31 oktyabr 2024
36

Talıbovların keçmiş biznes ortağını məhkəməyə verdilər - SƏBƏB

Talıbovların keçmiş biznes ortağını məhkəməyə verdilər
Azərbaycanda beton məmulatlarının, qrunt sularının laboratoriya vasitəsiylə yoxlanılmasını həyata keçirən aparıcı şirkətlərdən biri – “Caspian Testing Services” MMC (VÖEN – 1702682281) “Maqro Construction” MMC-nin Azərbaycandakı Filialına (VÖEN – 1604374251) qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatına verilib.
Məhkəmə iddiası müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə əlaqədar qaldırılıb.
Qeyd edək ki, indiyə kimi 3 dəfə hazırlıq iclası keçirilib. Növbəti məhkəmə baxışı noyabr ayının 17-si tarixinə təyin olunub.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan “Maqro Construction” MMC 2013-cü ildən Gürcüstanda fəaliyyətə başılayan “Maqro Qrup” şirkətinin tərkibində fəaliyyət göstərir. “Maqro Qrup” şirkətinin tərkibində “Maqro Home” və “Maqro Food” şirkətləri də fəaliyyət göstərir.
“Maqro Qrup”un Gürcüstandakı biznesinə “Green Budapest” və “Green Diamond” yaşayış kompleksləri, “Mercure Tbilisi Old Town” və “Ibis Styles Tbilisi Center” otelləri, “Glorya” mebel istehsalı fabriki və “Bellissa” mebel mağazası, “Madamme Coco” ev aksessuarları mağazası və “Dinehall” restoranları daxildir.
Açıqlanan məlumatlarda şirkətin sahibinin Emin Uçar olduğu bildirilir. Türkiyə vətəndaşı olan Emin Uçar daha əvvəl Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”ə rəhbərlik edib.
Vasif Talıbovun istefasından sonra “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq”in də Emin Uçara məxsus olduğu bildirilir.