Xəbər Lenti

______________________________
______________________________
10:13 26/4/2019
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Hökumətdən gömrüklə bağlı daha bir qərar - Maşın və mal keçirmək qaydaları dəyişdi
Deputatdan İçərişəhərin qala divarlarını söküb, kafe tikilməsinə sərt etiraz:
Azərbaycanda Əhməd bəy Ağaoğlunun həyatına film çəkilə bilər - SABİR RÜSTƏMXANLI YAZIB
Azərbaycan dilinin Orfoqrafiya Normaları: hansı sözlər necə yazılacaq?
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mədət Quliyev məqalə yazdı: "...birgə səylər bu istiqamətdə mühüm rol oynayır”

Mədət Quliyev məqalə yazdı:

Respublika" qəzetində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin "Müstəqil Azərbaycana xidmət və dövlətin təhlükəsizliyini qorumaq əsas vəzifədir" adlı məqaləsi dərc olunub.






Yenimeydan.info "Report"a istinadən həmin məqaləni təqdim edir:






Təhlükəsizlik anlayışı özündə şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarının daxili və xarici təhdidlərdən mühafizə olunmasını ehtiva edir. Şəxsiyyətin hüquq və azadlıqları, cəmiyyətin maddi və mənəvi dəyərləri, dövlətin konstitusiya quruluşu, müstəqilliyi və ərazi bütövlüyü təhlükəsizliyin əsas obyektləridir. Müasir Azərbaycanın bu gün 100 illiyi qeyd olunan təhlükəsizlik orqanlarının da ali məqsədi şəxsiyyətin, cəmiyyətin və dövlətin maraq və mənafelərini etibarlı şəkildə qorumaqdır. Bu əlamətdar yubiley müsəlman Şərqinin ilk parlamentli respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.






Ötən əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda xalqımızın parlaq mədəni yüksəlişinin məntiqi yekunu kimi meydana çıxan cümhuriyyət milli dövlətçiliyimizdə yeni bir mərhələnin başlanğıcı oldu. Mükəmməl dövlət idarəçiliyi sistemini formalaşdırmaq üçün həyata keçirilən tədbirlər sırasında respublikanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutacaq strukturun yaradılması zəruri idi. Kəşfiyyat və əks-kəşfiyyat bölməsi adlandırılan və xüsusi xidmət orqanı funksiyasını həyata keçirən belə bir struktur 28 mart 1919-cu ildə Hərbi Nazirliyin Baş Qərargahının tərkibində təşkil olunub.






Müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının peşə bayramının məhz həmin gün qeyd olunması da tarixi varisliyin təcəssümüdür. Ulu öndər Heydər Əliyevin 23 mart 1997-ci ildə bu barədə imzaladığı Prezident Sərəncamı, eyni zamanda, təhlükəsizlik orqanları əməkdaşlarının rəşadətli və şərəfli xidmətinə verilən dəyərin bariz ifadəsidir.






Xalq Cümhuriyyəti hökuməti dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində zəruri tədbirləri davam etdirərək, 1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsi yanında klassik təcrübə əsasında xüsusi xidmət orqanı kimi fəaliyyət göstərən Əksinqilabla Mübarizə Təşkilatını yaradıb. İlk rəhbərləri Məmmədbağır bəy və Nağı bəy Şeyxzamanlılar olan bu təşkilat Cümhuriyyətin xarici və daxili düşmənlərinə qarşı barışmaz mübarizə aparıb.






Azərbaycan Xalq Cümhuriyyətinin ömrü az olsa da, mövcudluğunun iyirmi üç ayı ərzində onun təsis etdiyi dövlət qurumlarının təkcə adları deyil, həm də fəaliyyət təcrübəsi və ənənələri tariximizin şanlı və unudulmaz səhifələridir. Bolşevik işğalı nəticəsində süqut edən Cümhuriyyətin qurucuları kimi, bu dövlətə xidmət edənlərin, o cümlədən təhlükəsizlik orqanları əməkdaşlarının da əksəriyyəti təqiblərə və repressiyaya məruz qalıb.






Sovet hakimiyyəti dövründə təhlükəsizliyini qoruduğu ictimai-siyasi quruluşun məqsəd və prinsiplərinə uyğun fəaliyyət göstərən xüsusi xidmət orqanlarının ibrətamiz və keşməkeşli tarixi olub. Əvvəlcə Fövqəladə Komissiya, sonralar isə Dövlət Siyasi İdarəsi, bir müddət Xalq Daxili İşlər Komissarlığı və nəhayət, Dövlət Təhlükəsizlik Komitəsi adlandırılan bu orqanın bütün imkanları kommunist-bolşevik ideologiyasına əsaslanan hakimiyyətin möhkəmlənməsinə, onun əleyhdarlarına qarşı amansız və qəddar mübarizəyə yönəldilib. Xüsusən, keçən əsrin 20-30-cu illərində xalqımızın minlərlə görkəmli elm, sənət, mədəniyyət xadimi, milli düşüncə və əxlaqın daşıyıcıları olan mütəfəkkirləri, vətənpərvər oğul-qızları mənəvi və fiziki cəhətdən məhv edilib. Lakin bu tarixi həqiqəti unutmamaqla yanaşı, onu da xatırlamalıyıq ki, xüsusi xidmət orqanlarında işləyərkən heç bir halda milli mənafelərə zidd mövqe tutmayan, hətta xidməti karyerasını belə təhlükə altında qoyaraq doğma xalqının, vətəninin maraqlarına sədaqət nümunəsi göstərən azərbaycanlılar olub. Məhz onların təcrübəsi və şərəfli mübarizə yolu bu gün dövlət təhlükəsizliyi orqanlarının şəxsi heyəti üçün tarixi örnək, peşəkarlıq məktəbidir. Özünün fitri istedadı, parlaq zəkası, güclü iradəsi və yüksək peşəkarlığı sayəsində təhlükəsizlik orqanında general rütbəsinə və dövlət komitəsinin sədri vəzifəsinə yüksələn, sonra isə respublika rəhbəri seçilən və Azərbaycan dövlətçiliyinin taleyinin müəyyənləşməsində əvəzsiz rolu olan ümummilli lider Heydər Əliyevin həmin vətənpərvərlər arasında müstəsna yeri olub. Şərəfli ömrünün 25 ilini təhlükəsizlik orqanlarında Azərbaycanın gələcək müstəqilliyi üçün addım-addım ağlagəlməz zəmin yaratmaqla mühüm bir fəaliyyətə həsr edən Ulu Öndər gənc yaşlarından kəşfiyyat və əks-kəşfiyyat işinin mükəmməl bilicisi, fenomenal qabiliyyətə malik xüsusi xidmət zabiti kimi öz həmkarları arasında şöhrət və nüfuz qazanmağa nail olub.






Dövlət təhlükəsizliyi orqanında xidmətə başlayan Heydər Əliyevin yüksək intellekti, orijinal əməliyyat təfəkkürü, məsuliyyətliliyi və qətiyyəti ona vəzifələrinin icrasında fərqlənmək, rəhbərliyin diqqətini cəlb etmək imkanı verib. Heydər Əliyev dövlət təhlükəsizliyi orqanında bölmə rəisi, əks-kəşfiyyat şöbəsinin rəisi, Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini və nəhayət, sədri vəzifələrində işləyərək, həm əsl peşəkarlıq nümunəsi göstərib, həm də xidməti səlahiyyətləri ilə bağlı bütün məsələlərin həllində xalqının, Vətəninin mənafeyini əsas götürüb. Ulu öndərin bu sahədəki fəaliyyəti, sözün əsl mənasında, əfsanəvi xarakter daşıyıb, təhlükəsizlik orqanlarının tarixinə qızıl hərflərlə yazılıb.














Bu orqanda rəhbər vəzifələrdə işləyərkən dahi şəxsiyyət Heydər Əliyev mərkəzi hakimiyyətin təzyiqlərinə baxmayaraq, struktur bölmələrin antimilli ünsürlərdən təmizlənməsi, daha çox sayda azərbaycanlının işə götürülməsi və irəli çəkilməsi, gələcək müstəqil Azərbaycan üçün kadrların yetişdirilməsi üçün böyük prinsipiallıq və hünər göstərib. Vaxtilə xalqımızın mənəvi dəyərləri ilə yanaşı, tarixi şəxsiyyətlərini də məhv edən qüvvələr bu cəsarətli addımlara qarşı çıxsalar da, Ulu Öndər özünün dəmir məntiqi və sarsılmaz iradəsi ilə belə cəhdlərin qarşısını almağa nail olub. Eyni zamanda, azərbaycançılıq ideyalarını təbliğ və tərənnüm edən görkəmli ziyalılarımızı və ictimai xadimlərimizi təqibdən, həbsdən və məhv olmaqdan xilas edib.






Görkəmli dövlət xadimi Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etməyə başladıqdan sonra təhlükəsizlik orqanlarında əsasını qoyduğu milli hədəflərə xidmət strateji xətti təkcə qəlbən öz xalqına bağlı olan vətənpərvər kadrların irəli çəkilməsi ilə məhdudlaşmayıb. Torpaqlarımızın Ermənistan tərəfindən işğalının, Dağlıq Qarabağda ermənilərin respublikamızın maraq və mənafeləri əleyhinə separatçılıq fəaliyyətinin qarşısının alınması, Azərbaycan dilinin dövlət səviyyəsində istifadəsinin daha da genişləndirilməsi, ziyalıların və gənclərin hərtərəfli himayə edilməsi, mədəni-mənəvi dəyərlərin qorunması, ümumən, bütün sahələrdə milli inkişafın fundamental təminatı məhz həmin dövrdə müəyyənləşdirilən strategiyanın əsas istiqamətləri olub. Məhz buna görədir ki, Heydər Əliyev bənzərsiz dahi kimi xalqımızın Ümummilli Lideri adını qazanmışdır. 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin milli intibah missiyasının birinci mərhələsində respublikada güclü iqtisadi infrastruktur və kadr potensialı yaradılmış, xalqın milli oyanışının əsası qoyulmuşdu.






1993-cü ilin iyun ayında xalqın təkidli tələbi nəticəsində siyasi hakimiyyətə ikinci dəfə qayıdışı ilə Ulu Öndərin müstəqillik missiyasının qurtuluş mərhələsi başladı. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti, dəmir iradəsi sayəsində ölkəmiz düşdüyü ağır siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən, tüğyan edən cinayətkarlıq və özbaşınalıqdan xilas edildi. "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daim əbədi olması bundan da çətindir” - deyən Heydər Əliyevin rəhbərliyi ilə hüquqi, demokratik dövlət quruculuğu, ölkənin sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizlik problemlərinin həlli, mədəni tərəqqi istiqamətində nəhəng işlər görülməsinə başlandı.






Qeyd olunmalıdır ki, müstəqilliyin bərpası ərəfəsində və sonrakı illərdə respublikanın dövlət təhlükəsizliyi sistemində təzadlı bir dövr yaşanmış, bir yandan erməni şovinistlərinin silahlı separatçılığı və Ermənistan Respublikasının hərbi təcavüzü, digər tərəfdən mövcud ictimai-siyasi quruluşun dəyişməsi və milli dövlətçiliyin yeni mərhələsinin başlanması xüsusi xidmət orqanının qarşısında həlli vacib, təxirəsalınmaz vəzifələr qoyurdu. Dövlət müstəqilliyinə qarşı yönəlmiş təzyiqlər, daxili və xarici təhdidlər şəraitində milli təhlükəsizlik sisteminin yenidən qurulması zəruri idi. Lakin getdikcə dərinləşən ictimai-siyasi böhran, xüsusən, respublikanın o vaxtkı rəhbərlərinin səriştəsizliyi və naşılığı bu sahədə ciddi tədbirlərin görülməsini çətinləşdirirdi.






Məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda müstəqil dövlət quruculuğuna başlaması ilə bütün dövlət idarəetmə sistemində, o cümlədən hüquq mühafizə və xüsusi xidmət orqanlarının da fəaliyyətinin yeni tələblər səviyyəsində qurulmasına imkan və şərait yarandı. Öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün təhlükəsizlik orqanının peşəkar kadr potensialını formalaşdırmaq, strukturunu təkmilləşdirmək, xalqın və dövlətin maraqlarına cavab verən tələblər səviyyəsində fəaliyyət istiqamətlərini müəyyənləşdirmək yönündə zəruri tədbirlər həyata keçirildi. Bu orqanın əməkdaşları digər aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə birlikdə ulu öndər Heydər Əliyevin tapşırıq və tövsiyələrini yerinə yetirməyə səfərbər olundular. Ölkə daxilində pozucu, separatçı qüvvələrlə mübarizə gücləndi və onların hüquqazidd əməllərinin qarşısı qətiyyətlə alındı, ictimai-siyasi sabitlik və qanunçuluq bərqərar edildi, qonşu dövlətlərlə münasibətlər tənzimləndi. Milli təhlükəsizliyin təminatı prosesi sistemli xarakter aldı. Bunun sayəsində Azərbaycan iqtisadi dirçəliş və inkişaf dövrünə qədəm qoydu.






Ulu Öndərin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə digər hüquq mühafizə struktruları ilə yanaşı, təhlükəsizlik orqanlarının əməkdaşları da təcavüzkar Ermənistanın və başqa düşmən qüvvələrin ölkəmizə qarşı terror-təxribat və casusluq fəaliyyətinin qarşısının alınması, konstitusiya quruluşu əleyhinə yönəlmiş cinayətlərin ifşası və cinayətkar qruplaşmaların ləğvi, ümumiyyətlə, daxili risklərin aradan qaldırılması üçün fədakarlıqla çalışıblar.






Heydər Əliyev erası çağdaş tariximizin sabitlik və inkişaf dövrüdür. 2003-cü il oktyabrın 15-də xalqın etimadını qazanmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan xalqı və dövləti yeni mərhələyə - dinamik inkişaf, müasirləşmə və yeniləşmə mərhələsinə daxil oldu.






Ulu Öndərin siyasi məktəbinin layiqli yetirməsi möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də xalqın və dövlətin təhlükəsizliyinin etibarlı və möhkəm təminatı üçün məqsədyönlü tədbirlər həyata keçirir. "Milli təhlükəsizlik haqqında”, "Kəşfiyyat və əks-kəşfiyyat haqqında”, "Dövlət sirri haqqında” qanunlardan, "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”ndan, digər qanunvericilik aktlarından və zəruri normativ-hüquqi sənədlərdən ibarət mükəmməl qanunvericilik bazası olan dövlət təhlkəsizliyi sistemində müasir tələblər səviyyəsində aparılan islahatların növbəti mərhələsi möhtərəm Prezident cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə başlanıb. Belə ki, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması qlobal təhlükəsizlik arxitekturasının, beynəlxalq nizamın ciddi təzyiq və təsirlərə məruz qaldığı, regional əmin-amanlığa təhdidlərin artdığı bir dövrdə ölkəmizin dövlət müstəqilliyinin, mövcud ictimai-siyasi sabitliyin qorunması və möhkəmləndirilməsi ilə bağlı xüsusi xidmət orqanlarının fəaliyyətini daha da gücləndirib.






Dünya dövlətləri arasında nüfuzu artan, regionun lider dövlətinə çevrilən Azərbaycan üçün bu fərman dövrün və zamanın tələbi idi. Xalqımızın ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanmasında və daha da möhkəmlənməsində üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizliyi Xidmətində qarşıya qoyulmuş vəzifələri həyata keçirən şəxsi heyətin saflığı, Vətənə, xalqa və dövlətə sədaqəti, eyni zamanda peşə, fiziki və döyüş hazırlığı xüsusi əhəmiyyət daşıyır. İndi yüksək peşəkarlıq və intellektual səviyyə, ciddi xidmət və icra intizamı bu orqanda xidmətin başlıca meyarlarıdır.






MDB üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 2016-cı il Bakıda keçirilən iclasında iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə görüşündə möhtərəm Prezident təhlükəsizlik orqanlarının gərgin və gərəkli fəaliyyətini belə xarakterizə edib: "Əgər hər yerdə sakitlikdirsə, təhlükə yoxdursa, deməli, təhlükəsizlik orqanları yaxşı işləyir. Sizin peşə uğurlarınız çox vaxt ictimai diqqətdən kənarda qalır. Çünki sizin fəaliyyətiniz spesifikdir. Son illərdə ölkələrimizin təhlükəsizlik orqanlarının qazandığı uğurlar bəzən məlum olmur. Lakin vətəndaşlar bir şeyi bilirlər ki, təhlükəsizlik orqanları öz işini hər gün yerinə yetirir, istirahət günləri olmadan qanunun və təhlükəsizliyin keşiyində dayanırlar”.






Müasir tələblərə cavab verən peşəkarlığa yiyələnmiş spesifik ixtisaslı ali təhsill almış gənc zabitlərin yetişdirilməsində Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının mühüm əhəmiyyəti vardır. Ötən il 20 illik yubileyi qeyd olunan Akademiyaya hər il onlarla gənc qəbul edilərək, Vətənə və dövlətə sədaqət andı içir. Gələcək zabitlər yaxşı bilirlər ki, Ulu Öndərin adını daşıyan bu təhsil ocağında təhsil almaq nə qədər şərəflidirsə, onun əmanəti olan müstəqil dövlətimizin təhlükəsizliyini qorumaq bir o qədər məsuliyyətlidir.






Ulu Öndər Heydər Əliyev deyirdi: "...Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Çünki təhlükəsizlik təşkilatının əməkdaşları cəmiyyətdə yüksək etimada, eyni zamanda yüksək səlahiyyətə malikdirlər. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin”. Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş peşə və mənəviyyat meyarları - yüksək biliyə malik olmaq, dövlətimizin daxili və xarici siyasətini, beynəlxalq vəziyyəti, qanunlarımızı yaxşı bilmək, xalqımıza və dövlətimizə sədaqətli olmaq, böyük şəxsi cəsarət, iradə, dönməzlik Dövlət Təhlükəsizliyi Xidmətinin hər əməkdaşı üçün həyat və fəaliyyət prinsipidir.






Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev respublikanın müdafiə qabiliyyətinin durmadan möhkəmləndirilməsi, Silahlı Qüvvələrin, o cümlədən dövlət təhlükəsizliyini təmin edən xüsusi qüvvələrin hərbi-texniki potensialının gücləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Azərbaycan Ordusunun hazırda dünyanın ən güclü 50 ordusu sırasında olması hərbi quruculuq sahəsində aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Ölkə gənclərinin hərbi-vətənpərvərlik ruhu isə ən yüksək səviyyədədir.






Bir məqama da xüsusi toxunmaq istərdim. Dövlətimizin başçısı cənab İlham Əliyevin ötən ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsində gənc əsgərlərin andiçmə tədbirində iştirak etməsi şəxsi heyət üçün ən mötəbər və əlamətdar bir gün kimi Dövlət Təhlükəsizliyi Xidmətinin tarixinə əbədi həkk oldu. Cənab Ali Baş Komandanın hərbi hissəyə gəlişi Dövlət Təhlükəsizliyi Xidmətində fədakarlıq ruhunu daha da artıraraq, şəxsi heyətin əməliyyat, döyüş, mənəvi-psixoloji hazırlığında yeni uğurlar qazanmaq əzmini gücləndirir.






Çox maraqlı və əlamətdar haldır ki, Ulu Öndərin nəvəsi, ADA Universitetinin məzunu Heydər Əliyev də bu gün özünün 100 illiyini qeyd edən Azərbaycan xüsusi xidmət orqanının - Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissələrindən birində həqiqi xidmət keçir. Hərbi xidmətdə yüksək nəticələr əldə edən əsgərlərdən biri kimi onun da valideynlərinə təşəkkür məktubu ünvanlanıb və əsgər anası kimi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hərbi hissədə keçirilən tədbirdə iştirak edən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təqdim olunub.






Bu gün müstəqil dövlətçiliyimizin qarantı möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Respublikası öz gücünü, qüdrətini durmadan artırır, hərtərəfli dinamik inkişafı ilə seçilir, dünyada sabitlik və təhlükəsizlik məkanı kimi tanınır. Ölkədəki möhkəm ictimai-siyasi sabitliyin, davamlı inkişafın təməlində xalq-iqtidar birliyi, sarsılmaz vətəndaş-dövlət vəhdəti dayanır. Ötən il keçirilən prezident seçkiləri də bu birliyin parlaq təcəssümü oldu, xalqımız növbəti dəfə Heydər Əliyev siyasi xəttinə sadiqliyini nümayiş etdirdi, seçicilərinin mütləq əksəriyyətinin dəstəyi ilə dünya şöhrətli siyasi xadim cənab İlham Əliyev yeddi il müddətinə prezident seçildi.






Ötən il, eyni zamanda, müasir müstəqil Azərbaycan dövləti varisi olduğu Xalq Cümhuriyyətinin 100 illik yubileyini yüksək səviyyədə, təntənəli şəkildə qeyd etdi. Bundan başqa, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə təşkil edilən möhtəşəm hərbi parad dövlətimizin gücünü, qüdrətini bütün dünyaya göstərdi. Həmin ərəfədə Naxçıvanın Cünnüt kəndinin erməni işğalından azad edilməsi, 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, Ermənistana böyük sarsıdıcı zərbə oldu. Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi münasibətilə təşkil olunan daha bir hərbi paradda isə Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı iki qardaş dövlətin tarixi dostluğunun və birliyinin nümayişinə çevrildi. Həmin paradda Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsi də tribuna önündən qürurla keçdi.






Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə müvafiq dövlət strukturlarının və hüquq mühafizə orqanlarının birgə fəaliyyəti və önəmli ictimai dəstək nəticəsində respublikada dönməz sabitlik mövcuddur. Bu baxımdan, həmçinin Azərbaycanın dünyada nüfuzunun artması və beynəlxalq təhlükəsizlik sisteminin fəal iştirakçısı olması nəticəsində ölkəyə etibar edilir, geniş investisiya qoyulur, irimiqyaslı layihələr gerçəkləşdirilir. Möhtərəm Prezidentin uğurla həyata keçirdiyi enerji təhlükəsizliyi strategiyası həm regional, həm də beynəlxalq iqtisadi inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Ümumən, son 15 ildən artıq olan müddətin Azərbaycan üçün əsas xarakterik cəhəti sabitlik, təhlükəsilik, müasirləşmə, yeniləşmə, sürətli iqtisadi inkişaf, xalqın maddi rifahinin yüksəlməsidir. Ən əsas şərt sözsüz ki, xalqın mütləq əksəriyyətinin möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin yürütdüyü və alternativi olmayan dövlətçilik və tərəqqi siyasət xəttini sonsuz məhəbbətlə dəstəkləməsidir.






Qlobal maliyyə-iqtisadi böhranın təsirinin inkişaf etmiş ölkələrdə hələ də hiss olunduğu bir vaxtda Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri bütün dünyada maraq və rəğbətlə qarşılanır. Azərbaycanın formalaşmış güclü təhlükəsizlik strategiyası ölkəyə etibarlı tərəfdaş və öz maraqlarını qorumağa qadir dövlət imici qazandırır.






Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında müəyyənləşdirilməsi və rəsmən bəyan edilməsi Qarabağ münaqişəsində Ermənistanın istinad etdiyi "xalqların öz müqəddəratını təyinetmə prinsipi”ni istisna etməklə münaqişənin həllinə ədalətli yanaşmanın təzahürü kimi dəyərləndirilir. Bu hadisə möhtərəm Prezident cənab İlham Əliyevin Brüsselə növbəti səfəri zamanı baş verdi və müasir Azərbaycan diplomatiyası tarixinə "Brüssel zəfəri” kimi yazıldı. Az sonra, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmadığı halda Azərbaycanın öz dostları, müttəfiqləri vasitəsilə bu təşkilatda Ermənistanı küncə sıxışdırması növbəti diplomatik uğur oldu. Nəticədə KTMT-nin işğalçı ölkənin əlində Azərbaycana qarşı təhdid və təzyiq mexanizminə çevrilməsinin qarşısı alındı, onun məkrli planları puça çıxarıldı. Dövlətimizin başçısının rəhbərliyi ilə aparılan çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasət, Ermənistanın bütün regional və beynəlxalq layihələrdən təcrid olunması onu siyasi, iqtisadi və sosial böhrana düçar edib. Münaqişənin həlli üçün yaranmış yeni situasiya bu sahədə irəliləyişin ola biləcəyinə ümid doğurur və Azərbaycan dövləti, ölkə rəhbəri müvafiq istiqamətdə ardıcıl səylərini davam etdirir. Möhtərəm Prezident cənab İlham Əliyev münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etməklə yanaşı, bu məsələdə hərbi amilin xüsusi rol oynadığını və bundan sonra da ölkəmizin hərbi qüdrətinin artırılacağını daim diqqətə çatdırır.














Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yürüdülən düşünülmüş və qətiyyətli hüquq mühafizə siyasətinin uğurla həyata keçirilməsi, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti digər aidiyyəti dövlət orqanları ilə birgə səmərəli fəaliyyət göstərir.






Sirr deyil ki, Azərbaycanın qazandığı uğurlarını və bu nailiyyətləri gözü götürməyən düşmən və rəqib xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin ölkəmizin maraqlarına qarşı fəallaşması ilə müşayiət olunur. Bu gün sürətli elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etməsi qlobal informasiya mühitinin yaranmasına, mövcud sərhəd və maneələrin şəffaflaşmasına, əmtəələrin sərbəst beynəlxalq dövriyyəsinə, insanların azad yerdəyişməsinə gətirib çıxarmışdır. Eyni zamanda, bu tendensiya müasir dünyanı beynəlxalq terrorçuluğun, transmilli mütəşəkkil cinayətkarlığın, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın doğurduğu yeni təhdidlərlə üzləşdirmiş və hər bir dövlət qarşısında təhlükəli təzahürlərin qarşısının alınması üçün zəruri olan milli təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi vəzifələrini qoymuşdur. Dövlət Təhlükəsizliyi Xidməti həmin cinayətkar niyyətlər, planlar və əməllər barədə məlumatları əldə edir, milli təhlükəsizliyə real və potensial təhdidləri proqnozlaşdırır, xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədilə tədbirlər görür.






Azərbaycan Respublikası təhlükəsizliyin qorunması sahəsində beynəlxalq norma və prinsiplərə uyğun olaraq dünya birliyinin səylərini daim müdafiə edir. Siyasi, dini və digər motivlərdən asılı olmayaraq, terrorun bütün forma və təzahürlərinə qarşı birmənalı barışmaz mövqe tutur. Ümumən, terror-təxribat və digər təhlükəli cinayətlərin qarşısının alınması üzrə respublikanın hüquq mühafizə orqanları ilə görülən birgə səylər də bu istiqamətdə mühüm rol oynayır.






Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əməkdaşlıq əlaqələri son illər daha fəal və səmərəli xarakter almışdır. Hazırda Dövlət Təhlükəsizliyi Xidməti dünyanın 70-dən artıq xüsusi xidmət orqanı ilə qarşılıqlı faydalı əməkdaşlıq edir. Beynəlxalq əlaqələr strateji və tərəfdaşlıq xarakteri daşıyır. MDB üzv dövlətlərinin SORB təşkilatı, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransı, İnterpol, Europol ilə, həmçinin digər beynəlxalq təşkilatlar çərçivəsində iki və çoxtərəfli formatda tərəfdaşlıq münasibətlərimiz inkişaf edir və güclənir. Əməkdaşlıq yalnız informasiya və təcrübə mübadiləsi ilə deyil, bir çox hallarda birgə fəaliyyət və əməli köməklik şəklində həyata keçirilir. Qürurvericidir ki, dünyanın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycanın da əməyi var.






Azərbaycanın beynəlxalq antiterror koalisiyasında fəal iştirakı ilə verdiyi töhfələr də xüsusi qeyd edilməlidir. Terrorçuluğa qarşı mübarizə istiqamətində beynəlxalq axtarışda olan terrorçuların saxlanılaraq xarici dövlətlərə ekstradisiya olunması, eləcə də Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində ölkəmizin hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsinin təsbit edilib qarşısının alınması, terrorçularla əlaqəli müxtəlif bank hesablarının dondurulması və s. bu istiqamətdə önəmli nəticələr əldə edilmişdir. Qeyd etmək yerinə düşər ki, 2018-ci ilin dekabr ayında Avropa Şurasının MONEYVAL Komitəsi pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının mübarizə sistemini müsbət dəyərləndirərək, ölkədə bu sahədə aparılmış islahatlara yüksək qiymət vermiş, institusional potensialın gücləndirilməsi, hüquqi bazanın, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətləri xüsusi olaraq vurğulamışdır.






...Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi və peşə bayramı ərəfəsində xalqımızın əziz bayramı olan Novruz milli adət-ənənlərimizə uyğun şəkildə dövlət səviyyəsində qeyd olundu. Möhtərəm Prezident cənab İlham Əliyev bayram təbrikində ölkəmizdə aparılan islahatların dərinləşəcəyini, hər bir sahəni əhatə edəcəyini vurğulayaraq, Azərbaycanın yeni dövrə qədəm qoyduğunu bildirib. Dövlətimizin başçısı deyib: "Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”.






Möhtərəm Prezidentin siyasi iradəsi ilə həyata keçirilən, mövcud idarəçilik sisteminin daha çevik, operativ və səmərəli xarakter almasına xidmət edən islahatların uğurunu təmin etmək üçün xalq-iqtidar birliyinin, ictimai-siyasi sabitliyin qorunması olduqca vacibdir və bu vəzifənin icrasında təhlükəsizlik xidməti əməkdaşlarının da xüsusi rolu var. Bu məsul vəzifələrin yerinə yetirilməsi Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyini və peşə bayramını qeyd edən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları üçün şərəf işidir. Ali Baş Komandan cənab İlham Əliyevin "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar imzaladığı 30 oktyabr 2018-ci il tarixli Qanun bu orqanlarda çalışaraq dövlətimizin və xalqımızın mənafeyinə sədaqətlə xidmət edən həmkarlarımızın rəşadətli əməyinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür.






Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti möhtərəm Prezidentin ali etimadını, dövlətin qayğısını, ictimaiyyətin dəstəyini və etibarını böyük məsuliyyət sayır. Dövlət tərəfindən normal xidmət üçün hər cür diqqət göstərilir. Əməkdaşların iş və mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki son illərin nəticələri əvvəlki dövrlə müqayisəolunmazdır.






Bütün bunları, eləcə də yubiley ərəfəsində möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamları ilə bir qrup əməkdaşın dövlət mükafatlarına və ali zabit rütbələrinə layiq görülməsi Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinə növbəti dəfə verilən yüksək qiymətin bariz nümunəsidir. Göstərilən diqqət və qayğıya, həmçinin yüksək səviyyədə Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinin və bu orqanların əməkdaşlarının peşə bayramının keçirilməsinə şərait yaratdığına görə Ali Baş Komandan cənab İlham Əliyevə şəxsi heyətin adından dərin minnətdarlığımızı çatdırırıq.






Fürsətdən istifadə edərək, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını və veteranlarını 100 illik yubiley və peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, doğma Azərbaycana xidmətdə müvəffəqiyyətlər diləyirəm.






Vətənə sədaqətlə xidmət edən, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq, vətənpərvərlik irsini və şanlı peşəkarlıq məktəbini qürur və fəxrlə davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti - Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin göstərdiyi ali etimadı və etibarı layiqincə doğrultmaq, Silahlı Qüvvələrin Ali Baş Komandanın müsəlləh əsgəri olaraq xalqın və müstəqil dövlətimizin keşiyində ayıq-sayıq durmaqla, onun hər bir vətəndaşının maraq və mənafelərinin, təhlükəsizliyinin təmin edilməsi üçün qarşıya qoyulmuş vəzifələri şərəf, ləyaqət, vicdan və qətiyyətlə yerinə yetirmək əzmindədir!





Teqlər:
Bu xəbər cəmi 140 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR