18 dekabr 2023
507

Daha 22 ailə Füzuliyə yola salındı

 Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.
Yenimeydan.info xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 94 nəfər köçürülüb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtarmış rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1 392 nəfərin daimi məskunlaşması təmin edilib.