05 fevral 2026
6
Məmurlara bağlı olan sahibkarların əksəriyyəti kapitallarını xaricə çıxarır
“Təxminən 30 ildir ki, vəkilliklə məşğulam. İş adamlarının bəziləri mənimlə rəsmi əməkdaşlıqdan çəkinsə də etibar edib məsləhət almaq üçün müraciət edənlərin sayı hesabı olmayıb. Daim sahibkarlarla təmasda olmuşam. Əgər əvvəl insanlar iş qurmaq üçün məsləhət alırdılarsa, artıq müraciət edənlərin mütləq əksəriyyəti işi necə bağlamaq və xaricə getmək haqqında məsləhət alırlar”.
Gununsesi.info-nun xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayılov özünün sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bugün üzdə olan, böyük iş yerləri olan sahibkarların bir çoxu artıq tək-tək əmlaklar yox, bütövlükdə bizneslərini satıb ölkədən getmək barədə düşünürlər:
“Söhbətləşdiyim sahibkarların hamısı artıq Azərbaycanda hansısa məmura bağlı olmadan işləməyin mümkün olmadığını deyirlər. Məmurlara bağlı olan sahibkarların da əksəriyyəti gizlincə kapitallarını xaricə çıxarırlar. Məhz bunun nəticəsidir ki, hər gün hansısa məmurun xaricdə milyonluq obyektləri peyda olur.
Baş verənlərin yaxın gələcəkdə ağır iqtisadi nəticələrə səbəb olacağına mənim heç bir şübhəm yoxdur. Ən azından bir neçə il bundan əvvəl sahibkarlar şəhərin mərkəzində icarəyə götürmək üçün aylarla yer axtarırdılar. İndi isə həmin obyektlərin əksəriyyəti “icarəyə verilir” lövhələri ilə doludur.
Doğrudanmı səlahiyyət sahibləri baş verənləri – iqtisadi islahat adı altında iqtisadiyyatın məhv olunması prosesini görmürlər? Yoxsa günü bu gün də səlahiyyət sahibləri ancaq öz bizneslərini necə qorumaq haqqında fikirləşirlər? Axı gəmi batanda hamımız batacağıq”.
Aslan İsmayılov deyir ki, vergi orqanlarından başqa hüquq mühafizə orqanları da büdcə formalaşdırır və ona görə də ortada belə bir mənzərə yaranıb.


