18 oktyabr 2023
205

Təhsil problemlərinin həllində biznesmenlərin ROLU - Ekspert danışır...

Təhsil problemlərinin həllində biznesmenlərin ROLU

“Hələ ki, bizdə hansısa biznesmenin, şirkət rəhbərinin elmə, təhsilə hər hansı bir töhfəsinin şahidi olmamışam. Bəlkə də, nəsə edənlər olub, mən təsadüf etməmişəm. Dünya təcrübəsindən onu bilirəm ki, məsələn, ABŞ-ın ən qədim ali təhsil ocaqlarından olan, hazırda Massaçusets ştatının Kembric şəhərində yerləşən və kampusu 154 hektarlıq ərazini əhatə edən, ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib. Bu kimi misalların sayını xeyli artırmaq da olar".

Yenimeydan.info  bildirir ki, bu sözləri təhsil eksperti Nadir İsrafilov Azedu.az-a açıqlamasında qeyd edib. O, dünya təcrübəsindən misal göstərərkən bizim də bir vaxtlar messenatlıq, xeyriyyəçilik ənənələrimizin olduğunu xatırlayır:

"Axı, bir vaxtlar bizim də messenatçılıq, missionerlik, xeyriyyəçilik ənənələrimiz olub.Təkcə, onu xatırlatmaq kifayət edər ki, Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış azərbaycanlı milyonçu, mesenat, ən böyük xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmış qızlar məktəbi bu məsələnin yoluna qoyulmasında nə kimi rol oynamış, Hacının və digər xeyriyəçilərimizin təşəbbüsü və maliyyə dəstəyi ilə nə qədər qız və gəlinlərimiz təhsil almaq üçün xaricə göndərilmiş və peşəkar sənət sirlərinə yiyələnərək Azərbaycana qayıtmışlar.

Hacı Zeynalabdin Tağıyevlər, Musa Nağıyevlər kimi messenat xeyriyəçilərimizin, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, onlarla digər ziyalılarımızın öz vəsaitləri hesabına xaricə tələbə göndərməsi, onlara əl tutması barədə nə qədər konkret faktlarımız var. Hər bir sahibkar, imkanlı şəxs dərk etməmiş deyil ki, təhsil bizim gələcəyimizdir, təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işidir, ümummilli məsələdir”.

Müsahibimiz isə vurğulayır ki, imkanlı iş adamlarımız, sahibkarlar təhsil məsələlərinin həllinə ürəkdən qoşulmaları arzuolunandır:

“Əlbəttə arzu olunardı ki, dünyanın bir sıra ölkələrində olduğu kimi imkanlı iş adamlarımız, sahibkarlar, kommersiya və biznes strukturlarımız da təhsilimizin son dərəcə vacib, taleyüklü məsələlərini həllinə ürəkdən qoşulsunlar, ümumi işimizin xeyrinə öz layiqli töhfələrini versinlər. Bu halda nəinki ödənişli, dövlət hesabına oxuyan ödənişsiz əsaslarla təhsil alan tələbələrə də təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər. Çünki tələbələrimizin yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. bu kimi ehtiyac və təyinata görə kreditlərə böyük ehtiyacı var. Axı, nəyə görə yüksək bal toplayıb tələbə adını qazanan xeyli sayda məzunumuz imkansızlıq üzündən ali təhsil almaq hüququndan məhrum olmalıdır”.

N.İsrafilov hesab edir ki, təşkil olunan görüşlər iş adamlarımızın diqqətini elm və təhsilimizin mövcud problemlərinə cəlb etməkdə müəyyən stimul rolunu oynayar:

"Kaspi” qəzeti və Kaspi.az saytı tərəfindən dəstəklənən layihə çərçivəsində ziyalılar, ayrı-ayrı peşə sahibləri, ölkədə tanınan şəxslərlə görüşlər keçirilir. Görüşlərdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılır, məktəbliləri düşündürən suallara aydınlıq gətirilir. Bu kimi görüşlərin keçirilməsi ali məktəblərdə də geniş vüsət alıb. Elə isə bu kimi görüşlər biznesmen, şirkət rəhbəri ilə niyə keçirilməsin. İstənilən halda bu kimi görüşlər “Tik-Tok”çularla, hansısa bloqqerlərlə görüşdən daha faydalı olar və biznesmen, şirkət rəhbəri kimi iş adamlarımızın diqqətini elm və təhsilimizin mövcud problemlərinə cəlb etməkdə müəyyən stimul rolunu oynayar”.