halda istəmir. Bununla belə, mən yazılarıma ara verəndə o, özü də istəmədən darıxır, növbəti yazımın intizarında qalır. Mən də bunu nəzərə alaraq onu bu intizardan qurtarmaq istədim..." "DİA-AZ" bildirir ki, bu ironik yanaşmanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir.
O daha sonra bunları əlavə edib: "Azərbaycan Dillər Universitetinin sosial şəbəkələrdə Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kəriminin Konservatoriyanın əməkdaşları və tələbələri ilə ibrətamiz vidalaşma səhnəsinə baxmış əmədaklarının böyük bir qismi bundan təsirlənərək şəhərin bazarlarına, başqa bir qismi isə tikinti meydançalarına üz tutmuşlar. “Qulaq” informasiya agentliyinin müxbiri bazarların birində təsadüfən onların bir neçəsinin satıcılarla danışığının şahidi olmuşdur. Müxbirin sözlərinə görə, Universitetin əməkdaşları bazarda satıcılardan onlara lax və ya çox köhnə yumurta satmasını xahiş edirmiş. Qulaq musafiri olmuş müxbiri bu məsələ çox maraqlandırıb və o, işin mahiyyətini öyrənməyə çalışıb. Məlum olub ki, onlar yumurtaları ADU-nun rektoru Kamal Abdullayevin vəzifəsindən yola salınma mərasimində istifadə edəcəklər. Onlar müxbirə bildiriblər ki, əməkdaşların bir qismi də qara daş tapmaq üçün tikinti meydançalarına gediblər. Aldıqları əmək haqqı imkan vermədiyindən bir qrup müəllim birlikdə pul toplayaraq söyüd ağaçından tabut və qanqal çələngi sifariş verməyi öz öhdəsinə götürərək deyiblər ki, Ancelina Coli kimi dünya şöhrətli aktrisanın ölümündən sonra bütün şüurlu həyatı boyu saxta rollar oynamış Kamal Abdullayevin də onun arxasınca gedəcəyi və Universitetdən yalnız meyidinin çıxacağı daha inandırıcı görünür. Bu məqsədlə həmin müəllimlər ona Bərri-Biyabanda qəbir yeri də alıblar.
Müəllimlərin bu fəaliyyətinə əhəmiyyət verməyən Kamal Abdullayev isə hələ vidalaşmağı düşünmür və bəd əməllərini davam etdirməklə yanaşı, özünü reklam etdirməyi də unutmur. O, kafedra müdirlərinə tapşırıq verib ki, dünya ölkələri arasında ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyəti, beynəlxaq arenada elm adamlarının elmi potensialının ölçülməsi üzrə beynəlxalq reytinq cədvəlini (“AD Scientific Index”) tirajlasınlar. Məqsədi isə büdcəsini taladığı və ağıllı yazı taxtası bir yana, normal adi yazı taxtasının olmadığı Universiteti deyil, əlbəttə, özünü reklam etdirməkdir, çünki orada göstərilir ki, “ADU-nun rektoru akademik Kamal Abdullanın dilçilik və ədəbiyyat sahəsi üzrə H indeksi 17-dir. Kamal Abdulla 454 sitat, 18 məqalə ilə cədvəldə Respublika üzrə I yeri tutur”. Hesab edirəm ki, ondan 454 sitat elə də böyük göstərici deyil, çünki bütün dissertasiyalarda ona istinad edilməsi doktorant və dissertantların müzakirə və müdafiəyə buraxılması üçün əsas şərtlərdən biridir. Bu səbəbdən biçarə doktorant və dissertantlar, Papua dilindən dissertasiya yazsalar belə, onun 3 onillik əvvəl nəşr etdirdiyi və necə bərbad vəziyyətdə olduğu barədə mənim dəfələrlə yazdığım “Azərbaycan dili sintaksisinin nəzəri məsələləri” dərs vəsaitinə istinad etməyə məhkumdurlar. Təəssüf ki, bizim elmimizdə bu mərəz çox geniş yayılıb. Bir neçə il əvvəl doktorantlarımdan birinin dissertasiyasının son variantını oxuyarkən mənim bir əsərimə istinad edildiyini gördüm. Məlum oldu ki, doktorantın istinad etdiyi həmin əsərin onun dissertasiyasının mövzusu ilə əlaqəsi yoxdur. O, mənim də Kamal Abdullayev kimi düşünə biləcəyimdən ehtiyatlanaraq həmin əsərimə istinad etmişdir. İstinadlar edilmiş ədəbiyyatın kodlaşdırıldığı dissertasiyada ədəbiyyatın siyahısında dəyişiklik etmək böyük zəhmət tələb etsə də, həmin istinadı və əsərimi siyahıdan çıxartdırdım. Bunu ona görə yazıram ki, “mənim əsərimə istinad” mərəzi gənc alimlərə ötürülməsin.
Kamal Abdullayevin “reytinq”ini həvəslə paylaşanlardan biri də İngilis dilinin tədrisi metodikası kafedrasının müdiridir. Bir neçə gün əvvəl həmin kafedranın iclasının telefona yazılmış gedişini dinlədim. Mənə elə gəldi ki, iclas (belə demək olarsa) bir universitetdə deyil, hansısa bazarda keçirilir. Bu bazarda məni ADU-dakı vəziyyət, onun rektorunun diplom alverçisi, saxtakar və rüşvətxor olması haqqında yazdığıma görə qınayanlar da tapılıb. Amma kafedranın rüşvətlə attestasiyadan keçməsi baş tutmayıb (görünür, rüşvət yerinə çatmadığından) işdən çıxarılmış, sonra məlum yolla yenidən işə bərpa olunmuş əməkdaşını və rüşvəti alanı qınayan olmayıb. Saat çatışmazlığını bəhanə gətirib müəllimlərin bir qismini aşağı həcmdə şatata keçirmiş, bir qismini isə normadan artıq dərs saatı ilə yükləmiş (sonradan onları götürüb istifadə etmək üçün), bəzi müəllimləri yetim-yesir adlandıran, xarici dildə iki cümləni ardıcıl formalaşdırıb deyə bilməyən müəllimlərə magistraturada dərs saatı verən, savadlı müəllimləri isə magistraturaya yaxın buraxmayan, disserteasiyasında kimin izi göründüyü hamıya yaxşı məlum olan (bunu faktlarla tezliklə göstərəcəyəm), tutduğu vəzifəyə hansı yolla gəldiyini hamının yaxşı bildiyi kafedra müdirini də şiddətlə qınayan olmayıb. Qınayan bir-iki nəfərə isə həmkarları etiraz ediblər, çünki Kamal Abdullayev kimilərin rəhbərlik etdiyi kollektivlərdə yaltaqlıq norma kimi qəbul edilir.
Dissertasiya ilə bağlı bir məsələyə də toxunmaq istərdim.
Peterburqda dissertasiya üzərində işlədiyim vaxtlar mənə hüquq-mühafizə orqanları və məhkəmələrdən tez-tez müraciətlər olur, məndən istintaq altında olan və ya mühakimə edilən azərbyacanlıların yazıları və nitqi ilə bağlı linqvistik ekspertiza aparmağı xahiş edirdilər. O vaxt bu sahədə xeyli təcrübə toplamışdım. Redaktorluq fəaliyyətimdə bu işi bir qədər də təkmilləşdirdim. İndi Kamal Abdullayevin əzizi Coşqun Dadaşovun da, onun elmi rəhbərinin də dissertasiyalarını oxuyuram. Müəyyən ilkin nəticələr artıq vardır. İşin gedişində üslubca yaxın olan başqa bir dissertasiyanın da izinə düşmüşəm.
Coşqun Dadaşov Bülbül adına musiqi məktəbini bitirib. Amma ADU-nun dissertasiyaların müdafiəsi üzrə şurasına təqdim etdiyi tərcümeyi-halında bunu və Universitetdə hansı vəzifələri tutduğuna dair daha bir neçə faktı gizlədib. İxtisaslaşdırılmış müdafiə şurasının briqadiri Azad Məmmədov isə ondan tərcümeyi-halını nə səbəbə saxtalaşdırdığını soruşmayıb. Bülbül adına musiqi məktəbi tanınmış məktəbdir və oranı bitirməyə görə fəxr etmək olar. Görünür, Coşqun Dadaşov bu saxtakarlığı sonralar xanəndə kimi toylara getdiyinə görə Universitetdə “manıs” ləqəbi qazanacağından ehtiyatlanaraq edib.
Dissertasiyasının müdafiəsinə qədər vivaçissimo (ital. vivacissimo ‘çox sürətli’) tempində hərəkət etmiş Coşqun Dadaşov dissertasiyasının 6 aya yaz(dır)ıldığı və bununla bağlı başqa təfərrüatlar məlum olduqdan sonra öz hərəkətlərində artıq adajio (ital. adagio ‘ağır, yavaş’) tempinə keçmişdir. İndi vivaçissimo tempində onun elmi rəhbərinin getdiyi bildirilir. Onların dissertasiyalarının apardığım ekspertizasından gəldiyim müəyyən ilkin nəticələr onu deməyə əsas verir ki, əsərlərinin xeyli hissəsi ideya oğurluğu və plagiatdan ibarət olan rektor Kamal Abdullayevlə birlikdə bu trionun ifasının kadensiyası minor ladında olacaq. Əminəm ki, elmi rəhbəri olduğu doktorantının dissertasiyasına rəy vermək üçün ondan 5000 manat tələb etmiş, bu səbəbən özü “aydan arı, sudan duru” olan Kamal Abdullayevin qəzəbinə tuş gəlmiş, Azərbaycan dili də daxil olmaqla hansı dildə danışdığı anlaşılmayan, mənim əleyhimə yazılan iftiralara imza atdıqdan sonra onun yaxın adamına çevrilmiş bədbəxt Çingiz Qaraşarlı kimilər də bu kadensiyanı xorla müşayiət edəcəklər – Kamal Abdullayevlə vida mərasimində, ya elə, ya belə..."
Oxşar Xəbərlər: