26 oktyabr 2023
597

Bölgənin geosiyasi vəziyyəti kökündən dəyişir - Naxçıvana iki dəhliz AÇILIR

 
Regional kommunikasiyaların açılması bölgənin geosiyasi vəziyyətini kökündən dəyişəcək və Cənubi Qafqazda sülhün bərqərar olmasında önəmli rol oynayacaq. Bunun üçün Zəngəzur dəhlizi xüsusi əhəmiyyətə malikdir. Amma Qərbin təkidilə bu layihənin həyata keçirilməsinə mane olan Ermənistan region dövlətlərini seçim qarşısında qoyur və nəticədə alternativ layihə həyata keçirilir”.
  


Bunu KONKRET.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
O, daha sonra fikirlərini belə davam etdirib:
“Zəngəzur dəhlizinin açılması üçtərəfli sazişin 9-cu bəndinə uyğun olaraq həyata keçirilməlidir. Üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması prinsipləri açıq və aydın şəkildə yazılıb. Bu ərazidən keçəcək kommunikasiya xəttində təhlükəsizlik və manəsiz hərəkəti Ermənistan təmin etməli, nəzarəti isə Rusiyanın sərhəd xidməti həyata keçirməlidir. Amma Ermənistan 3 il müddətində prosesi uzatdı və bunu manipulyasiya elementinə çevirdi.
Buna görə də Azərbaycan doğru olaraq alternativ variantların üzərində düşünərək İranla memorandum imzaladı. Araz çayı üzərindən gündə 1100 avtomobilin keçməsi nəzərdə tutulan körpünün inşası başlandı. Bu körpüdən həm dəmir yolu, həm də avtomobil yolları keçəcək. Bu yolun uzunluğu Mehri ərazisindən keçən yoldan 10 km uzundur.
Əlbəttə ki, biz istəyirdik ki, Zəngəzur dəhlizi və məlum bəyanatda qeyd olunan prinsiplərlə işləsin. Amma Ermənistan bunu əngəllədiyinə görə məsələ İranla həll olundu. Hal-hazırda Azərbaycan Zəngəzur dəhlizilə bağlı israrlı deyil. Bu dəhlizin Azərbaycan üçün cəlbediciliyini itirib deyilməsi də məhz bununla bağlıdır. Çünki bizim üçün ən vacib şərt Naxçıvanla daha qısa məsafədə, daha asan gediş-gəlişi təmin etmək idi.
Qərbin təkidilə Ermənistan buna imkan vermədiyinə görə Azərbaycan məsələni bu şəkildə həll etdi. Çünki Qərb dövlətləri Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmasını istəmirdi, Paşinyanı da Rusiyanı proseslərdən kənarlaşdırmağa təhrik edirdilər. Ermənistanın suveren hüquqları bəhanəsi altında əslində bölgədə Fransanın hansısa qüvvələrinin yerləşdirilməsinə nail olmaq istəyirdilər. Faktiki olaraq Ermənistanın destruktiv fəaliyyəti öz əleyhinə yönəldi deyə bilərik. Ermənistan növbəti dəfə iri regional layihələrin birindən də kənarda qaldı. Məhz ona görə son dövrlər Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı pozitiv açıqlamalar verilir. Azərbaycan tərəfi də haqlı olaraq bu məsələ ilə bağlı xüsusi maraq nümayiş etdirmədiyini bəyan edir”.
Daha sonra İran üzərindən keçəcək yolun iqtisadi səmərəliliyinə toxunan politoloq bildirib ki, bizim üçün Zəngəzurdan keçən kommunikasiya xətlərinin bərpası həm sürətli, həm də effektli ola bilərdi: “Amma qeyd etdiyim kimi, Ermənistan bunu əngəllədiyi üçün problemi özü yaratdı. Bu, artıq Azərbaycan-İran məsələsi deyil.
Bu kommunikasiya xətti Azərbaycana, İranın özünə ciddi şəkildə maliyyə vəsaitləri gətirəcəyinə görə önəmlidir. O cümlədən Rusiya üçün də bu kommunikasiya xətti vacibdir. Çünki Rusiyadan Türkiyəyə, Yaxın və Orta Şərqə, o cümlədən İrana daşınmaların bir hissəsi buradan həyata keçirilə bilər. İqtisadi səmərəlilik baxımından əlbəttə ki, böyük bir fərq etməz. Bölgənin digər ölkələri – Türkiyə və Rusiya da Azərbaycan qədər bu məsələdə maraqlıdır. Ona görə də İran məhz həm də onların qarşısında bu kommunikasiya xəttinin fasiləsiz işləməsiylə bağlı müəyyən öhdəlik götürüb. Əlbəttə ki, Ermənistan ağlını başına yığıb Meğri ərazisindən Zəngəzur dəhlizini açacaqsa, biz buna da etiraz etməyəcəyik. Bu, ikinci alternativ yol ola bilər. Hal-hazırda seçim Ermənistanındır. Ermənistan özü-özünü saldığı çətin vəziyyətdən nə qədər tez çıxara bilsə, onun xeyrinə ola bilər. Bu proses uzandıqca Ermənistan daha çox zərər çəkəcək və bir növ dünyaya qapalı qalacaq”.