23 fevral 2024
42

Zelenski: Ukrayna Ordusunun müharibədəki itkiləri Rusiyanınkından 5 dəfə azdır

           Ukrayna Silahlı Qüvvələrinin (USQ) müharibədəki itkiləri Rusiyanınkından beş dəfə azdır. Yenimeydan.info  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mühafizəkar mövqeyi ilə seçilən “Fox News” telekanalına müsahibəsində deyib.
Jurnalistin Zelenskiyə Ukraynanın savaşdakı itkilərinin sayı barədə verdiyi suala dövlət başçısı konkret cavab verməyib:
“On minlərlə ölüm. On minlərlə insan yerlərindən didərgin salınıb. Nisbət birin beşədir. Döyüşdə həlak olmuş bir əsgərimizə beş Rusiya əsgəri düşür. Təqribən belədir”.
Ukrayna lideri rusiyalı həmkarı Vladimir Putindən fərqli olaraq müsahibəni kabinetdə deyil, cəbhədə verib.
Xatırladaq ki, daha öncə “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlson Rusiya Prezidenti Vladimir Putindən müsahibə almaq üçün Moskvada olub. Mühafizəkar dünyagörüşü ilə seçilən Taker Karlson 2016-cı ildən 2023-cü ilədək “Fox News”da “Bu gecə Taker Karlson” verilişinin aparıcısı olub, lakin ötən ilin aprelində işəgötürən tərəfindən rəsmi izahat olmadan vəzifəsindən azad olunubCNN qeyd edib ki, “Karlson telekanalda konspiroloji nəzəriyyə və radikal ritorikanın baş təbliğatçısı olub”. Eyni zamanda, Taker Karlson yayımlarda tez-tez Ukraynanı tənqid edir və Rusiyanın təbliğatçı narrativlərinə müraciət edir.