19 avqust 2023
232
“Gömrük Komitəsində həbslər davam edəcək” - “Söhbət milyardlardan gedir”
“Hökumət Dövlət Gömrük Komitəsində islahatlar aparmaqda səmimi deyil. Səmimi olmadığına görə də görüntü xarakterli islahatlar fayda vermir”.
DİA.AZ bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
O, Dövlət Gömrük Komitəsinin (DGK) rəhbər strukturunda baş verən dəyişikliklərdən sonra bu qurumda yenə də davam etməkdə olan həbslərdən söz açıb.
Mütəxəssis xatırladıb ki, Azərbaycan 10 ildən çoxdur ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmaq istəyir:
“ÜTT-nin razılaşmadığı məsələlərdən biri isə gömrük məsələsidir. Biz heç bir başqa islahat aparmadan ÜTT-nin standartlarını DGK-da tətbiq etsək, – hansı ki, onların şəffaflaşdırma, ümumi rüsum koridorundan istifadə etmək və s. tələbləri mövcuddur – görərik ki, ümumi və kompleks şəkildə bir praktika ortada olacaq. ÜTT-də məhz o praktikanın Azərbaycan gömrüyündə tətbiq olunmasını tələb edir”.
“Əgər biz səmimi olsaydıq, ÜTT-nin tələblərini yerinə yetirərdik. Doğrudur, Gürcüstan, Rusiya, Ermənistan həmin təşkilatın üzvü deyil, amma gömrük sistemi bizdən daha çox öndədir. Demək istədiyim budur ki, DGK-da islahatların aparılması səmimi deyil və belə bir məqsəd qarşıya qoyulmayıb. Rəhbərliyin dəyişdirilməsi islahat demək deyil. Rəhbərlik dəyişir, amma tələb dəyişmir”, - əlavə edib.
Müsahibimiz düşünür ki, məhz buna görə sabah və birisigün də bu qurumda həbslər davam edəcək:
“Çünki bu, gömrük sahəsi elə bir sektordur ki, buradan ölkəyə külli miqdarda məhsul gəlir, eləcə də Azərbaycanın yerli tələbatının 50%-dən çoxu idxal olunur, milyardlarla rüsum ödənilir. Buna görə də DGK-da korrupsiya, yeyinti və əyintilər üçün geniş imkanlar var. Bunun qarşısını almaq üçün də dünyada təcrübə çoxdur”.
“Yalnız ÜTT-nin tələbləri yerinə yetirilsə, Azərbaycan gömrüyündə bütün problemlər aradan qaldırılacaq. Səsləndirdiyim standartlar bu qurumda bərqərar olacaqsa, şəffaflıq müəyyənləşəcəksə, heç kim korrupsiya ilə məşğul ola bilməyəcək. Burada söhbət çoxtərəfli nəzarətdən gedir. Burada çoxlu məsələlər var ki, onlar şəffaflığı təmin etməlidir”, - fikirlərini yekunlaşdırıb.
Oxşar Xəbərlər:
AAK sədri gəncləri Prezidentə qarşı qoyur
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Ali Attestasiya Komissiyasında diplom alveri-ÖZƏL
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT