15 dekabr 2025
10
Dəftərxana və təsərrüfat mallarının satınalmasını monopoliyaya alan “NUR-E.A.” və “OFİS-A.M.” MMC-lərin nə kimi bağlılığı var -TƏFƏRRÜAT
Azərbaycanda 1 yanvar 2024-cü il tarixindən “Dövlət satınalmaları haqqında” yeni Qanun qüvvəyə minib. Yeni Qanunun qəbul edilməsində məqsəd ölkəmizdə dövlət satınalmaları sahəsində şəffaflığı və intizamlılıq səviyyəsini artırmaq, dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadəni təmin etmək, ədalətlilik və rəqabətlilik prinsiplərini təmin etmək, sui-istifadə hallarını minimallaşdırmaq, nəzarət imkanlarını genişləndirmək olub.Məlum olduğu kimi Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Fərmanla müəyyən edilib ki: Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Amma son illər antiinhisar və istehlak bazarına nəzarət sahələrində dövlət tərəfindən görülən bu kimi yeniliklərə baxmayaraq dövlət satınalmaları sahəsində ədalətlilik və rəqabətlilik prinsiplərinə əməl edilmir. Bu elə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi portalında da özünü açıq şəkildə göstərir.
Sözügedən portal üzərindən apardığımız araşdırmalarda məlum oldu ki, dəftərxana və təsərrüfat mallarının, dərman ləvazimatlarının satın alınması, nəqliyyat vasitələri və texnikalar üçün ehtiyat hissələrin alınması üzrə keçirilən saatınalmaların qalibləri əsasən eyni şirkətlər olur.
Götürək elə dəftərxana və təsərrüfat mallarının satınalmasını. Məlum olduğu kimi dəftərxana və təsərrüfat malları bütün dövlət qurumlarında və təşkilatlarında istifadə edilən zəruri mallardır. Hər il dövlət qurumları bu malların alınmasına on minlərlə, hətta yüz minlərlə dövlət vəsaiti xərcləyir. Bəzən bu malların alınmasında qiymətlərin süni şəkildə şişirdildiyi də açıq aşkar görünür.
Son illər dəftərxana və təsərrüfat mallarının satınalması iki şirkətin monopoliyasındadı. Bu “NUR-E.A.” və “OFİS-A.M.” Məhdud Məsuliyyətli Cəmiyyətləridir. Bəs bu şirkətlər kimlərə məxsusdur və barələrində nə kimi məlumatlar var?
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR-E.A.” (VÖEN: 1603932001) Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 09.01.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 5000 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, MİRZƏ XƏLİL ŞƏRİFLİ, ev.25, m.221, qanuni təmsilçisinin isə Abbasov Etibar Bahadur oğlu olduğu göstərilir.
Dövlət Vergi xidmətinin məlumatlarından da göründüyü kimi “NUR-E.A.” 2020-ci ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Cəmi iki ay sonra satınalmalara qoşulub və Dövlət Sərhəd Xidmətindən poliqrafiya və sərf materiallarının satınalınması üzrə 232.348,49 manat dəyərində tender udub. Ondan sonra “NUR-E.A.” MMC dövlət satınalmalarının daimi iştirakçısına çevrilib və 15 dekabr 2025-ci ilə qədər 210 açıq tender və kotirovka sorğusunun qalibi olub. Yalnız 2025-ci ildə isə 67 açıq tender və kotirovka sorğusunun qalibi olub.
Bu MMC Naxçıvan Muxtar Respublikası da daxil ölkənin ən ucqar rayonlarından tutmuş, paytaxtdakı ayrı atrı qurumların dəftərxana və təsərrüfat mallarının satınalması üzrə keçirdikləri tender və kotirovka sorğusu müsabiqələrinin qalibi olur. Bu MMC dəftərxana və təsərrüfat mallarından əlavə komputer avadanlıqlarının, cari təmir işləri üçün malların, maşın avadanlıqlarının, müxtəlif tədbirlərin keçirilməsi xidmətinin, təmizlik və ilkin yardım malların satın alınması, təbliğat-təşviqat və reklam xarakterli çap (mətbəə) materiallarının, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınmas (819.462,8 manat dəyərində) üzrə keçirilən satınalmaların da qalibi olub.
Buradan suallar yaranır. Bu MMC-nin dövlət qurumlarına təklif etdiyi malların marka və modelləri standartlara uyğun gəlirmi? MMC-nin malların müəyyən edilmiş çatdırılma müddətində (icra qrafiki) eyni vaxtda ayrı-ayrı yerlərə həyata keçirməyə işçi qüvvəsi, texniki bazası varmı?
Açıq mənbələrdə MMC-nin barəsində əlavə heç bir məlumat yoxdu. Qeyd edək ki, “NUR-E.A.” MMC dəftərxana və təsərrüfat malları üzrə əsasən on min manatdan yuxarı satınalmaların qalibi olur. On min manatdan aşağı qiymətə olan satınalmaların əsas qalibi isə “OFİS-A.M.” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OFİS-A.M.” (VÖEN 1605401091) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.02.2024-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, KÖNDƏLƏN ENİNƏ 10-CU, ev 2074-2077, qanuni təmsilçisinin isə Abdullayev Müşfiq Yavər oğlu olduğu göstərilir.
Göründüyü kimi MMC 2024-cü ilin fevralında dövlət qeydiyyatına alınıb. Cəmi iki ay sonra “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi ilə dəftərxana və təsərrüfat ləvazimatlarının satınalınması üzrə 4.221,5 manat məbləğində müqavilə bağlayıb, siftə edib. 2024-cü il ərzində Naxçıvanın rayonlarından tutmuş, Respublikanın əksər rayon və şəhərlərində fəaliyyətdə olan dövlət qurumlarına, Bakı şəhərində fəaliyyətdə olan xəstəxana, institut, hərbi hissə digər qurumlara dəftərxana və təsərrüfat ləvazimatları üzrə 352 satınalma müqaviləsi bağlayıb.
Satınalmaların portalına yerləşdirilimiş məlumata görə “OFİS-A.M.” MMC dövlət qeydiyyatına alındığı tarixdən, yəni 2024-cü ilin fevralından bu yana 554 kotirovka sorğusunun qalibi olub. Onun 202-si 2025-ci ilin müvafiq dövründə olub.
Yuxarıda qeyd etdiyimiz kimi bu şirkətlər haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Amma göründüyü kimi son bir il ərzində birlikdə 300-ə yaxın açıq tender və kotirovka sorğusunun qalibi olublar. Bu MMC-lərin nə sosial şəbəkə hesabı, nə də bir veb-səhifəsi yoxdu. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin heç bir məlumat yoxdu.
Amma bizim əldə etdiyimiz məlumata görə “NUR-E.A.” MMC-nin qanuni təmsilçisi Etibar Abbasov da, “OFİS-A.M.” MMC-nin qanuni təmsilçisi Müşfiq Abdullayev də qohumdurlar. Şirkətlər Etibar Abbasov tərəfindən yaradılıb və idarə edilir. “NUR-E.A.” MMC daha iri məbləğli satınalmalarda, “OFİS-A.M.” MMC isə aşağı məbləğli kotirovkalarda iştirak edirlər. Göründüyü kimi dəftərxana və təsərrüfat mallarının satınalmalarını monopoliyaya alıblar. Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də Etibar Abbasovun idarə etdiyi bu şirkətlərə açıq aşkar şərait yaradır.(aktualinfo.net)
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

İbrahim Cəfərov bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurub -DE-FAKTO

Antiinhisar Dövlət Xidməti Yusifzadə Nərminə daha bir yaşıl işıq yandırdı

Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar

Prezident əfv sərəncamı imzaladı – SİYAHI