01 iyul 2023
291

“Washington Post” Ukrayna rəhbərliyinin Krımla bağlı gizli planından xəbər tutdu

       ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Kiyevə gizli səfərə gəlib.
Qaynarinfo xəbər verir ki, “The Washington Post”un səfərlə tanış olan rəsmilərə istinadən yazdığına görə, o, Ukrayna rəhbərliyi ilə Kiyevin Rusiya Federasiyası ilə münaqişə ilə bağlı “iddialı strategiyasını” müzakirə edib.

Nəşrin məlumatına görə, Berns Ukrayna prezidenti Vladimir Zelenski və Ukrayna kəşfiyyatının yüksək səviyyəli rəsmiləri ilə görüşüb. Onlar kəşfiyyat məlumatlarının paylaşılmasını müzakirə ediblər. Qəzet yazır ki, Ukrayna rəsmiləri Kiyevin planlarını MKİ rəhbərinə açıqlayıb. Beləliklə, Ukrayna rəhbərliyi payıza qədər ərazilərin “əhəmiyyətli hissəsini” qaytarmağa, Krım sərhədləri yaxınlığında artilleriya yerləşdirməyə və bu ilin sonunadək Moskva ilə atəşkəslə bağlı danışıqlara başlamağa ümid edir.

Eyni zamanda, Kiyev Ukrayna qoşunlarının “Ukraynanın Krımla sərhədinə qoşun və güclü silahlar yeritməklə Rusiyadan təsir rıçaqları əldə edəcəyi”ni ideal senari hesab edir. KİV iddia edir ki, guya Kiyev yarımadanı “girov” götürmək istəyir.

Nəşr qeyd edir ki, bu, müharibə zamanı Bernsin Kiyevə ilk səfəri deyil. MKİ rəhbəri ötən ilin noyabrında və bu ilin yanvarında Ukraynaya səfər edib.

Qeyd edək ki, Moskva danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib. Eyni zamanda, Kiyev Moskva ilə dialoqa başlamaq üçün rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını şərt adlandırıb. Rusiya Federasiyası bildirib ki, Kiyev “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərini “bugünkü reallıqda” Rusiyanın tərkibində tanımayana qədər heç bir danışıqlar aparıla bilməz.