30 oktyabr 2023
339

Yaponlar Putinin iki oxşarının olduğunu üzə çıxardı – Üz və səs identifikasiyası


   Sifətin tanınması və səsin identifikasiyası üzrə yapon mütəxəssislər Vladimir Putinin ictimai tədbirlərdə Rusiya prezidentini əvəz edən “dublyorun” (oxşarın) olması ilə bağlı getdikcə populyarlaşan nəzəriyyəni təsdiqləyiblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” tabloidi yazır.

Süni intellekt texnologiyalarından istifadə etməklə Putinin müxtəlif çıxışlarını təhlil edən yaponiyalı ekspertlər belə qənaətə gəliblər ki, Rusiya prezidentinin ən azı bir “dublyoru”, çox güman ki, ikincisi də mövcuddur.

2023-cü ilin mayında Qırmızı Meydanda parad keçirən Putin “əsl Putin” kimi qəbul edilib. Yapon ekspertləri üz cizgilərini müqayisə edərkən müəyyən ediblər ki, 2022-ci ilin dekabrında “Mercedes”lə Krım körpüsündən keçən prezident paradda Putinlə cəmi 53% “üstləşir”.

Yapon ekspertləri prezidentlə 2023-cü ilin martında Mariupola səfər edən “Putin” arasında daha da az uyğunluq tapıblar – cəmi 40%. Həmin vaxt dövlət televiziyasında nümayiş etdirilən kadrlarda əvvəllər yaxın təmasdan qaçdığı Putinin xarabalığa çevrilmiş şəhərdə maşın sürdüyü, daha sonra isə yaşayış massivinin tikintisini yoxladığı, insanlarla söhbət etdiyi və Baş nazir müavini Marat Xusnullinə təlimat verdiyi əks olunub.

Yapon tədqiqatçıları bildirirlər ki, Mariupolda olan Putinin cizgilərinin Krım körpüsündə olan Putinin cizgiləri cəmi 18% uyğun gəlir. Araşdırma nəticələrinə görə, süni intellekt təhlili ən azı “iki oxşarın” olduğu ehtimalını “aydın göstərir”.

Üzündən əlavə, Putinin səsi də təhlil edilib. Cinayətkarların axtarışında və müəyyən edilməsində adətən polislə əməkdaşlıq edən Yaponiya Audio Rabitə İnstitutunun mütəxəssisləri Putinin 2023-cü ilin mayında Avrasiya İqtisadi Forumunda etdiyi çıxışda “təşəkkür edirəm” sözünü digər üç ictimai çıxışdakı eyni sözlə müqayisə ediblər. “The Sun” yazır ki, ekspertlər Putinin “s” səsini tələffüz tərzində “güclü fərqlər”, həmçinin digər hecalarda (“pa” və “si”) xarakterik uyğunsuzluqlar aşkar ediblər.

“Çəkiliş şərtləri fərqli idi və tələffüz fərqli ola bilər, lakin belə güclü fərqlərin olması hələ də olduqca nadirdir. Bu məqamda qeyd etməliyik ki, bu səslərin müxtəlif insanlara aid olma ehtimalı yüksəkdir”, – tədqiqatın müəlliflərindən biri Mastutoşi Muraoka bildirib.

Qeyd edək ki, 2023-cü ildə Kreml ən azı iki dəfə Putinin “dublyor”u barədə xəbərləri şərh etməyə məcbur olub, hər dəfə onları “yalan” və “şayiə” adlandırıb.
“Heç bir oxşar yoxdur”, – oktyabrın 24-də prezidentin mətbuat katibi Dmitri Peskov deyib və əlavə edib ki, bu cür “absurd” Kremldə ancaq “gülüş” yaradır.
Aprel ayında Peskov Putinin dublyorların xidmətlərindən istifadə etmədiyini, həmçinin “heç vaxt bunkerdə oturmadığını”, səhhətində problem olmadığını, “meqaaktiv” olduğunu və həsəd aparılası “enerjisi” olduğunu söyləyib.