18 oktyabr 2023
205

Kənd Təsərrüfatı Nazirliyindən şübhəli tender

Kənd Təsərrüfatı Nazirliyindən şübhəli tender

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Teref.az-ın xəbərinə görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Elmi-Tədqiqat İnstitiutu keçirdiyi tender müsabiqəsinin qalibi “Sunny” MMC (VÖEN – 1308449991) olub.
Qeyd edək ki, Elmi-Tədqiqat İnstitutu “Sunny” MMC-dən ümumi çəkisi 12 min kq-dan çox olacaq müxtəlif heyvan yemləri (arpa, cımıx, press yonca və s.) alacaq və qarşılığında 6 min 300 manat ödəyəcək.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Elmi-Tədqiqat İnstitutu tender müsabiqəsini 29 sentyabr 2023-cü il tarixində elan edib.
Qalib şirkət olan “Sunny” MMC isə tender elanından təxminən ay yarım əvvəl – 09 avqust 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44 ünvanında yerləşir. Qanuni təmsliçisi Tarverdiyev Vüqar Hüseyn oğludur.
Məlumat üçün bildirək ki, “Sunny” MMC qısa müddət əvvəl yaranmasına baxmayaraq dövlət qurumlarının keçirdiyi 7 tender müsabiqəsində qalib olub.
Dövlət qeydiyyatına alındıqdan cəmi 19 gün sonra Müdafiə Nazirliyinin elan etdiyi tenderin qalibi olub.
Qalib olduğu tender müsabiqələrində isə bir-birindən fərqli mal və xidmətlər təqdim edir.
Məsələn, Müdafiə Nazirliyinə xalça satan “Sunny” MMC, bir həftə sonra Daxili Qoşunlara kağız və qələm, Mədəniyyət Nazirliyinə isə odun satıb.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən cəmi 19 gün əvvəl yaranan və barəsində açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətin müxtəlif istiqamətlər üzrə fərqli mal və xidmətlər təqdim etməsi üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.