10 mart 2023
333

“Bakıda nəqliyyatın hərəkəti düzgün tənzimlənmir” - PROBLEM

“Bakıda nəqliyyatın hərəkəti düzgün tənzimlənmir”
Bakı sakinlərinin qarşılaşdığı əsas problemlərdən biri tıxac problemidir.

Bu istiqamətdə mövcud problemə dəfələrlə toxunulmasına baxmayaraq, hələ də heç bir həll yolu görünmür. Hətta paytaxtın tıxac problemi ilə bağlı dövlət səviyyəsində müzakirələr aparılsa belə, şəhərdə eyni vəziyyət qalmaqdadır. Paytaxtın həllini tapmayan “tıxac dərdi”nin aradan qaldırılması üçün millət vəkilləri, ekspertlər müxtəlif təkliflər irəli sürüblər. Bəzi ekspertlər tıxacın yaranma səbəblərindən biri kimi şəhərdəki universitetlərin, dövlət qurumlarının paytaxtdan kənara köçürülməsini təklif edir, eləcə də yol infrastrukturunun uyğun olmaması, avtomobil sayının çoxluğu kimi amillərlə əlaqələndirirlər. Ancaq bu da bir faktdır ki, yollarda hərəkətin məhdudlaşdırılması avtomobillərin, ictimai nəqliyyatın hərəkəti üçün maneə yaradır. Artıq tıxacda keçirilən saatlar dəqiqələrlə yox, saatlarla hesablanır.

Bu gün paytaxtda tıxacın yaranmasının əsas səbəbləri nədir və onlar niyə aradan qaldırılmır?

DİA.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Cebhe.info-ya bildirdi ki, Bakıda tıxacların yaranmasının əsas səbəbi kimi paytaxtda universitetlərin yerləşməsini göstərmək doğru deyil:

“Universitetlər paytaxtdan kənara köçürüldikdə tələbələr necə gedib-gələcəklər? Məsələn, BDU-nun 30 min tələbəsi, müəllimi, işçisi var. Onlar haraya yerləşdiriləcək? İlk növbədə milyardlarla maliyyə vəsaiti lazımdır ki, ali təhsil ocaqları inşa edilsin. İkincisi, şəhərdən kənarda açılan universitetlərə də gediş-gəliş üçün nəqliyyatdan istifadə etməli olacaqlar. Universitetlər şəhərdə yerləşməlidir, sadəcə normal ictimai nəqliyyat olmalıdır. Tıxac yaradan səbəblər çoxdur. Bütün səbəblərə kompleks şəkildə yanaşmaq lazımdır. Tıxac yaradan ən böyük səbəblərdən biri məskunlaşmadır.

Şəhərdə sıxlaşma yaranıb, bəzi məhəllələr beton cəngəlliyə çevrilir. Heç bir nəqliyyat potensialından yararlanmaq olmur. Onların avtomobillərinin parklanması nəzərə alınmır. Məskunlaşan insanlar üçün ictimai nəqliyyat varmı? Yeni binaların əksəriyyətinin 1-2-ci mərtəbələrində iaşə obyektləri olur, insanların axın etdiyi ticarət mərkəzləri yaradılır. Həmin əraziyə hansı ictimai nəqliyyatla gəlib-gedəcəklər? Fərdi avtomobilləri harada saxlayacaqlar?”

Ekspertin fikrincə, digər bir səbəb odur ki, paytaxt ətrafında çoxmənzilli binalar tiklib, ancaq orada normal orta məktəblər yoxdur:

“Orada yaşayanlar kütləvi şəkildə uşaqlarını mərkəzdəki məktəbərə gətirirlər və bu da yollarda gərginlik yaradır. Burada ən böyük problemlərdən biri ictimai nəqliyyatın yetərsizliyidir. Şəhərətrafı qatar yeni-yeni fəaliyyətə başlayır. Ancaq sərnişin yükünü götürmək qabiliyyəti o qədər də böyük deyil. Şəhərdə velosiped, skuterlə hərəkət yox dərəcəsindədir”.

Ekspert deyir ki, bəzi nöqtələrdə tıxacın yaranmasında əsas səbəblərdən biri hərəkətin təşklindəki qüsurlardır:

“İşıqforların bəzilərinin iş rejiminin düzgün qurulmaması gərginlik yaradır. Yaxud düzgün qurulub, ancaq fəaliyyəti günün müxtəlif saatları ilə bağlıdır. Müxtəlif saatlarda onun iş rejimini dəyişməyə ehtiyac var, ancaq dəyişilmir. Bəzi yerlərdə yolların konfiqurasiyası, kəsişmələr, birləşmələr, “butulka boğazı” yaradan stiuasiyalar var. Bundan başqa, xeyli yerlərdə dayanma-durma məsələlərinin idarə edilməməsi problem yaradır. Xarici ölkələrdə yolların tənzimlənməsi ilə bağlı yol polisini günlərlə görmək qeyri-mümkündür. Yol polisinin belə bir vəzifəsi olsa da, bir nömrəli vəzifəsi deyil.

Ümumiyyətlə, yol hərəkətinin canlı insan tərəfindən tənzimlənməsi artıq köhnə vasitədir. Bu vasitə dayanıqlı deyil. Xarici ölkələrdə bu vasitə xüsusi tədbirlər, yol-nəqliyyat hadisələri zamanı tətbiq edilir. Yəni yol polisini əvəz edən digər üsullardan istifadə edilməlidir. Yol polisi bəzi hallarda- yol-nəqliyyat hadisəsində, işıqfor işləmirsə, parklanma ilə bağlı sıxlıq yaranırsa, dərhal müdaxilə etməlidir. Paytaxtda yolların dar olması önəmli deyil. Burada əsas problem ictimai nəqliyyatla bağlıdır. Əgər ictimai nəqliyyat yoxdursa, şəhər nə qədər geniş olsa da fərqi yoxdur. İctimai nəqliyyata dar yol da kifayət edir. İctimai nəqliyyatın hərəkəti düzgün tənzimlənməli, düzgün idarə olunmalıdır”.