07 oktyabr 2024
40

"Universitetlər fərdlərin şəxsi azadlıqlarına hörmət etməlidir" - ÇAĞIRIŞ

"Universitetlər fərdlərin şəxsi azadlıqlarına hörmət etməlidir"
“Universitetlərdə müəllimlərin tələbələrin geyimlərinə müdaxilə etməsi təhsil müəssisələrinin dəyərləri, azadlıq, şəxsi hüquqlar və tədris mühiti arasındakı balansla əlaqədardır. Bu məsələ müxtəlif mədəniyyətlərdə və ölkələrdə fərqli yanaşmalara səbəb ola bilər. Bu mövzu həm hüquqi, həm də etik aspektlərdən geniş təhlil tələb edir”.

Bunu TNS-ə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, universitetlərin əsas vəzifəsi tələbələrə bilik vermək və onları peşəkar həyata hazırlamaqdır: “Tələbələrin geyim tərzi onların şəxsi seçimidir. Demokratiya və insan hüquqları çərçivəsində baxsaq, bu, onların hüquqları arasındadır. Geyim azadlığı xüsusilə ali təhsil müəssisələrində tələbələrin fərdi kimliklərini və mədəni müxtəlifliklərini ifadə etmələrinin bir yolu kimi qəbul edilir.

Bununla yanaşı, bəzi universitetlərdə müəyyən geyim qaydaları olması mümkündür. Məsələn, xüsusi dini, mədəni və ya peşəkar təlim verən universitetlərdə tələbələrdən daha rəsmi və ya uyğun geyimlər gözlənilə bilər. Bu hallarda, universitetlər öz daxili qaydalarına uyğun olaraq tələbələrdən müəyyən etik və davranış standartlarına riayət etməyi tələb edər.

Müəllimlərin əsas vəzifəsi tədris prosesi ilə əlaqədardır və tələbələrin geyim seçimləri müəllimin tədris fəaliyyətinə təsir etmədikcə, müəllimlərin bu məsələyə qarışmaması daha düzgün olar.

Amma əgər tələbənin geyimi digər tələbələrə və ya tədris prosesinə ciddi şəkildə təsir edirsə, təhqiramiz yazılar, təxribatçı simvollar ehtiva edən, təhsil mühitinə uyğun olmayan paltarlar seçilirsə, bu zaman müdaxilə mümkündür. Bu hallarda belə, məsələni həll etmək üçün etik və incə yanaşma tələb olunur.

Hüquqi baxımdan da universitetlər fərdlərin şəxsi azadlıqlarına hörmət etməlidir. Bir çox ölkədə tələbələrin geyim tərzi onların şəxsi hüququ kimi qorunur və universitetlər bu hüquqlara müdaxilə edə bilməz. Lakin bəzi xüsusi təlim qaydaları olan təhsil müəssisələrində (məsələn, hərbi və ya dini təhsil verən qurumlarda) geyim tələbləri qanuni olaraq əsaslandırıla bilər”.

Onun fikrincə, müəllimlərin tələbələrin geyimlərinə zərurət olmadığı halda qarışması qeyri-etik və hətta hüquqi problemlərə səbəb ola bilər: “Universitetlər tələbələrin fərdi azadlıqlarını və şəxsi hüquqlarını qorumaqla yanaşı, tədris mühitinin sağlam və uyğun şəkildə davam etdirilməsinə də nəzarət etməlidir. Geyim məsələsində azadlıq və etik qaydalar arasında həssas bir tarazlıq saxlanmalıdır ki, təhsil mühiti həm azad, həm də peşəkar qalsın”.