29 avqust 2023
204
Dövlət başçısının Şərqi Zəngəzura səfəri böyük siyasi əhəmiyyət kəsb edir
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olub və burada kənd sakinləri ilə görüşüblər. Laçında böyük coşqu ilə qeyd olunan şəhər günü bayram tədbirində iştirak etmələri xüsusilə əlamətdardır. Bayram tədbirində dövlətimizin başçısı çıxış edərək "Laçın Şəhəri Günü" münasibətilə xalqımızı, laçınlıları təbrik edib, eləcə də regiondakı vəziyyətlə bağlı ciddi mesajlar verib.
Millət vəkili Elman NƏsirov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Laçın rayonuna səfəri çox böyük siyasi məna kəsb edən bir hadisədir: "Bu səfər digərlərindən onunla fərqlənir ki, ilk dəfə cənab Prezident çox unikal bir təşəbbüsün əsasını qoydu. İşğaldan azad olunmuş şəhərlərimizin günləri qeyd edilməyə başlandı. Bu nöqteyi-nəzərdən avqust ayının 26-da Laçın şəhərinin azad olunduğu gün kimi tarixə düşüb. Ümumiyyətlə, İlham Əliyevin Laçın rayonuna səfəri bütün digər səfərləri kimi, çox mühüm əhəmiyyətli infrastruktur layihələrinin gerçəkləşdirilməsi ilə də xarakterizə oluna bilər. Belə ki, ölkə rəhbəri Laçın rayonunda, Mişli və Alxaslı kiçik Su Elektrik stansiyalarının açılış mərasimində iştirak etdi. Bununla yanaşı, dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Laçın Beynəlxalq Hava Limanının tikinti işlərinin gedişi ilə də tanış olublar. Eyni zamanda səfər çərçivəsində Laçında mehmanxana kompleksinin təməlqoyma mərasimi keçirilib, Laçının sənaye zonasında mebel fabrikinin açılışı baş tutub. Cənab Prezidentin bu səfəri çərçivəsində mühüm hadisələrdən biri kimi o da xarakterizə oluna bilər ki, Film Yaradıcılıq Studiyasının çəkiliş pavilyonu açılıb. Bununla yanaşı, dövlət başçısı Həkəri balıq təsərrüfatının açılışında iştirak edib. Təbii ki, bu səfərin zirvə nöqtəsi kimi cənab Prezident və birinci xanım Mehriban Əliyevanın bayram şənliklərində iştirakını qeyd etmək olar. Bu şənlikdə cənab Prezident proqram xarakterli çıxış etdi və bu çıxışında o, bir sıra fundamental məsələlərə toxundu. Bildirdi ki, biz əslində dekabr ayının birində Laçın rayonunu düşməndən azad etmişdik. Lakin o, keçmiş Laçın dəhlizi, Laçın şəhəri, Zabux və Sus kəndləri ərazisindən keçdiyindən müvəqqəti olaraq bu ərazilər nəzarətimizdən kənarda qalmışdı. Lakin avqust ayının 26-da Azərbaycan artıq bu ərazilər üzərində də nəzarəti əlinə aldı. Beləliklə, avqust ayının 26-sı tariximizə Laçın şəhərinin Zabux və Sus kəndlərinin azad olunduğu gün kimi düşdü. Dövlət başçısı qeyd etdi ki, artıq oktyabr ayının 17-si də Füzuli şəhərinin azad olunması günü kimi qeyd olunacaq və beləliklə, bu ənənə bundan sonra həmişə qorunub saxlanılacaq".
Deputat bildirib ki, ümumiyyətlə Laçın rayonunun azad olunması strateji əhəmiyyətli hadisə idi: "Cənab Prezident qeyd etdi ki, biz şəhidlərimizin qanı hesabına torpaqlarımızı azad etdik. Şəhidlərimizin, qazilərimizin şücaəti hesabına biz qürurumuzu qoruyub saxladıq. Düşmən Laçını işğal edərkən də orada hərbi cinayət əməllərinə imza atıb. Belə ki, onlar ayrı-ayrı ölkələrdən erməniləri bu ərazilərimizə köçürüb qeyri-qanuni məskunlaşma siyasətini həyata keçirib ki, bu da beynəlxalq hüquqa ziddir. Eyni zamanda bütün dünya bu otuz ildə başqa bir həqiqəti də gördü ki, əgər doğrudan da Laçın Ermənistanındırsa, bəs onda niyə onu tikmirdilər, qurmurdular, əksinə, dağıdırdılar, məhv edirdilər. Çünki Laçın onların deyil. Biz düz 31 il sonra Laçına qayıtdıq və bu, böyük xoşbəxtlikdir. Laçın şəhərinə daxil olarkən buranın nə qədər böyük dağıntılara məruz qaldığının şahidi olduq. Amma Azərbaycan qısa zaman ərzində - 8 ay müddətində Laçının bütün simasını dəyişdi, Laçında çox böyük quruculuq işləri aparıldı. Daha sonra isə mərhələli şəkildə laçınlılar öz yurdlarına qovuşdu. Daha doqquz ailənin də Laçına köçürülməsi planlaşdırılır. Bu gün 31 ildən sonra laçınlılar öz torpaqlarına qayıdırlar. Bu xoşbəxtliyi onların çöhrəsində, gözlərində görməmək mümkün deyil. Onlar Prezidentə, Ali Baş Komandana öz təşəkkürlərini bildirirlər. Çünki məhz Prezidentin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu tarixi zəfərə imza atdı"