04 oktyabr 2023
321
DTX bu günə qədər Qarabağda neçə terrorçunu qandallayıb? - SİYAHI
Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçı rejimin terrorçuları bir-bir Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilir.
Yenimeydan.info Musavat.com-a istinadla xəbər verir ki, bu günə kimi, 8 terrorçu DTX tərəfindən saxlanılıb.
Onlardan bəziləri barədə həbs qəti imkan tədbiri seçilib. Bəzilərinin isə sorğusu davam etdirilir.
Qeyd edək ki, ən son dünən Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan və Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.
Mövzunun aktuallığını nəzərə alaraq bu günə kimi DTX tərəfindən saxlanılan terrroçuların siyahısını təqdim edirik.
Lyova Henrixi Mnatsakanyan
Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyanın Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.
***
David Babayan
Qondarma "Artsax" "prezidenti"nin müşaviri David Babayan 28 sentyabrda könüllü olaraq Azərbaycan dövlətinə təslim olub.
Babayan bildirib ki, artıq Xankəndidən Şuşaya gəlib:
"Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün "Stepanakert"dən Şuşaya getmək qərarına gəldim. Bu qərar, təbii ki, ilk növbədə yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar məni başa düşəcəklər. Mənim peyda olmamağım, daha da pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı bir insan, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm”.
***
Ruben Karleni Vardanyan
Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
***
Davit Manukyan
Ermənistan vətəndaşı Davit Manukyan 29 sentyabrda Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib.
Məlumata görə, əldə olunmuş sübutlar əsasında, Ermənistan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
***
Arkadi Qukasyan
Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) törətdiyi cinayət əməllərinə görə barəsində aparılan cinayət işləri üzrə 3 oktyabrda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
***
David İşxanyan
Qarabağdakı separatçıların “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdiyi cinayət əməllərinə görə barəsində aparılan cinayət işləri üzrə 3 oktyabrda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
***
Bako Saakyan
Qarabağdakı separatçıların keçmiş “prezident”i Bako Saakyan(2007-2020) törətdiyi cinayət əməllərinə görə barəsində aparılan cinayət işləri üzrə 3 oktyabrda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
***
Son olaraq dünən - 3 oktyabrda Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar. Araik Arutyunyanla bağlı daha ətralı məlumatları bu linkdən oxuya bilərsiniz.
HƏLƏ BU SON DEYİL! - SIYAHI YENİLƏNƏCƏK!