13 iyul 2023
129

LAVROVDAN NÖVBƏTİ NÜVƏ TƏHDİDİ – “Ukraynaya “F-16" verilərsə...”

Rusiya “F-16” qırıcılarının Ukraynaya təhvil verilməsini nüvə təhlükəsi kimi qəbul edəcək.
“AzPolitika.info” xəbər verir ki, bunu Lenta.ru-ya müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: “Hərbçilərimiz hər hansı təyyarənin nüvə sursatı daşıyıb-daşımadığını öyrənmək üçün vaxt itirməyəcək. Ukraynanın silahlı qüvvələrində belə sistemlərin yaranması faktının özü bizim tərəfimizdən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcək”.
Nazir qeyd edib ki, Moskva nüvə dövlətlərinə bu qırıcıların nüvə silahı daşımaq qabiliyyətinə məhəl qoymamağın mümkünsüzlüyü barədə xəbərdarlıq edib. Lavrovun sözlərinə görə, NATO ölkələri Rusiya ilə birbaşa silahlı toqquşma riski yaradır və bunun nəticələri fəlakətli olacaq.Lavrov xatırladıb ki, Rusiya tərəfindən nüvə silahından istifadə şərtləri Hərbi Doktrina ilə müəyyən edilir. Həmin sənədə əsasən, Rusiya tərəfi bir neçə halda nüvə silahından istifadə edə bilər. Bu, Rusiya ərazisinə zərbə endirən ballistik raketlərin buraxılması barədə etibarlı məlumat olduqda, ölkə ərazisində nüvə silahı və ya digər kütləvi qırğın silahlarından istifadə edildikdə baş verə bilər.
Rusiya hakimiyyəti qeyd edib ki, Kiyevə qırıcı təyyarələrin tədarükü təmas xəttindəki vəziyyəti dəyişməyəcək. Lakin Ukrayna səmasında F-16 görünsə, Rusiya hərbi-texniki cavab verəcək. İyunun 16-da SPİEF-in plenar iclasında Rusiya prezidenti Vladimir Putin Ukraynaya daxil olan qırıcıların “Leopard” tankları kimi yanacağını vurğulayıb. Onun sözlərinə görə, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin hücumlarını dəf edərkən bu texnikanı uğurla məhv edir.