25 yanvar 2024
125

Nazirin rəis qohumu icra başçısı ilə niyə yola getmir?

 Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə arasında ciddi narazılıq yaşandığı iddia olunur.
Editor.az regiondakı mənbələrə istinadən xəbər verir ki, T.Babazadənin icra hakimiyyətindən gələn göstərişləri icra etməkdən boyun qaçırması onunla başçı arasındakı münasibətləri son dərəcə gərginləşdirib:
“Regional Gənclər və İdman İdarəsinin rəisi rayon icra hakimiyyəti tərəfindən təşkil edən dövlət tədbirlərində iştirak etmək, bu tədbirlərin baş tutması üçün öz sferasında təşkilati dəstək vermək istəmir. Bununla bağlı Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən Teymur Babazadəyə dəfələrlər xəbərdarlıq edilib. Ona bildirilib ki, icra hakimiyyəti tərəfindən reallaşdırılan tədbirlər ümumi rayon tədbirləridir və Regional Gənclər və İdman İdarəsinin bu prosesdə iştirakı zəruridir.
Lakin, T.Babazadə birbaşa tabeçiliyinin Gənclər və İdman nazirliyinə olduğunu əsas gətirərək, yalnız oradan gələcək tapşırıqlar əsasında fəaliyyət göstərdiyini bildirir. Bu isə İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu özündən çıxarıb. Başçı Regional Gənclər və İdman İdarəsinin rəisinin fəaliyyəti ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırıb”.
Qeyd edək ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Gənclər və İdman naziri Fərid Qayıbovun xalası nəvəsidir. Nazir tərəfindən onun regional idarəyə rəis təyin edilməsi ciddi narazılıq və müzakirələrə səbəb olmuşdu.
Səslənən iddialarla bağlı tərəflərin mövqeyini dərc edə bilərik.