07 iyun 2023
390

Sahil Babayevin Cəlilabadlı kadrı dələduzluqda ittiham olunur





Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsinin 1 saylı Lənkəran-Astara Regional filialının vəzifəsi regionda əhalinin sosial müdafiəsini təmin etməkdən və əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsini təşkil etməkdən ibarətdir. Filial Nazirliyin və Fondun göstərişləri əsasında əmək pensiyaları, sosial müavinətlər, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, kompensasiyaların təyin edilməsi və sosial müdafiə sahəsində digər tədbirləri həyata keçirir.
Lakin bu günlərdə Mediatv.az-ın redaksiyasına regional filailın Cəlilabad əsilli işçisi Şahin bəydən şikayət daxil olub. Cəlilabad rayon sakini, vətəndaş Şükür Rəhimov bildirir ki, azyaşlı qızı Zəhra Rəhimova sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara ayrılan aylıq müavinət alırmış. Bir il əvvəl həmin müavinətin verilməsi dayandırılıb. Ailənin müavinəti bərpa etdirmək cəhdləri bürokratik əngəllər səbəbindən uğursuz alınıb. Mediatv.az-a verilən məlumata görə, bu vaxt Şahin bəy onlara “köməklik” təklif edib: 3000 (üç min) manat rüşvət qarşılığında müavinəti bərpa etdirəcəyini vəd edib. Lakin üstündən ötən bir il ərzində nə vədini yerinə yetirib, nə də aldığı pulu geri qaytarır.
Qeyd edək ki, Şükür Rəhimovun oğlu Vətən müharibəsi iştirakçısıdır. Ümid edək ki, torpaqlarımızı 30 illik əsarətdən sonra yağı tapdağından azad etmiş igidimizin atasının mənimsənilmiş pulunun qaytarılması təmin olunacaq, bacısının dövlətimizin sosial siyasətindən yararlanması bərpa ediləcək, Şahin bəyin barəsində isə lazımi ölçü götürüləcək.