13 iyul 2023
143

Hakimlərin seçki prosesi sadələşdiriləcək

 Hakimlərin seçki prosesinin sadələşdirilməsi nəzərdə tutulur.
YeniMeydan.info xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov REAL TV-nin efirində deyib.
Onun sözlərinə görə, məqsəd seçki prosesinin sürətləndirilməsi və hakimlərin sayının artırılmasıdır.
Ç.Əsgərov deyib ki, hazırda Azərbaycanda hakimlərin sayının kifayət qədər olmaması onların iş yükünün çox olmasına, nəticədə məhkəmələrdə işlərə baxılması müddətinin artırılmasına, məhkəmə qərarlarının keyfiyyətinin aşağı olmasına və məhkəmə qərarlarının gec icra olunmasına gətirib çıxarır.
"Məlum olduğu kimi, hakimlərin indi sayı 800 nəfər olmalıdır. Amma Azərbaycanda hazırda hakimlərin sayı 550-560 arasındadır. Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) statistikasına görə Azərbaycanda əhalinin hər 100 min nəfərinə orta hesabla 5,2 hakim düşür. Bu çox aşağı göstəricidir. Hətta hakimlərin sayı 800-ə qədər artsa da, bu göstərici 8 olacaq. Biz bu sayı artırmalıyıq. Ona görə də Məhkəmə-Hüquq Şurası seçki prosesinə xüsusi diqqət yetirəcək. Hakimlərin sayının artırılması onların fəaliyyətinin daha səmərəli olmasına imkan yaradacaq. Bu da məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsinin daha səmərəli şəkildə təmin olunmasına gətirib çıxaracaq", - deyə sədr müavini qeyd edib.