11 sentyabr 2023
130
Tədris-Terapevtik Klinikası ilə bağlı YENİ İDDİALAR...
"Problem Azərbaycan Tibb Universitetinin tabeçiliyində olan Tədris-Terapevtik Klinikası ilə yekunlaşmır.
ATU-nun nəzdində olan bütün klinikalarda yanlış yanaşma tərzindən irəli gələn vəziyyət mövcuddur. Bu isə ümumi narazılıqlarla müşayiət olunur. Hazırda mətbuat Fərid Pirverdiyevin rəhbəri olduğu Tədris-Terapevtik Klinikasından bir neçə tənqidi məqalə yazsa da, bu o demək deyil ki, digər klinikalarda hər şey qənaətbəxşdir. ATU-nun klinikalarında tənəzzül rektor Gəray Gəraybəylinin həyata keçirdiyi kadr məsələlərindən sonra bir az da sürətləndi".
Bu fikirləri Faktinfo.az saytına Tibb Universitetindən mənbə bildirib.
Məlumatda o da qeyd edilir ki, Gəray Gəraybəyli rektor təyin edildikdən sonra baş mühasibə qədər təcürbəli kadrlar vəzifələrindən uzaqlaşdırıldı. Onları isə qohum, tanış, dost bildikləri şəxslərlə əvəzlədilər. Tədris-Terapevtik Klinikası başda olmaqla, digər klinikaların təchizatı, alınan yeməyi, ərzağı hansı MMC-lər tərəfindən veriləcəyi kimi məsələlər mühasibatlıqda müəyyənləşdi. Həkim yetişdirilməsi arxa plana keçdi.
Bir müddət sonra isə Hesablama Palatasının Azərbaycan Tibb Universitetində (ATU) 2018-2019-cu illərdə daxil olmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair apardığı maliyyə auditinin nəticələri açıqlanarkən təəssürat yaratmağa çalışdılar ki, maliyyə pozuntusu bilərəkdən edilməyib və bundan baş mühasibin xəbəri olmayıb. Sual edən olmadı ki, bəs baş mühasib kimdir, kimin qohumudur?
Amma Hesablama Palatasının açıqlamalarından məlum oldu ki, 2017/2018-ci tədris ilinin yaz semestrində 6 halda 3217,5 manat, 2018/2019-cu tədris ilinin payız və yaz semestrləri üzrə 6 halda 7849 manat, ümumilikdə 11066,5 manat tələbələrə təqaüd xərclərinə görə artıq ödəniş edilib, habelə təqaüdə görə tələbələrə artıq ödənilmiş 1581,3 manat vəsait tələbələr tərəfindən ATU-nun hesabına ödənildikdən sonra dövlət büdcəsinə qaytarılmayıb.
Həmçinin, ATU-nun Elmi Şurasının 27.11.2018-ci il tarixli iclasının 3 saylı protokoluna əsasən, ATU-nun tabeliyində olan tam təsərrüfat hesablı fəaliyyət göstərən “Tədris Terapevtik Klinikası”na 400.000 manat, “Tədris Cərrahiyyə Klinikası”na 900.000 manat, cəmi 1.300.000 manat vəsait köçürülüb. Maliyyə yoxlaması zamanı məlum olub ki, debitor borc məbləğinin klinikalar tərəfindən geri qaytarılması təmin edilməyib. Burada da sual yaranır ki, bu vəsaitlər klinikalara nə səbəbə ödənilmişdi?
Hesabatda belə nümunələr çox idi. Təəssüf ki, mühasibatlıq tərəfindən klinikaların özünü saxlama imkanları və maliyyə vəsaitlərinə sahiblənmələrinə imkan yaradılmadı. Hazırda ATU-nun bütün klinikalarında maliyyə durumu yaxşı deyil. Orada mühasibatlıqda islahatlar aparmadan, mənfi yanaşmanı aradan qaldırmadan müsbətə doğru heç nəyi dəyişmək mümkün olmayacaq. Ümumiyyətlə, Gəray Gəraybəylinin rektor təyin olunduğu dövrdən sonra ətrafına yığdığı qohum, tanış olan kadrlara yenidən bir nəzər yetirmək gərəkdir.
Oxşar Xəbərlər:
Sumqayıt Tibb Mərkəzi işi BÖYÜYƏ BİLƏR
Səhiyyə sisteminin VÜQAR XƏSTƏLİYİ... - BU NƏDİ BELƏ?
“Maliyyə resursları olmadan QHT-lər bu əlaqələri, əməkdaşlığı qoruyub saxlaya bilmirlər” - Çingiz Qənizadə
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT