17 sentyabr 2023
159

Riyakar siyasət və ya ikili standartlarla yaşayan Amerika - AXI NİYƏ?


Riyakar siyasət və ya ikili standartlarla yaşayan Amerika

ABŞ hakimiyyəti tərəfindən bəzən elə açıqlamalarla rastlaşılır ki, bu açıqlamalar Azərbaycanın ərazi bütövlüyünün Vaşinqton tərəfindən dəstəkləndiyinə dair məlumatların ciddiliyini şübhə altına alır.

Bu açıqlamlar və mövqe təhlil olunduqda Birləşmiş Ştatların ikili standartlardan uzaqlaşa bilməməsi tam çılpaqlığı ilə ortaya çıxır.

ABŞ görüntüdə təqdim olunduğu kimi ədalət və obyektivlik prinsipindən deyil, hər zaman öz maraqlarından çıxış edir. Bütün zamanları əhatə edən bu siyasət bu gün də davam etməkdədir. Başqa xalqlara və dövlətlərə qarşı yönələn bu siyasət çox vaxt ermənilərdən yan keçir. Bu dəfə də eyni ssenaridir.

Haqsız Ermənistanın və ermənilərin mənafeyinə toxunulmur, əksinə onların haqsızlığı müdafiə olunur. İllərlə davam edən bu proses yenə də təkrarlanır. Ən azı son 30 ilin təcrübəsi ABŞ-ın erməni məsələsi və Cənubi Qafqaz siyasətinun konturlarını aydın göstərir.

Bu siyasi xətt ilk növbədə, ermənilərin maraqlarının müdafiəsinə və Azərbaycana qarşı yönəlib. Məhz bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədri olduğu 22 il ərzində ABŞ bir dəfə də olsun işğal faktını tanımadı və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb etmədi.

Bu, əslində, neytrallıq deyildi, işğalı görməzdən gəlmək siyasəti idi. Ancaq dünyanın başqa regionlarında ABŞ fərqli yanaşma nümayiş etdirirdi və etdirir.

Ukraynada, Gürcüstanda, Moldovada işğal faktını tanıyan ABŞ Azərbaycana gələndə daima susmağa üstünlük verib. Deməli, ABŞ-ın regionlara və dövlətlərə görə maraqları da dəyişir.

Özünü Beynəlxalq Antiterror Koalisiyasının başçısı elan etmiş ABŞ

Azərbaycanla müharibədə işğalçı tərəf Ermənistan olduğuna görə ABŞ bunu etiraf etməyi öz maraqlarına uyğun hesab etmirdi. Əksinə, Azərbaycana münasibətdə ikili standart tətbiq edilib. Bütün sülh danışıqlarında digər həmsədr dövlətlər kimi ABŞ da Azərbaycanı işğal faktı ilə barışmağa, Ermənistana güzəştə getməyə çağırıb.

Bu müddətdə ABŞ hər il Ermənistana və Qarabağdakı qondarma rejimə milyonlarla yardım ayırıb. Bundan əlavə, terrorçu rejimin başçıları hər il ABŞ-a səfərlər edib, marafonlar keçirib, külli miqdarda vəsait toplayıb. Həmin tədbirlərin hamısı ABŞ hakimiyyətinin siyasi himayəsi ilə baş tutub. Təbii ki, yığılan pullar silahların alınmasına sərf olunub.

Özünü Beynəlxalq Antiterror Koalisiyasının başçısı elan etmiş ABŞ-ın deyni zamanda, Azərbaycan xalqına qarşı soyqırım, etnik təmizləmə həyata keçirmiş terrorçuları maliyyələşdirməsi öz əməli ilə tərs mütənasib gəlir. ABŞ-da qondarma rejimin ofisinin açılması isə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid xarakterli addımın kuliminasiya nöqtəsi sayılmalıdır.

Qarabağda “humanitar böhran” adı altında gedən “oyun”larda ABŞ-ın terrorçu rejimə dəstəyini ifadə etməsi son aylar Vaşinqton platformasında Azərbaycanla Ermənistan arasında gedən danışıqlardakı sülh təşəbbüsü ilə bir araya sığmır. Bölgədə sülhün təmin olunmasını istəyən dövlət erməni terrorçularının müdafiəsinə qalxırsa, bu siyasi riyakarlıqdır.

ABŞ-dan sülh prosesinə zərbə

ABŞ Dövlət Departamentində və Konqresdə Azərbaycana qarşı son vaxtlar artan ittihamlar Vaşinqtonun bitərəflik prinsipini pozaraq ermənilərin mövqeyindən çıxış etməsi deməkdir. Bu da öz növbəsində, Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi aparılan danışıqlara da zərbə vurur. Aydındır ki, sülh prosesinə qarşı törədilən istənilən təxribat bölgədə gərginliyin artmasına təkan verir.

Ona görə də ABŞ rəsmiləri Qarabağda yaşayan ermənilərinin guya blokadaya alınması və humanitar “fəlakət”ə düçar olması ilə bağlı dedikləri Vaşinqton platformasında əldə olunan bütün irəliləyişlərin üstündən xətt çəkə bilər. Bu siyasi uğursuzluğa görə ABŞ hakimiyyəti heç kimi ittiham edə bilməz. Çünki səbəb Dövlət Departamentində və Konqresdə ermənilərə lobbiçik edən Amerika rəsmiləridir.

Məqsəd isə aydındır. Bir ildən sonra ABŞ-da həm prezident, həm də Konqresə aralıq seçkilər keçiriləcək. 2024-cü ilin əvvəlindən isə seçki prosesi start götürəcək. Ona görə də demokrat konqresmenlər erməni diasporunun səsini qazanmaq üçün yarışa girib. Son günlər Nümayəndələr Palatasında və Dövlət Departamentində Azərbaycana qarşı səslənən bəyanatların arxasında məhz seçki “oyun”u dayanır.

Halbuki, Dövlət katibi Blinkenin bütün açıqlamaları Qarabağda hər hansı humanitar böhranın və blokadanın olmadığını təsdiq edir. Entoni Blinken son vaxtlar verdiyi bütün bəyanatlarda Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolunu açmağa çağırıb. Dövlət Departamentinin rəhbəri Ağdam-Xankəndi yolundan istifadənin vacibliyinə dəstəyini açıq ifadə edib.

Vaşinqton görüşünün nəticələrinə əsasən sentyabrın 1-də bölgədə yollar açılmalı, Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Lakin bu razılaşmanı pozan Azərbaycan tərəfi deyil, Ermənistan və Qarabağdakı separatçılardır. Ona görə də ABŞ hakimiyyəti Azərbaycanı Laçın yolunu bağlamaqla guya Qarabağda “soyqırım” törətməkdə ittiham etmək əvəzinə, yolu açmaq üçün Ermənistana və cinayətkar rejimə təzyiq göstərməlidir.

Cebhe.info