31 oktyabr 2024
36
“Avropa dövlətləri düşünsünlər ki, öz oturduqları budağı kəsirlər, çünki...” - Elman Nəsirov
COP29 ərəfəsində və tədbir dövründə - dünyanın gözünün ölkəmizdə olduğu dönəmdə Azərbaycana qarşı qərəzli, böhtan dolu hesabatların, qətnamələrin çoxalacağı öncədən gözlənilirdi. Proqnozlar özünü doğruldub və anti-Azərbaycan qüvvələr daha intensiv hərəkətə keçiblər.
Avropa Parlamentinin də məlum qətnaməsi bu qəbildəndir.
“Avropa Parlamentində Azərbaycanı hədəf alan yalan və saxta məlumatlar üzərində qurulan qətnamə qəbul edilib. Milli Məclis anında bu saxta qətnaməyə qarşı öz münasibətini bildirib”.
Bunu parlamentin ötən iclasında spiker Sahibə Qafarova bildirib: “Biz ölkəmizə qarşı irəli sürülən cəfəng iddiaları qətiyyətlə rədd edirik. Hesab edirəm ki, Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə nəinki ölkəmizə qərəzli münasibət nümayiş etdirir, həmçinin dövlətimizin ərazi bütövlüyünə meydan oxuyur. Ermənistan Respublikası 30 il müddətində torpaqlarımızı işğal altında saxlayıb, bir milyon soydaşımızı qaçqın və məcburi köçkünlüyə məhkum edib, xalqımıza qarşı cinayətlər törədib.
Nədənsə o dövrdə beynəlxalq ictimaiyyət susmağa üstünlük vermişdi. Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra isə Avropa Parlamentində Azərbaycanofob, İslamofob, Türkofob qüvvələr nəzakət qaydalarını kənara qoyaraq ölkəmizə qarşı sanki yürüşə çıxıblar. Milli Məclis siyasi əməkdaşlığa daim sadiqdir, lakin ölkəmizə qarşı aqressiv ritorikanı qətiyyətlə rədd edir".
Avroparlamentin ardınca müxtəlif qurumların qərəzli, böhtan dolu açıqlamalarının da gələcəyi istisna edilmir. COP29 hücumunu necə dəf edə bilərik? Hansı addımları atmalıyıq?
Mövzu ilə bağlı millət vəkili Elman Nəsirov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Deputat qeyd edib ki, bu barədə gözləntilər özünü tamamilə doğruldub, proqnozlar təsdiqlənib: “COP29 dünyanın ən nəhəng konfransı, 200-ə yaxın dövlətinin yekdil rəyi ilə Azərbaycan ev sahibliyi edəcəyi bir tədbirdir. Biz fərqindəyik ki, anti-Azərbaycan dairələr belə fürsətləri əldən vermirlər.
Əvvəllər də biz bunu görmüşdük. Belə ki, Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, eləcə də Avroviziya tədbiri zamanı da oxşar ssenari ilə üz-üzə qalmışdıq. Lakin budəfəki təzyiqlərin motivləri bir qədər fərqlidir. Zamanın seçilməsi baxımından burada üst-üstə düşən məqamlar kifayət qədər çoxdur, lakin motivlər fərqlidir. Yəni torpaqlarımız işğal altında olduğu 30 il ərzində də təzyiqlərlə üz-üzə qalırdıq və bu, başqa motivli təzyiqlər idi. Çalışırdılar ki, təzyiq yolu ilə bizi məcbur etsinlər ki, işğal faktı ilə barışaq, münaqişənin dondurulması reallığını qəbul edək, haqq işimizi tələb etməyək, başımız öz problemlərimizə qarışsın. Lakin indi fərqli mənzərə mövcuddur. Azərbaycan dövləti, onun Ali Baş Komandanı İlham Əliyev, yenilməz Ordumuz, Dəmir Yumruğa çevrilmiş xalqımız birlik hesabına tarixi torpaqlarımız üzərində tarixi ədaləti bərpa edir, dövlət suverenliyimiz və ərazi bütövlüyümüz tam qəti və əbədi təmin edilib. Biz həm də beynəlxalq hüququn keşiyində dayanmışıq, onun pozulmasına imkan vermirik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini biz özümüz icra etdik. Bütün bunları 30 il ərzində bizi təzyiq hədəfi kimi seçmiş anti-Azərbaycan dairələr heç bir halda həzm edə bilmirlər. Onların yuxularına haram qatılıb ki, “Azərbaycan bunu necə bacara bildi, axı bu bizim planımızda yox idi, Azərbaycan bu işin öhdəsindən gələ bilməməliydi” və sairə. Məhz bununla barışa bilmirlər.
Ölkə Prezidenti İlham Əliyev də çıxışlarının birində söyləmişdi ki, “biz elə yeraltı layları hərəkətə gətirmişik ki, onlar heç bir halda bunu həzm edə bilmirlər, bu baxımdan bizə qarı təzyiqlər gözləniləndir”. Bu gün biz həmin təzyiqlərlə üz-üzə qalmışıq.
Bu təzyiqlər həm də koordinasiya olunmuş, müxtəlif istiqamətlərdən yönəlmiş təzyiqlərdir. Həm ABŞ Konqresindən və Dövlət Departamentindən, Avropa parlamenti və Avropa Şurası Parlamenti Assambleyasından, eləcə də ayrı-ayrı Avropa dövlətlərindən, onların parlamentlərindən ölkəmizə qarşı əlaqələndirilmiş bir təzyiq kampaniyası reallaşdırılmaqdadır. Sanki özlərinin bütün dərdlərini yaddan çıxıb, sanki Avropanın özü boyda heç problemləri yoxdur. Və yaxud ABŞ unudub ki, onun bu gün 35, 6 trilyon dollarlıq dövlət borcu formalaşıb. Unudub ki, təkcə cari oktyabr ayının 3 həftəsi ərzində ABŞ-da 435 milyard dollarlıq dövlət borcunun üstünə əlavə gəlib. ABŞ-ın tarixində ilk dəfədir ki, 3 həftə ərzində dövlət borcu bu qədər artmış olsun. Bütün bunlar reallıqdır. Lakin ABŞ və onun himayəsində olan dövlətlər, beynəlxalq, qeyri-hökumət təşkilatları Azərbaycana qarşı təzyiq dili ilə danışırlar".
Elman Nəsirov deyir ki, Azərbaycana qarşı edilən bütün bu qərəzli təzyiqlərin heç bir nəticəsi olmayacaq: “Çünki Azərbaycan çox ağır sınaqlardan çıxmış dövlət və millətdir. Biz onların gözündə mümkün olmayanı mümkün etməyi bacarmış dövlətik. 21-ci əsrdə heç bir dövlət üzləşdiyi ərazi və suverenliyinin pozulması problemini həll edə bilməyib. Bunu bacarmış yeganə dövlət Azərbaycandır.
Beləliklə, heç bir təzyiq bizi yolumuzdan döndərə bilməz. Azərbaycan güclü dövlətdir və onun güclü lideri, ordusu, iqtisadiyyatı, səfərbər olunmuş cəmiyyəti, vətəndaş həmrəyliyi var. Bu reallıqda Qərbdən gələn təzyiqlər bizə heç bir şey edə bilməz.
Nəzərsə alsaq ki, Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına sədrlik, rəhbərlik edib, bu, 120 dövlət deməkdir. Yəni ən azı bu 120 dövlət COP29 tədbirində ən yüksək səviyyədə iştirak edəcək, eyni zamanda dünyanın əksər inkişaf etmiş ölkələri bu tədbirdə olacaq. Qardaş Türkiyə prezidenti Ərdoğanın fikirləridir ki, “dünya "5"dən böyükdür". İndi bu sözü ABŞ-ı nəzərdə tutub demək istərdim ki, dünya “50"dən böyükdür, Avropa İttifaqını da nəzərdə tutub demək istərdim ki, dünya "27"dən böyükdür. Azərbaycana təzyiq edərkən düşünməlidirlər ki, ünvanı səhv salıblar. Azərbaycan bu cür eksperimentlər üçün məkan deyil. Avropa dövlətləri düşünsünlər ki, öz oturduqları ağacın budağını kəsirlər. Çünki Azərbaycan dövləti Avropanın enerji təchizatında yeganə alternativ enerji mənbəyidir. Avropa parlamentariləri və onun satılmış hissəsi bu gün Azərbaycanı hədəf seçəndə düşünsünlər ki, onların bu davranışı Avropanın strateji maraqlarına ziddir. Görünür ki, onlar regiondakı proseslərə öz ciblərinin və mədələrinin gözü ilə baxırlar".