06 noyabr 2024
29

"İranın İsrailə cavab verməsi acı nəticələrə səbəb ola bilər" - deputat

"İranın İsrailə cavab verməsi acı nəticələrə səbəb ola bilər"
İranın İsrailə böyük müharibə elan etməsi çox ağır nəticələrə gətirib çıxara bilər.

Bunu TNS-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Deputat bildirib ki, İran iqtisadi cəhətdən tənəzzülə uğramış bir dövlətdir və müharibə hər bir dövlətin iqtisadiyyatına zərbədir: “Çünki hər bir hücumdan sonra ölkənin hava məkanı qapanır, iqtisadiyyatına ciddi zərbə dəyir, siyasi məsələlərdə geriləmə baş verir. Bu gün atılan hər bir mərmiyə görə dünyada neft siyasətində problem yaranır. Eyni zamanda, tərəfdaş dövlətlərlə səfirliklər səviyyəsində problem olur. İsrail Amerika Birləşmiş Ştatları kimi supergücə məxsus bir dövlətlə tərəfdaş ölkədir. İranın İsrailə cavab verməsi iki ölkə arasında müharibənin başlanması deməkdir. İranın atdığı hər bir mərmi ciddi problem yarada bilər. Ona görə də İranın sülh yolunu seçməsi ən yaxşı addımlardandır. İsrail isə total olaraq, xüsusi xidmət orqanlarından istifadə edərək, hər bir lideri məhv etməyə çalışır. Təbii ki, İran Yaxın Şərqdəki qruplaşmalarla, eyni zamanda onların inhisarında olan "Hizbullah" və ya digər silahlı birləşmələrlə İsrailə təsir etmək imkanına malikdir. Amma dövlətlər səviyyəsində müharibənin aparılması çox acı nəticələrə gətirib çıxara bilər”.