11 may 2023
160

CHP-nin Azərbaycansız TURAN PLANI...

CHP-nin Azərbaycansız TURAN PLANI...
Türkiyə müxalifətinin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun nümayiş etdirdiyi xəritə Azərbaycanda ciddi müzakirələrə yol açıb.

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli bu barədə fikirlərini bölüşüb: “CHP lideri, prezidentliyə namizəd Kamal Kılıçdaroğlu Azərbaycana qarşı düşmən münasibətini nümayiş etdirdiyi "nəqliyyat dəhlizi xəritəsi" ilə bir daha ortaya qoydu. Onun “xəritəsi”ndə bütün yollar Azərbaycandan, Xəzər dənizindən və Zəngəzurdan, kəsəsi, Orta dəhlizdən yan keçir. Buna baxmayaraq, Kılıçdaroğlu hələ utanmadan nümayiş etdirdiyi plagiat cızmaqaranı “Türk Dünyasının xəritəsi” də adlandırır.

Görünür, Azərbaycanın 44 günlük müharibədəki zəfəri Kılıçdaroğlu və ətrafındakı türk düşmənlərinin qohum-əqrəbalarının da torpaqlarımızdan it kimi qovulmalarına səbəb olub və öz qafalarına görə “Azərbaycanı cəzalandırmaq” qərarına gəliblər".

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bunu, sadəcə, həyasızlıq adlandırdı: “Əvvəla, onu deyim ki, Kılıçdaroğlunun Turan yolu adlı xəritədə Turandan başqa bütün yollar var. Türkiyədən başqa heç bir türk ölkəsinin ərazisindən keçməyən yol necə Turan kimi təqdim edilə bilər? Seçkiyə bir neçə gün qalmış heç kəsə lazım olmayan bu xəritəni göstərməklə Kılıçdaroğlu əslində demək istəyir ki, bunları Turan maraqlandırmır. Belə bir qüvvəni Turana körpü olan Azərbaycan maraqlandıra bilər? Təbii ki, xeyr. Elələrini nəinki Turan, heç Türkiyənin özü maraqlandırmır. Kılıçdaroğlu seçilməmiş artıq Azərbaycanı böyük projelərdən kənarda qoyur. Ermənistan və İranın xoşuna gəlsin deyə Zəngəzur dəhlizini kənarda saxlayır...”

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu məsələlərə obyektiv yanaşmağın tərəfdarıdır: “Kamal Kılıçdaroğlunun layihəsi yeni xətt deyil, orta əsrlərdən təxmini bu karvan yolu mövcud olub və bildiyim qədər hazırda da Türkiyədən yük maşınları bu marşrut üzrə hərəkət edir. Kamal Kılıçdaroğlunun Azərbaycanı öz layihəsindən kənarda qoyması, əlbəttə, Türkiyə dövlətinin başlatdığı türk respublikaları arasında yaxınlaşma və Orta dəhliz layihəsinə ziddir. Təbii ki, bu mənada Azərbaycanda məyusluq yaradıb. Amma bu yanlışı düzəltmək lazımdır, nəinki indidən seçkinin nəticəsi məlum olmadığı bir halda Kılıçdaroğlunu düşmən elan edərək əlaqələri risk altına qoymaq. Azərbaycan hakimiyyəti ilə AKP iqtidarı arasında zamanında soyuqluq, anlaşılmazlıq olub, ancaq bunu qarşılıqlı anlaşma və dialoq yolu ilə həll etmişik. Kamal Kılıçdaroğlu ana müxalifət lideri olub, bu günə qədər həm Tovuz hadisələri, həm 44 günlük müharibə, həm də bu ilin yanvarında Tehranda səfirliymizə hücum zamanı Azərbaycanı birmənalı olaraq dəstəkləyib, yanımızda olduğunu deyib. Bir fotoya və ya bir çıxışa görə seçki kampaniyasının ortasında əsas namizədlərdən birini düşmən elan eləmək ağıllı bir iş deyil, bir halda ki o özü bizə qarşı düşmən deyil. Düşünürəm ki, bu kimi məsələlərdə səbrli və müdrik davranmağa ehtiyac var. Başda dediyim kimi, seçkinin taleyini Türkiyə xalqı, vətəndaşları həll edəcək. Onların seçiminə hörmət etmək bir qardaş ölkə olaraq bizim borcumuzdur”.

Siyasi analitik Asif Nərimanlı Kılıçdaroğlunun bu xəritəsində iki məqam görür: “Kılıçdaroğlu "Türkün yolu" adlandırdığı - məlum “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizinə korrekt edib: Çindən başlayaraq, Mərkəzi Asiya ölkələrindən Azərbaycana, buradan da Türkiyə üzərindən Avropaya uzanan marşrutu dəyişən CHP lideri hakimiyyətə gələcəyi təqdirdə, Mərkəzi Asiyaya İran üzərindən çıxan marşrutu həyata keçirəcəyini bildirir. Bununla təkcə Zəngəzur dəhlizinin reallaşma perspektivi dəfn edilmir, həm də indiyə qədər Gürcüstan üzərindən həyata keçirdiyi layihələrlə Orta Dəhlizin əsas habına çevrilmə potensialını ilk sıralara çıxaran Azərbaycan ümumiyyətlə prosesdən kənarda saxlanılır.

Burada iki məqam maraqlıdır:

- Avrasiyanın gələcəyini müəyyən edəcəyi proqnozlaşdırılan layihədən Azərbaycanın kənarlaşdırılması planı kimin sifarişidir?

- Kılıçdaroğlu seçkidən öncə niyə bunu açıq mətnlə elan edir?

“Bir kəmər, bir yol” layihəsində Orta dəhlizin ön plana çıxmasında Çinlə yanaşı, İngiltərə də maraqlıdır: Şimal və Cənub dəhlizləri Azərbaycan üzərində birləşir və Cənubi Qafqazda hab yaradılır; Qarabağ müharibəsinə, ardınca Türk Dövlətləri Təşkilatının dərin inteqrasiya istiqamətində işləməsinə, Ankaranın türk coğrafiyası üzərindən regional güc olma imkanlarının artmasına, eləcə də Zəngəzur dəhlizi layihəsinə bu kontekstdə də baxa bilərik;

Çini əsas rəqib görən ABŞ məsələyə fərqli yanaşır: Zəngəzur dəhlizinin “yol məntiqi” ilə açılmasını istəyir, amma Azərbaycan üzərindən qurulan bu marşrutun istiqamətini dəyişməkdə yox, hazır marşrutda təsir imkanlarını genişləndirmək və Mərkəzi Asiya coğrafiyasına bu istiqamətdə çıxmaqda maraqlıdır;

Fransa, Ermənistan və İran: Azərbaycanın Orta dəhlizdən kənarlaşdırılmasında üç ölkə ən çox maraqlı tərəf kimi görünür;

- Fransa Avropanın lideri kimi geosiyasi güc mərkəzi olmağa çalışır və bunun üçün Çinə ehtiyacı var, lakin Orta dəhlizdə Ankara və Bakı faktoru və bu amilin arxasındakı güc mərkəzləri onun yolunu kəsir;

- Ermənistan Zəngəzur dəhlizinə, ümumiyyətlə, Azərbaycanın güclənə biləcəyi istənilən layihəyə qarşıdır, həmçinin İrəvan İranın “Fars körfəsi-Qara dəniz” layihəsinə ümid edir;

- İran “Bir kəmər, bir yol” layihəsində özünün yerləşdiyi Cənub dəhlizinin aktuallığına çalışır və heç bir halda Azərbycanın önə çıxmasında maraqlı deyil;

Bu ölkələrlə yanaşı, ABŞ-da və Avropada erməni və fars diasporu/lobbisi Azərbaycanın “ofsayt”da saxlanılması istiqamətində çalışır.

“Altılı masa”nın namizədinin verdiyi mesaj o deməkdir ki, seçkidə Ərdoğan məğlub olarsa, yeni hökumət Bakıya qarşı planın əsas icraçısı olacaq. Və Kılıçdaroğlunun seçkiyə sayılı günlər qalmış bunu açıq mətnlə elan etməsi Azərbaycan marşrutuna qarşı çıxan mərkəzlərin dəstəyinin artırılmasına hesablanmış ola bilər. Əks təqdirdə, hər iki ölkədə etirazla qarşılanan bu planını hakimiyyətə gələcəyi təqdirdə də elan edə bilərdi".
“Yeni Müsavat”