04 dekabr 2023
447

QAFQAZDA BARIT QOXUSU – FRANSANIN PLANI ÜZƏ ÇIXDI…

     Fransa Ermənistana yenidən hərbi texnika göndərməyi planlaşdırır. Ötən dəfə “Bastion” tipli 24 zirehli texnika Ermənistana çatdırılmışdı. Bu dəfə həm bu tip zirehli texnika, həm də radarlar və zenit-raket kompleksləri Ermənistana çatdırılacaq. Yenimeydan.info  məlumat verir ki, Fransa Ermənistanı Rusiyadan almağı hədələyib. Analitik Elxan Şahinoğlu isə sual edir ki, görəsən rəsmi Tiflis bu dəfə də həmin hərbi texnikanın Gürcüstan ərazisindən Ermənistana çatdırılmasına şərait yaradacaqmı. Onun sözlərinə görə, gürcü rəsmilər bununla bağlı açıqlamalarında beynəlxalq hüquqa zidd addım atmadıqlarına işarə ediblər: “Orası elədir, ancaq ortada Azərbaycanla strateji tərəfdaşlıq var.
Gürcüstanda bilməlidirlər ki, Fransanın hərbi texnikanın növbəti partiyası da Gürcüstan limanları və nəqliyyat yolları vasitəsilə Ermənistana çatdırılsa, bu Azərbaycan cəmiyyətində tərəfdaşlıqla bağlı haqlı suallar yaradacaq. Aydındır ki, Fransa Gürcüstana təzyiq edir, ancaq Tbilisinin Azərbaycanla strateji tərəfdaşlığa uyğun fərqli seçimi imkanı da var. Gürcüstanı enerji və kreditlərlə təmin edən Azərbaycandır. Gürcüstan müdafiə naziri bugünlərdə Bakıda idi, azərbaycanlı və türkiyəli həmkarıyla üçtərəfli müzakirələr apardı. Yəqin bu görüş və müzakirələrdə gürcü nazirə mövcud reallıqlar izah edilib”.
Siyasi şərhçi Asif Nərimanlı isə deyir ki, Fransa Senatı “Sezar” artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin tezliklə öyrənilməsini tövsiyə edib: “Bu, Parisin İrəvana hücum silahlarını göndərmək hazırlığından xəbər verir. Fransa Ermənistanı “Azərbaycan hücum edəcək” iddiası ilə silahlandırmağa başladı və göndərilən silahların “müdafiə xarakteri” daşıdığını, “heç bir ölkəyə qarşı yönəlmədiyini” bəyan etdi: “Bastion” hərbi maşınların, GM-200 radar sistemləri və Mistral zenit-raket komplekslərinin tədarükü də “müdafiə” adı altında həyata keçirildi;
Hərçənd, bunun başlanğıc olduğu və ardınca hücum silahlarının göndəriləcəyi gözləntisi vardı. Çünki Bakının Qarabağda erməni separatizmi ləğv etməsi və Zəngəzur dəhlizinə marağının qalmadığını bildirməsi, eləcə də sülh danışıqları fonunda “Azərbaycanın Ermənistana hücum edəcəyinin” məntiqi izahı yoxdur. Bu iddiaların hədəfi bəllidir:
– Ermənistanı silahlandırmaq üçün əsasın yaradılması;
– Azərbaycana qarşı mümkün təxribat ssenarisində öncədən “alibi” yaratmaq;
Fransanın Ermənistana “Sezar” tanklarını göndərməsinin gündəmə gəlməsi bu kontekstdə diqqətəlayiqdir. Parisə Ermənistanda Rusiyanın yerini tutmaq üçün yeni eskalasiya lazım olacağı istisna deyil. Ki, bu esakalsiyanın yeganə platforması Azərbaycanla sərhəddir”.