28 iyul 2023
206

Nizam Osmanovun vəzifəsi ləğv edildi

  Bir neçə gün əvvəl müdafiə nazirinin müavini general-leytenant Nizam Osmanovun vəzifədən azad edilməsi ilə bağlı məlumat yayılmışdı. Onunla birgə nazirliyin Tibb Baş İdarəsinin rəis müavini general-mayor Elxan İbrahimovun işdən çıxarıldığı bildirilirdi.
“Qafqazinfo”nun əldə etdiyi yeni məlumata görə, Nizam Osmanovun rəhbəri olduğu Maddi-Texniki Təminat İdarəsi və general-polkovnik Kərim Vəliyevin daha əvvəl rəisi olduğu Şəxsi Heyət Baş İdarəsi postu ləğv edilib. Onlar, eyni zamanda, nazir müavinləri idi və yeni dəyişikliyə əsasən, adları nazir müavinləri siyahısından çıxarılıb.


Qeyd edək ki, general-polkovnik Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi.

Xatırladaq ki, bir neçə gün əvvəl müdafiə nazirinin müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov yeni yaradılmış müdafiə nazirinin müavini – baş direktor vəzifəsinə təyin olunub.