28 iyul 2023
195

Ramiz Mehdiyev, Əbülfəs Qarayev və Oqtay Şirəliyev bu Komissiyadan çıxarıldı

  Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvləri dəyişib.
Yenimeydan.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Komissiyada Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti qismində təmsil olunmuş Ramiz Mehdiyevi Akademiyanın hazırkı prezidenti İsa Həbibbəyli, mədəniyyət naziri kimi təmsil olunmuş Əbülfəs Qarayevi Adil Kərimli, səhiyyə naziri kimi təmsil olunmuş Oqtay Şirəliyevi Teymur Musayev, elm və təhsil naziri kimi təmsil olunmuş Ceyhun Bayramovu Emin Əmrullayev əvəzləyib.

O cümlədən Komissiyada İbrahim Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti deyil, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti kimi, Eldar Ömərov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru deyil, artıq Xalq rəssamı, Natiq Əliyev isə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru kimi təmsil olunacaq.

Prezidentin digər Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvlərinin sayı artırılıb.

Komissiyanın üzvləri sırasına Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi əlavə edilib.