12 oktyabr 2024
31

ABŞ Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - ONA GÖRƏ DƏ...

ABŞ Zəngəzur dəhlizinə nəzarət etmək istəyir
“COP29 öncəsi Azərbaycana təzyiqlərin artması bəllidir. Bəzi Qərb dövlətləri bu zaman kəsiyində Azərbaycana təzyiqləri artırmaqla Ermənistanın maraqlarına uyğun formada sülh sazişinin imzalanmasına çalışır. Bu ölkələrin sırasında ilk yerdə hazırda ABŞ dayanır”.

Bu fikirləri TNS-ə açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Ə.Zülüfqaroğlu əlavə edib ki, Birləşmiş Ştatlarda fəaliyyət göstərən Amerika Erməniləri Milli Komitəsi seçkilərdə aktiv rol oynayır, namizədlərlə birbaşa iş aparır, həm maliyyələşmədə, həm seçki kampaniyasının təşkil olunmasında rol oynayırlar: “Əlbəttə, bunun müqabilində öz maraqlarının təmin olunmasına çalışırlar. Namizədlər də erməni lobbisinin dəstəyini almaq üçün onların istəklərinə uyğun addımlar atır. ABŞ-də seçki yaxınlaşdıqca, belə təzyiqlərin daha da güclənəcəyi gözlənilən idi. Çünki Azərbaycanın Ermənistandan tələb etdiyi birinci məsələ-konstitusiya dəyişikliyi erməni lobbisinin maraqlarına uyğun deyil. Belə olan halda erməni kilsəsi ilə yanaşı, erməni lobbisinə verilən hüquqular konstitusiyadan çıxarılır, Azərbayacana qarşı ərazi iddiaları aradan qaldırılır və “Böyük Ermənistan” xülyasının üzərindən rəsmən xətt çəkilir. Buna qarşı olan erməni lobbisi seçkidən istifadə edərək, ABŞ hökumətinin Ermənistanı bu addımdan çəkindirməyə, həm də Azərbaycana qarşı təzyiqlərini artırmağa çalışır”.

Ə.Zülüfqaroğlu diqqətə çatdırıb ki, sülh gündəliyində yer alan Minsk qrupunun de-yure ləğvi isə ABŞ və Fransanı ciddi narahat edir: “Onlar bununla da bölgəyə daxil olmaq imkanlarının əllərindən çıxacağını düşünürlər. Eyni zamanda ABŞ-ni düşündürən digər bir məqam Zəngəzur dəhlizi ilə bağlıdıır. Və maksimum çalışırlar ki, bu layihə yalnız ABŞ-nin maraqlarına uyğun reallaşsın, yəni dəhlizə nəzarəti Qərb ələ keçirsin. Bu səbəbdən də Moskva Bəyanatının gündəlikdən tamamilə çıxarılmasına çalışırlar. ABŞ Layihəsi olan “Sülh kəsişməsi” da buna xidmət edir. Əlbəttə, bu Azərbaycanın maraqlarına cavab vermir.

İndi də COP29-u fürsətə çevirib tədbir öncəsi təzyiq etməklə istəklərinə nail olmağa səy göstərirlər. Amma birmənalı şəkildə demək olar ki, təzyiqlərin heç bir effekti olmayacaq, Azərbaycan öz prioritetlərini əsas götürəcək və geri addım atmayacaq. Azərbaycanın ilk öncə haqlı olması, eyni zamanda hərbi və diplomatik üstünlüyü prinsipial mövqe sərgiləməsinə tam imkan verir".