02 iyun 2023
243

Fransa və Almaniya Kosovoda yeni seçkilərin keçirilməsinə çağırıb

a istinadən məlumat verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç və özünü Kosovonun dövlət başçısı adlandıran Vyosa Osmani bir gün əvvəl Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Şoltz və Makron ilə görüşüblər.
Fransa prezidentinin sözlərinə görə, Osmani və Vuçiç Kosovoda gərginliyi azaltmaq üçün Fransa və Almaniyanın təqdim etdiyi planı nəzərdən keçirmək barədə razılığa gəliblər. Plana Kosovonun mübahisəli ərazilərdə yeni seçkilər keçirmək öhdəliyi və Serbiyanın bu seçkilərdə serblərin iştirakını təşviq etmək öhdəliyi daxildir.
Bu arada Şoltz hər iki tərəfi məsuliyyət göstərməyə çağırıb.
“Bütün maraqlı tərəflər cəsarət göstərməlidir. Hər kəs məsuliyyətli bir siyasi lider kimi üzərinə düşəni etməlidir”.
İki liderin gələn həftə məsləhətləşmələri və təklifə cavab verməsi gözlənilir.
Mayın sonunda Kosovoda vəziyyət gərginləşib. Buna səbəb aprelin 23-də serb əhalisinin boykot etdiyi yerli seçkilərin nəticələrinə görə Kosovonun şimalında dörd bələdiyyənin rəhbər vəzifələrinə albanların təyin edilməsi olub.
Mayın 29-da serb nümayişçilərlə Kosovo təhlükəsizlik qüvvələri arasında toqquşma nəticəsində 52 serb və NATO-nun Kosovodakı KFOR missiyasının azı 30 üzvü yaralanıb, onlardan üçü güllə yarası alıb.
Kosovonun baş naziri Albin Kurti vəziyyətin gərginləşməsində “Belqrad tərəfindən təşkil edilmiş qeyri-qanuni strukturları” günahlandırıb və Kosovonun şimalında küçələrdə cinayətkar dəstələrin fəaliyyət göstərdiyini bildirib.
Serbiya prezidenti Aleksandar Vuçiç dünya ictimaiyyətini Priştinaya qarşı "qətiyyətli addımlar" atmağa çağırıb.
Tərcümə etdi: Səadət Sultan