01 avqust 2023
269

Suraxanıda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

       “Heydər Əliyev İli” çərçivəsində “1 avqust – Azərbaycan əlifbası və Azərbaycan               dili günü” münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə                         “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib.
Yenimeydan.info xəbər verir ki, dəyirmi masada Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları ulu öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət ediblər.
RİH-in konfrans zalında baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Həmçinin, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri ilə bağlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan RİHB-nin müavini Könül Axundova bildirib ki, Azərbaycan dili xalqımızın milli sərvətidir və millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. RİHB-nin müavini qeyd edib ki, Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir: “Lakin dilimizin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz. Azərbaycan dilinin hərtərəfli inkişafı, onun dövlət dili kimi tanınması və beynəlxalq kürsülərdən eşidilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən ölkə başçımız İlham Əliyev də doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır”.
Tədbirdə çıxış edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, AMEA-nın Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Əzizağa Nəcəfzadə, FHN Akademiyasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Vüsalə Rzazadə və Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayeva da bildiriblər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dilimizin daha geniş işlənməsi və nüfuzunun artması üçün şərait yarandı.
Qeyd olunub ki, milli kimliyimizin pasportu olan ana dilimizi qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur.