02 fevral 2023
137

Naxçıvanda həkimlər etiraz aksiyasına başladı, xəstə qəbulu dayandı

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkimləri etiraz aksiyası keçiriblər.Tribunainfo.az APA-ya istinadən xəbər verir ki, etiraza səbəb həkimlərə nəzərdə tutulan sığorta ödənişlərinin verilməməsi olub. Nəticədə onlar xəstə qəbulunu dayandırıblar.
Həkimlər bildiriblər ki, son 2-3 ayda Diaqnostika Müalicə Mərkəzinin həkimləri 600 min manat dəyərində sığortalı xəstə qəbul ediblər. Lakin onlara icbari tibbi sığorta haqda qanununda göstərilən əlavə ödənişlər verilməyib.

Belə olacağı təqdirdə, həkimlər aksiyalarını növbəti günlər də davam etdirəcəklərini bildiriblər.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta işinin təşkili və qeydiyyat şöbəsinin müdiri Elnur İbrahimov bildirib ki, muxtar respublikada bütün səhiyyə ocaqlarına sığorta ödənişləri xidmətlər zərfinə uyğun olaraq hər ay tam şəkildə ödənilib.

Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqar Babayev etirazın olduğunu təsdiq edib:

“Bəli, dünən həkimlərin bəziləri bu məsələ ilə bağlı etiraz ediblər. Onlarla artıq görüş keçirmişik. Diaqnostika Mərkəzi yenidən Səhiyyə Nazirliyinin balansına qaytarılır. Bununla əlaqədar olaraq orada təhvil-təslim işləri gedir. Bu məsələlər həll olunduqdan sonra həkimlərə qanuna uyğun olaraq əlavə ödənişlərin yerinə yetirilməsi təmin ediləcək”.