28 avqust 2024
58

Sahil Babayevlə general oğlunun 5 milyonluq anlaşması: icarəyə bina götürəcək

Xəbər verildiyi kimi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi 1 saylı Bakı DOST Mərkəzi üçün inzibati bina sahəsinin icarəsi xidmətini satın alıb.
AFN.az xatırladır ki, Agentlik bununla bağlı fərdi sahibkar Fərid Rüfət oğlu Fərhadzadə ilə satınalma müqaviləsi imzalayacaq. F.Fərhadzadə DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzi üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib. Qurum 3.693 kvadratmetrlik ofis sahəsi üçün ona 4 874 760 manat ödəyəcək.
Maraqlıdır ki, DOST Agentliyi F.Fərhadzadə ilə ikinci dəfədir eyni məzmunda müqavilə bağlayır. Birinci müqavilə 2018-ci ildə bağlanıb. Həmin vaxt da eyni ofis binasının icarəsi ilə bağlı Fərid Fərhadzadə ilə 4,8 milyon manatlıq müqavilə bağlanıb. Qeyd edək ki, bina Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 86 ünvanında yerləşir. Binanın ümumi sahəsi 3,7 min kv.metrdir. Birinci müqavilə 23.11.2018-ci il tarixdə bağlanıb.

Həmin vaxt ƏƏSMN-in media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblı məsələ ilə bağlı açıqlama verərək bildirib ki, müqaviləyə əsasən binanın hər kv.m-nin icarə haqqı 15 AZN, ƏDV və təmir xərcləri daxil olmaqla isə 22 AZN nəzərdə tutulub: “Müqavilənin bağlanılması müvafiq satınalma qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilib. İcarəyə götürülən binada hazırda təmir işləri davam etdirilir”.
Maraqlıdır ki, 6 ildən sonra yenidən eyni bina eyni qiymətə icarəyə götürülüb. Yenəmi təmir işlərinə ehtiyac var? Ötən 6 ildə Bakıda icarə qiymətləri heç dəyişmədimi? Mövzu ilə bağlı yaranan suallardan biri də ondan ibarətdir ki, bir sahibkara iki dəfə ard-arda ödənən 10 milyon manata yaxın vəsaitlə DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzinə bina tikmək mümkün idimi?

Ramil Osmanlı
Məsələ ilə bağlı AFN.az-ın suallarını cavablandıran əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, 5 il müddətinə 5 milyon icarəhaqqı illik 1 milyon manat deməkdir: “Detallarla dəqiq tanış olmadığım üçün müqavilənin real bazar qiymətini əks etdirib-etdirmədiyini deyə bilmərəm. Lakin qeyd edim ki, bəli, nəinki 10, hətta 5 milyon manata əslində torpaq sahəsi olarsa, tikinti işləri aparıb təqribən eyni sahədə binanı ərsəyə gətirmək mümkündür. Mən bir məsələni də istərdim diqqətə çatdıram: müəyyən dövlət qurumları var ki, onlar üçün son illərdə çox irihəcmli və çox baha qiymətə bina tikilib. Təəssüflər olsun ki, biz burada satınalma müqavilələrinin faktiki olaraq şişirdilməsinə, iqtisadi baxımdan səmərəsiz fəaliyyətə rast gəlirik. Bu mənada mən hesab edirəm ki, əslində dövlət qurumları üçün bina tikməkdənsə elə icarə müqavilələri bağlamaq daha sərfəli olar. Amma bir daha qeyd edirəm ki, bu, ciddi bazar araşdırması ilə, dostluq, yoldaşlıq prizmasından kənar, açıq rəqabətli bazar şəraitində təklif olunan obyektlər üzərindən şəffaf qiymətləndirmə aparmaq yolu ilə həyata keçirilə bilər. Məsələn, Əmlak Məsələləri Dövlət Xidmətinin Yusif Səfərov küçəsində bir binası var, çox böyük bir binadır, bu gün boş qalıb, istifadə olunmur. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi bu cür məsələləri ciddi şəkildə nəzarətdə saxlamalı, dövlət qurumlarının bina problemlərini o cür boş qalan yerlərlə həll etməlidir. Təbii ki, daha münasib qiymətlərlə icarə şərtləri əsasında. Ümumiyyətlə, müəyyən neqativ istiqamətlər olmasa, bütün addımları atmaq olar. Amma təəssüflər olsun ki, mən fəaliyyət göstərdiyim sahə üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir tenderinə qoşuldum, həmin tenderdə daha baha qiymət təklif edən xarici şirkəti qalib elan etdilər. Hesab edirəm ki, istər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, istər İqtisadiyyat Nazirliyinin özü, istərsə də ayrı-ayrı dövlət qurumları bu məsələlərə nəzarəti gücləndirməlidirlər”.
O ki qaldı, eyni məzmunda müqavilənin 6 ildən sonra təkrar eyni qiymətə bağlanmasına, R.Osmanlının sözlərinə görə, təbii ki, 6 il əvvəlki rəqəmlərlə müqayisədə əmlakın istər satış, istər icarə qiymətlərində artım var: “Bu fərq müqavilədə əksini tapmalı idi. Ümumilikdə götürəndə qeyd edilən ünvan üçün 1 kv.metrin 15 manatlıq icarə dəyəri normaldır. Sadəcə biz binanın digər göstəricilərini nəzərə alsaq, qiymətin şəffaf olmasına inanmaq çətindir”.

Fərid Fərhadzadə
Bütün qeyd olunanların isə bir səbəbi var: icarədarın kimliyi! Mediada yazılan məlumatlardan aydın olur ki, F.Fərhadzadə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin kürəkənidir. O, həmçinin B.Rzayevin qardaşı Rahib Rzayevin rəhbəri olduğu “Gök-Nur Bakı LTD” MMC-də müdir vəzifəsində çalışır. F.Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur. F.Fərhadzadə həmçinin Azərbaycan Triatlon Federasiyasının sədridir.

General-mayor Rüfət Fərhadzadə
Fərid Fərhadzadə mediada tanınmış iş adamı kimi də təqdim edilir. “FF Şirkətlər Qrupu”nun Fərid Fərhadzadəyə məxsus olduğu bildirilir. Qeyd edilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. Bu qrupa daxil olan “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.
F.Fərhadzadənin rəhbərlik etdiyi “Gök-Nur Bakı LTD” MMC elektrik avadanlıqları istehsalı və satışı ilə məşğul olur. MMC Baba Rzayevə məxsus olduğu deyilən (70 fazilik payla) “Santral Elektrik”lə eyni ünvanda təsis olunub.

Baba Rzayev
MMC-nin adı “Azərişıq” ASC-nin bahalı tenderlərində də qalib kimi açıqlanıb. 2020-ci ildə bağlanan və mediada müzakirə olunan belə müqavilələrdən birinin dəyəri 17 milyon idi. Ümumiyyətlə isə “Gök-Nur Bakı LTD” MMC satınalmalarda milyonluq tenderlərin qalibi olmaqda rekordçulardandır desək, yanılmarıq. Hər halda, mediada gedən məlumatlar bunu deməyə əsas verir.

Sahil Babayev
Bütün bunların fonunda Sahil Babayevin rəhbərlik etdiyi qurumun Baba Rzayevin kürəkəni, FHN-də xidmət rəisinin oğlu Fərid Fərhadzadə ilə iki dəfə ard-arda 5 milyonluq müqavilə bağlaması təbii ki, suallar yaradır. Həmin suallarımızı DOST Agentliyinin PR rəhbəri Şahin Əliyevə ünvanladıq. Cavabı təqdim edirik: “1 saylı Bakı DOST Mərkəzi üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satın alınması prosesi “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə tam uyğun şəkildə həyata keçirilib.
Qanunvericiliyə uyğun olaraq keçirilən tenderıə bağlı elan verilib və tender zamanı təkliflər sırasından ən aşağı qiymət təklifi təqdim etmiş fiziki şəxslə aidiyyəti qurumun razılığı əsasında satınalma müqaviləsi imzalanaraq qeydiyyata alınıb”.