17 oktyabr 2024
40

Qafqazda “rəngli inqilab” ssenarisinə hazırlıq – 9 gün qaldı

      “Gürcüstanda keçiriləcək parlament seçkiləri kollektiv Qərblə Şərq arasında qırılma nöqtəsi olacaq”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Turab Rzayev oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri və hakim “Gürcü arzusu” partiyasının mümkün qələbəsi fonunda Qərbin bu ölkədə həyata keçirə biləcəyi “rəngi inqilab” ssenarisi haqda danışarkən deyib.
Onun sözlərinə görə, rəsmi Tbilisi seçkilərdən sonra konkret seçim etməli olacaq:
“Yəni Tbilisi yoluna Qərb, yoxsa Şərq blokunda davam edəcəyini müəyyənləşdirməlidir. Şərqə yönələrsə, Rusiya ilə münasibətlər normallaşar, Çin bazarına çıxış əldə edə bilər. Lakin bunun qarşılığında Qərbin verdiyi imtiyazları itirəcək və ölkə daxilində sabitlik pozulacaq. Tbilisi xüsusilə Qərbin “rəngli inqilab” ssenarilərinə hazır olmalıdır.
Gürcüstan Qərbi seçərsə, bu zaman da Rusiya ilə münasibətlərdə gərginlik arta bilər. Lakin daha böyük təhdid Qərbdən gələ bilər. Çünki Qərb Tbilisinin konkret seçim etməsini istəyir.
ABŞ indidən Gürcüstana qarşı sanksiyaların tətbiqinə hazırlaşır. Britaniya da Tbilisini hədələyir. Hətta London iqtisadi yardımı dondurub. Təbii ki, bütün bunlar seçkilərə təsirsiz ötüşməyəcək”.
Ekspert deyib ki, hakim “Gürcü arzusu” partiyasının mövqeləri və nüfuzu hələ də güclüdür:
“Xarici agentlər” haqqında qanunun qəbulundan sonra mövqe zəifləsə də, hakim partiya seçkilərdə hələ də favoritdir. Bu mənada qələbə şansı yüksəkdir. Hazırda Qərbi hərəkətə keçirən də məhz budur. Hakim partiya qalib gəlsə, bu seçkidən sonra yeni qərarların qəbulu deməkdir.
Qərb indiki məqamda Gürcüstandakı nüfuzunu itirmək istəmir. Bunun üçün isə əlindən gələni edəcək ki, seçkilərdə dəstəklədiyi güc qalib gəlsin. Bu baş verməsə, “rəngli inqilab” ssenariləri aktuallaşa bilər”.