22 fevral 2024
205

Lənkəranda şagirdlər məktəbə getməkdən niyə imtina ediblər?

 




Bir neçə gün əvvəl bir ailənin faciəsi – oğulun öz valideynlərini, qardaş və bacısını, qardaşı uşağını qətlə yetirməsi ölkəni silkələdi. Olay ətrafına təhlükə vəd edən şəxsin vaxtında zərərsizləşdirilməməsi üzündən baş vermişdi. İndi hamını bu sual düşündürür: “Belə manyak adamların olduğunu müşahidə etdiyimiz halda niyə onları cəmiyyətdən təcrid etmirik, niyə özümüzü, uşaqlarımızı qorumuruq?”  
Bu günlərdə Lənkəran rayonunda sensasion hadisə baş verib. Özü ilə potensial təhlükə daşıyan bir cütlüyün təhdidi ucbatından bir qrup şagird məktəbə getməkdən imtina ediblər.
Söhbət rayonun Parakənd kənd Mikayıl Nəzərov adına tam orta məktəbin coğrafiya müəlliməsi Türkan Abbasovadan və onun "qoçu" həyat yoldaşı Elşən Abbasovdan gedir. Bildirilir ki, onların təhdid və təhqirləri ilə üzləşən şagirdlərin və valideynlərin həyatı çox təhlükədədir. İş o yerə çatıb ki, onlar cənab Prezidentdən kömək istəyir, məsələnin hüquq müstəvisində araşdırılmasını xahiş edirlər.
Etibarlı mənbədən Mediatv.az-a verilən məlumata görə, 05.02.2024-cü il tarixdən Türkan Abbasova və həyat yoldaşı Elşən Abbasov bu günə kimi müxtəlif yollarla şərləmək istədikləri, polisə çağırtdırdıqları valideyn və müəllimləri hədələməkdə davam edirlər. Stress və həyəcan keçirən bur neçə şağird artıq fevralın 17-dən məktəbə getmirlər və 19 fevral, axşam saatlarından əhval-ruhiyyələri daha da pisləşib.Həmin şagirdlərin valideynlərinin əlaqə nömrələri də məlumdur.
Mənbə həmçinin bildirib ki, Türkan Abbasovanın tədris ili başlayandan göz verib–işıq vermədiyi şagirdlər başqa dərslərindən “yaxşı” və “əla” qiymət alırlar: “Həmin şagirdlər ziyalı ailələrin övladlarıdır. Necə olur ki, onlar 6-cı sinifdən başlayaraq ilk dəfə keçirilən, özü də kifayət qədər maraqlı, cəlbedici fənn sayılan coğrafiyadan “kafi” və “qeyri-kafi” qiymət alırlar? Bu, əlbəttə ki, müəllimin keçdiyi dərsin keyfiyyətinin aşağı olması ilə əlaqədardır. Müəllimə sinifdə dözülməz mühit yaradıb. Sözsüz ki, sinifdə şagirdlərin bəzən dəcəllik etmələri istisna deyil. Amma bu, müəllimə heç cür əsas vermir ki, uşaqları söyüb təhqir etsin, ağlatsın. Bəs nəyə görə başqa müəllimlər o şagirdlərdən narazı deyillər? Axı müəllim özü həm də valideyndir, məktəb isə həbsxana deyil.  Uşaqlara elə sözlər deyir ki, uşaqlar onun dərsinə girmək belə isdəmirlər.Ən acınacaqlı hal Türkan Abbasovanın həyat yoldaşının məktəbin fəaliyyətinə müdaxilə etməsidir. Qeyd olunur ki, Elşən Abbasov sözügedən sinifdə keçirilən valideyn iclasında icazəsiz içəri girərək, valideynləri hədələyib, onlara onun arvadına irad bildirməmələri haqda xəbərdarlıq edib, yalnız direktorun işə qarışmasından sonra onu məktəbdən kənarlaşdırmaq mümkün olub.
Qəribədir ki, dəfələrlə Lənkəran Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehtiyevə, həmin idarənin Lənkəran rayonu üzrə sektor müdiri Elman Rzayevə müraciətlər ünvanlansa da, Türkan Abbasova barəsində heç bir təsirli tədbir görülməyib. Yəqin ki, yuxarı instansiyalarda ona qahmar çıxan vəzifəli şəxslər var.  
Mediatv.az olaraq, məsələyə münasibətini öyrənmək üçün zəng vurduğumuz 6-cı sinfin sinif rəhbəri Fiquma Hüseynova  və məktəbin direktoru Vüqar Rzayev bu faktı təsdiqlədilər və direktor Vüqar Rzayev bildirdi ki, Türkan müəlliməyə etiraz edən şagirdlərin yaxın günlərdə dərsə çıxmaları təmin olunacaq. Təsdiqlədi ki, həqiqətən də Elşən Abbasov icazəsiz olaraq sinif iclasına daxil olub və o, məktəb rəhbərliyinin müdaxiləsi ilə kənarlaşdırılıb. Vüqar müəllim bildirdi ki, təhsil sektorunda bu məsələni tənzimləmək, münaqişəyə çevrilməsinə yol verməmək üçün icllas keçirilib, iş aparılır.Rayon rəhbərlərinin və məktəb kollektivinin  işə müdaxiləsindən sonra ,Türkan müəlliməni tənbeh məqsədi ilə coğrafiya fəndi ondan alınaraq digər müəllimə verilməsi şərti daxilində şagirdlərin dərsə davamiyyətində yaranmış problem dünəndən aradan qaldırılıb.Əldə olunmuş razılığa  görə 6-cı sinifə coğrafiya fənnini başqa müəllim tədris edəcək.Başqa bir məlumatda isə bildirilir ki,Türkan müəllimənin həyat yoldaşı Elşən Abbasovun valideyinlərdən polisə etdiyi şikayət,araşdırma zamanı öz təsdiqini tapmamışdır.
Qəribədir, deyilmi? Adama deyərlər, ay Türkan müəllimə, şagirdlər də, onların valideynləri də, hətta həmkarlarınız da Sizdən narazıdırlarsa, qəbul etməlisiniz ki, işinizin öhdəsindən gələ bilmirsiniz. Savadlı ola bilərsiniz, amma etiraf edin ki, uşaqlarla ünsiyyətdə probleminiz var. Adama deyərlər, ay Elşən kişi, həyat yoldaşınız ağlıkəsməz uşaqlarla iş apara bilmirsə, ona uşaqlarla ünsiyyət tələb etməyən başqa iş tap, ya da oturub evdarlıq eləsin, ailənin dolanışığını özün təmin elə”.      
Razılaşaq ki, daha ciddi təhlükəni Türkan müəllimənin həyat yoldaşı Elşən Abbasov vəd edir.Görünən odur ki, uşaq-böyük bilmədən hamıya hədə-qorxu gələn bu şəxsin barəsində hüquq-mühafizə orqanları ölçü götürməlidirlər.