23 avqust 2023
113

Dövlət Xidməti ilə “İçərişəhər” arasında qalmaqal – Nə baş verib?

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə “İçərişəhər” Dövlət       Tarix-Memarlıq Qoruğu İdarəsi arasında məhkəmə çəkişməsi başlayır. 

Məhkəmə çəkişməsinin səbəbi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qoruq barəsində inzibati protokol tərtib etməsi ilə bağlıdır.

Xidmət hesab edir ki, Qoruq İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) maddəsində nəzərdə tutulan inzibati xətaya yol verib.
Həmin maddəyə əsasən, vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bununla razılaşmayaraq qərardan şikayət verib. Qoruğun şikayətinə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisinin Şahin Seyidzadədir. O, bu vəzifəyə 3 mart 2022-ci il tarixdə təyin edilib. Şahin Seyidzadə 9 fevral 2020-ci ildə keçirilən növbədən parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib. O, idarə rəisi təyin olunandan sonra deputat fəaliyyətinə xitam verilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi isə Vəli Quliyevdir. O, 2022-ci il martın 2-dən bu vəzifəni tutur.