04 aprel 2024
107

Ramin Bayramlının milyonluq şirkəti Cavanşir Feyziyevə verilib

Ramin Bayramlının milyonluq şirkəti Cavanşir Feyziyevə verilib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının “SPEKTR MED” şirkəti ondan alınıb.

“Bakupost.az” xəbər verir ki, şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə “Avromed” şirkətinə verilib.

Ramin Bayramlı TƏBİB-ə sədr təyin edildikdən sonra “SPEKTR MED” (VÖEN-i 2001534811) MMC-ni alaraq, dövlət satınalmalarını həmin şirkət vəsitəsilə həyata keçirib.

COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının “SPEKTR Med” şirkəti vasitəsilə həyata keçirilib.

Bu əməliyyatlarda R.Bayramlının milyonlarla vəsait əldə etdiyi bildirilir.

“Avromed” şirkətinin isə deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir.

Bu arada, 2024-cü ilin martında Böyük Britaniya hökumətinin azərbaycanlı deputat Cavanşir Feyziyevlə həyat yoldaşının şübhəli yollarla əldə etdiyi 50 milyon dollarlıq daşınmaz əmlakının dondurulması haqqında verdiyi qərar qüvvəsində qalıb.

Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi (OCCRP) məlumat verib.

Böyük Britaniya hökuməti azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının “qanunsuz yollarla əldə edilən gəlirlərlə” Londonda şübhəli yollarla satın aldıqları 22 mülkünü dondurub.

Müvafiq mülkiyyət sənədləri ilə tanış olan OCCRP Feyziyev ailəsinə məxsus mülklərə 2023-cü ilin iyun ayında Britaniyanın Milli Cinayət Agentliyinin (National Crime Agency – NCA) müraciəti əsasında həbs qoyulduğunu aşkarlayıb.

NCA Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edir.

Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib.

Bunu “Amerikanın Səsi”nə Cavanşir Feyziyevin köməkçisi təsdiq edib.

Fevral 22-də baş tutan məhkəmə dinləməsində Feyziyev ailəsinin vəkili Milli Cinayət Agentliyinin zəruri prosedurlara əməl etmədiyini və mülklərin qanunsuz yolla əldə edildiyini mübahisələndirmək üçün əsaslı dəlillərin olmadığını iddia edib.

Məhkəmə martın 8-də vəsatəti rədd edib.