23 fevral 2023
254

Həkimlər narazıdır: Hər xəstə üçün 1 manat ödənilir

Həkimlər narazıdır: Hər xəstə üçün 1 manat ödənilir
İyun ayının 1-dən etibarən bəzi həkimlərin əməkhaqqının bütün məcburi tutulmalardan sonra net məbləği 1000 manat olub.

Bu agentliyin fəaliyyəti ilə bağlı hesabatında bildirilib. Artım 31 ixtisas üzrə çalışan 8 mindən çox həkimə şamil olunub. 31 ixtisasdan 17 ixtisas üzrə çalışan həkimlərin maaşında 2 dəfəyədək artım olub. Digər 14 ixtisas üzrə çalışan həkimlərin maaşında isə artım 20-90 faiz arası dəyişib. Lakin həkimlər onlara hər xəstə üçün ödənilən vəsaitin azlığından şikayət edir.

Yenimeydan.info -nun məlumatına görə, infeksionist Mərdan Əliyev Cebhe.info-ya bildirib ki, İcbari Tibbi Sığortadan ödənilən vəsaitin o qədər çox olmadığını, lakin əvvəlki dövrlə müqayisədə artdığını bildirib:

"Xəstə həkimə müayinə üçün müraciət edir və İcbari Tibbi Sığortada ixtisaslı həkim baxışı gedir. Bunun üçün 17 manat İcbari Tibbi Sığortanın balansına köçür. Bunun 8 faizi də həkimə ödənilir. Bu da təqribən 1 manat civarında məbləğdir. Gün ərzində həkim 20-30 xəstəyə baxdısa, o zaman 20-30 manat pul ödənilir. Əvvəl 25 nəfər say məhdudiyyəti var idi, indi bu rəqəm 35 olub. Amma onsuz da gün ərzində 35 xəstəni qəbul edə bilmirik.

Həmçinin, burada digər xidmətlər də var ki, onların da hamısının əlavə qiymətləri var. Məsələn, əməliyyat, MRT, USM təyin olunduqda da hamısının əlavə qiymətləri ödənilir. Bütün bu tibbi xidmətlərdən isə 15 faiz həkimə ödənilir. Əvvəl daha az idi, bizi heç qane etmirdi. İndi də demirəm ki, qane edir, yaxşıdır, amma əvvəlki ilə müqayisədə bir qədər normaldır. Çünki artım oldu, bu da məbləği balanslaşdırdı. Yenə də deyirlər ki, artım ola bilər, gözləyək".