18 oktyabr 2023
199

İran İsraillə birbaşa savaşa cəsarət etmir - Səbəb


12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian növbəti dəfə İsraili hədəfə alan fikirlər bildirib. İranın baş diplomatı Qəzzada müharibənin dayandırılmayacağı təqdirdə ölkəsinin bu mənzərəni sakit seyr edə bilməyəcəyini deyib.
İranla İsrail arasındakı gərginliyin uzun zamandır davam etdiyini və hər dəfə də Tehranın yalnız bəyanatlarla Təl-Əvivin üzərinə getdiyini nəzərə aldıqda, bu, iki dövlətin hərb meydanında qarşı-qarşıya gəlmə ehtimalını azaldır.
Əvvəla uzun illərdir ki, İranla İsrail hərb meydanında bu və ya digər formada bir-birini sınaqdan keçirməklə məşğuldur. Xüsusən də Suriya torpaqlarında İsrailin İran qüvvələrini mütəmadi olaraq hədəf alması, ikincinin daxilində bir çox əməliyyatların həyata keçirilməsi, o cümlədən nüvə alimlərinin müəmmalı şəkildə aradan götürülməsi və şübhəli partlayışların, qəzaların olması bəllidir. Sadalananların fonunda İranın atdığı adekvat addımlar çox zəif və sönük olub.
İndi isə HƏMAS-İsrail müharibəsinin alovlanması İranı yenidən iştaha gətirib. Ona görə də İran rəsmiləri hər addımda İsrailə qarşı hədə-qorxu gəlməklə bir növ İsraili təzyiq altında saxlamağa çalışır.
Maksimum halda isə İran bu gərginliyi, özünün birbaşa iştirakından kənar tutmaqla, himayəsi altında saxladığı Liviyada yerləşən Hizbullah terror təşkilatı səviyyəsinə daşıya bilər. Teokratik rejim heç cür İsrailə qarşı birbaşa cəbhə xətti açmaq istəməyəcək.
Tehran mümkün qarşıdurmada qarşı cəbhənin hərbi qüdrətini hesablamamış deyil. Qarşı tərəf dedikdə, söhbət heç də İsrailin meydanda varlığını tək sürdürməsindən getmir. Əgər Yaxın Şərqdə genişmiqyaslı əməliyyatlara start verilərsə, o zaman ilk sarsılmaz zərbənin mütləq ki, İsrailin ən yaxın tərəfdaşı olan ABŞ tərəfindən endiriləcəyi istisna edilmir. Bu isə İran rejiminin hərbi qanadını sarsıtmaqla yanaşı, həm də daxilidəki kövrək telləri qıra bilər. Daxildə rejimin legitimliyi sürətlə təhlükəli zonaya girmiş olar. Çünki İranda hər zaman inqilabi şövqün olduğu unudulmamalıdır. İnsanlar rejimin xarakterindən qurtulmaq üçün məqam gözləyir. Belə bir vəziyyətdə hətta İsrail və ABŞ-a qarşı daxili birliyə nail olmaq çətin görünür. Baxmayaraq ki, onilliklər boyu molla rejimi bu dövlətlərə qarşı təbliğat aparıb. Ona görə də İran bu amilləri dəqiq hesablayır və dərk edir ki, İsraillə hərbi qarşıdurmaya daxil olmaq nə fələstinlilərə, nə də özünə uğur gətirər.
Bu səbəbdən Abdullahianın səsləndirdiyi növbəti bəyanatı boş fikir adlandırmaq olar.