10 dekabr 2024
25

"Hər ay 50 min manata yaxın pul alırdım" - Mətləb Bağırovun sürücüsü ifadə verdi


"Hər ay 50 min manata yaxın pul alırdım"

“SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin iki əməkdaşı şahid qismində ifadə verib.

Onlar Mətləb Bağırovun evində və iş yerində aparılan əməliyyat-axtarış tədbirlərində iştirak ediblər. Onlar baxış keçirdikləri evdə dini kitablar və disk aşkar etdiklərini bildiriblər.

Daha sonra şahid qismində Fərid Hüseynov ifadə verib. O bildirib ki, Mətləb Bağırov bacısının əridir.

Onun sözlərinə görə, Mətləb Bağırovla birlikdə Cəlilabad rayonundan Bakıya gəliblər: "Qaradağ postunda maşını saxladılar. Polis əməkdaşı məndən sənədləri istədi. Sənədləri verəndə nə məsələ olduğunu soruşdu. Həmin vaxt Mətləb Bağırov maşında idi. Sonra bizi polis idarəsinə apardılar. Oradan da məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Məni inzibati qaydada həbs etdilər. Mətləb Bağırova narkotik ittihamı verildi. Mətləb Bağırovun narkotiklə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur".

Daha sonra şahid dövlət ittihamçısının suallarını cavablandırıb. Sorğu-sual zamanı məlum olub ki, şahid Mətləb Bağırovun rəhbərlik etdiyi media qurumunda operator işləyib. Həmçinin sualları cavablandıran şahid bildirib ki, Mətləb Bağırovun göstərişi ilə bir neçə nəfərdən pul alıb və həmin pulları ona çatdırıb: "Mən həmin pulların nə üçün olduğunu bilməmişəm. Pulu götürdüyüm şəxsdən də bu barədə heç bir söz soruşmamışam. Pul köçürən şəxslərdən heç kimi tanımamışam. Mətləb Bağırovun Türkiyədə olan tanışı Tural adlı şəxs deyirdi ki, Mətləb Bağırova çatacaq pulu ona verim. Mənə pulu hər dəfə verəndə mən də aparıb Mətləb müəllimə çatdırırdım. Tural mənə deyirdi, mən də pulu götürürdüm".

Vəkilinin suallarını cavablandıran şahid bildirib ki, Qaradağ postunda saxlanılan zaman zarafat olduğunu düşünüb, buna görə də həmin polis əməkdaşını kənara itələyib:

"Amma kənardan da gələn oldu. Bundan sonra əməliyyat olduğunu başa düşdüm. Sonra Mətləb Bağırovu polis idarəsinə apardılar".

Dövlət ittihamçısı bildirib ki, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər var. O, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan olunmasını istəyib.

Məhkəmə dövlət ittihamçısının təklifini nəzərə alaraq onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib. Şahid Fərid Hüseynov istintaqa verdiyi ifadəsində göstərib ki, Mətləb Bağırovun tapşırığı ilə Türkiyə vətəndaşı Hüseyin Kefsiz, Okan, Anar adlı şəxslər və digərlərindən pulları qəbul edib və bunun qeydlərini özlərində aparıb:

“Mən bu pulun nə olduğunu bir neçə dəfə soruşsam da, Mətləb Bağırov mənə "işinlə məşğul ol, sürücüsən, sürücü işinlə məşğul ol" deyə cavab verib. Buna görə də bir neçə dəfə Mətləb Bağırov ilə mübahisələrimiz olub. Bir dəfə də işdən ayrılmışam, amma iş tapa bilmədiyim üçün işə geri qayıtmışam".

Şahid qeyd edib ki, Türkiyə vətəndaşından və digərlərindən hər ay 10-50 min arasında pul alıb. Onun sözlərinə görə, həmin pullar xaricdən gətirilib.

Şahid həmin ifadəsini təsdiq etməyib. Bildirib ki, pulların hansı mənbədən gətirilməsindən məlumatı olmayıb. Sualları cavablandıran şahid qeyd edib ki, hər ay pulun alınması prosesi 10-15 il ərzində olub. Bildirib ki, Mətləb Bağırovun çanta satışı ilə bağlı biznesi olub, bu yollarla pullar gətirilib. Dövlət ittihamçısı "Burada 2 milyon manatdan söhbət gedir, bunların hamısı çantadan gələn gəlir ola bilməzdi" sualını verib. Şahid isə bildirib ki, məbləği dəqiq bilməyib.

Növbəti proses 2025-ci il yanvarın 6-da keçiriləcək.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov İranın Qum şəhərində və Suriyada dini təhsil alıb.

O, ötən il yanvarın 30-da həbs olunub.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mətləb Bağırova Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma), 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.