09 dekabr 2025
29

Əraqçının Bakı səfəri, ant-Azərbaycan qrupunun “sancısı”…

    Məlum olduğu kimi, İranın XİN başçısı Abbas Əraqçı dünən Azərbaycana rəsmi səfər edib.
Tribuna.az xəbər verir ki, Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirən iranlı nazir iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasını qeyd edib.
Lakin Əraqçının Bakıda səfərdə olduğu bir vaxtda Tehrandakı anti-Azərbaycan qruplaşması da boş oturmayıb. Belə ki, SEPAH-a bağlı iki media orqanında həmin qruplaşmanın iki üzvü Azərbaycan əleyhinə məqalə dərc ediblər.
Tehranda nəşr olunan “Hammihan” qəzetində çıxış edən ekspert Ehsan Movəhhediyan iddia edib ki, guya, Bakı öz xarici siyasətini Qərb, Türkiyə və İsraillə uyğun müəyyənləşdirir. O hesab edir ki, “indiki vəziyyətdə Tehranla münasibətləri yaxşılaşdırmaq arzusu azdır”.
İranlı ekspert daha sonra vurğulayıb ki, İran və Azərbaycan arasında Araz dəhlizi və digər əməkdaşlıq təşəbbüsləri vacibdir. “Lakin indiki geosiyasi reallıqları nəzərə alsaq, Bakı və Tehran arasında münasibətlərin yaxın dönəmdə köklü yaxşılaşması şansı azdır”.
Movəhhediyan onu da iddia edib ki, Azərbaycan beynəlxalq aləmdə ABŞ, İsrail və Qərbin yanında olmaq qərarına gəlib. Bu azmış kimi, o, Rusiya-Azərbaycan münasibətlərinin dəqiq perspektivinin olmadığını da bildirib. “Əgər Rusiya Ukrayna böhranını tam həll edə bilsə, mütləq yenidən Qafqaza diqqət yetirəcək və bölgədəki qüvvələrini gücləndirməyə çalışacaq”.
Azərbaycan əleyhinə ikinci məqalə isə “Jamejam Online” saytında dərc olunub. Bu dəfə anti-Azərbaycan mövqeli şərhçi Şüeyb Bəhmən ön planda olub. “Son illərdə Bakı və Tehran arasında münasibətlərdəki gərginliklər Azərbaycan rəsmiləri və rəsmi medianın anti-İran mövqeyi, habelə Azərbaycanın Tel-Əviv və Vaşinqton orbitinə daxil edilməsi cəhdləri ilə bağlıdır”.
Bu azmış kimi, o, Azərbaycana qarşı “regiondankənar aktorların maraqlarına xidmət edir” “ittiham”ını irəli sürüb. “Bakının sionist rejim və ABŞ ilə təhlükəsizlik sahəsində əməkdaşlığı İrana qarşı yönəlmiş addımlardır”.
Bəhməni yekunda bildirib ki, İranın Qafqaza yanaşması xalqlara yönəlmiş tarixi-mədəni məsuliyyət üzərində qurulub. “Amma Azərbaycan regional təşəbbüslərə lazımi maraq göstərmir”.
Qeyd edək ki, Əraqçının Bakıda səfərdə olduğu bir vaxtda anti-Azərbaycan qrupunun üzvlərinin fəal şəkildə ölkəmizi tənqid etmələri Tehranın xarici siyasətində uyğunsuzluğu ortaya qoyur. Eyni zamanda, bu siyasətin vahid platformadan qaynaqlandığını da şübhə altına alır.
Fərda Uğur