06 sentyabr 2023
163

Elman Nəsirov: “Azərbaycanda Makrona heç bir etimad yoxdur”

                                                             

“Fransa xarici siyasətində, xüsusilə Afrikada ciddi böhran yaşamaqdadır. Nigerdə ardınca da Qabonda dövlət çevrilişi baş verdi. Bu gün faktiki olaraq Afrika qitəsində Fransaya olan etimadsızlıq pik həddədir. Emmanuel Makronun Afrika siyasəti fiaskoya uğrayıb. Onun Cənubi Qafqaz siyasətinə də eyni ad vermək olar. Birmənalı şəkildə Ermənistanın yanında olan, anti-Azərbaycan siyasəti yürüdən Fransa və onun prezidenti bundan sonra yenidən Cənubi Qafqazda öz siyasətini həyata keçirmək və burada müəyyən uğurlara imza atmaq istiqamətində cəhdlər göstərsə də bunun reallaşma əmsalı sıfıra bərabərdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.  

O qeyd edib ki, Makron həm II Qarabağ müharibəsi zamanı, həm də sonrakı dövrdə açıq-aydın anti-Azərbaycan mövqe ortaya qoyub: 

“İndi də Cənubi Qafqaza səfər etməyə hazırlaşır. Sentyabr ayının 9-u və 10-da İrəvan və Bakıda olacağı ilə bağlı mediada xəbərlər yayılıb. İrəvana səfərinin motivlərini başa düşmək olar, köhnə ampulasındadır.  Bakıya niyə gəlir?

Məlumdur ki, Azərbaycan dövləti və ictimaiyyətinin ona heç bir etimadı yoxdur. Bu gəlişə yalnız bir halda haqq qazandırmaq olar. O halda ki, Makron öz səhvlərini etiraf etsin, qərəzli siyasətindən əl çəksin, özünü obyektiv moderator kimi təqdim etsin və bunu tək sözdə deyil, əməli addımlarla təsdiqləsin. İrəvanda bir söz, Bakıda başqa söz söyləməsin. Bu halda səfərinin mənası ola bilər”. 

Deputat hesab edir ki, Makronun nüfuzunu və imicini bərpa etmək üçün müəyyən gedişlər etməyinin vaxtı çatıb:

“Əks təqdirdə onun səfəri nəinki regionda sülhə və təhlükəsizliyə xidmət etmiş olar, əksinə, onsuz da mürəkkəb olan vəziyyəti orbitindən çıxarmış olar, hadisələr qara ssenari ilə davam edər. Bu halda bütün məsuliyyət Ermənistanın hərbi – siyasi rəhbərliyinin və Makronun üzərinə düşəcək”