23 sentyabr 2023
223

Qara Dəniz Donanmasının qərargahına hücumda Rusiya generalları ağır yaralanıb

      Rusiyanın Qara Dəniz Donanmasının müvəqqəti işğal olunmuş Sevastopoldakı qərargahına hücum nəticəsində azı 9 nəfər həlak olub, 16 nəfər yaralanıb, onların arasında Rusiya generalları da var.
Yenimeydan.info “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov deyib.

Baş Kəşfiyyat İdarəsinin rəisi bildirib ki, Sevastopol hücumu nəticəsində Zaporojye istiqamətində Rusiya hərbi qruplaşmasının komandanı, general-polkovnik Aleksandr Romançukun vəziyyəti çox ağırdır.

Həmçinin qərargah rəisi, Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının Sahil Qoşunlarının 200-cü motoatıcı briqadasının komandiri, general-leytenant Oleq Tsekov huşsuz vəziyyətdədir.

“Qərargahın əməkdaşı olmayan yaralı sıravi hərbçilərin sayı hələ də müəyyənləşdirilir. Bunlar növbətçi, təhlükəsizlik və s. hərbçilərdir”, – Budanov bildirib.

Xatırladaq ki, sentyabrın 22-də Sevastopolda Rusiya Qara Dəniz Donanmasının qərargahına hücum edilib. İnternetdə binaya ciddi ziyan dəydiyini əks etdirən çoxsaylı videolar yayımlanıb.

Daha sonra Ukrayna Silahlı Qüvvələrin Baş Komandanı aparatının Strateji kommunikasiyalar idarəsi hücumun arxasında Ukrayna hərbçilərinin olduğunu təsdiqləyib. KİV-in məlumatına görə, Ukrayna bu hücumda “Storm Shadow” raketindən istifadə edib.